Media
Xəbərlər

Regionlarda uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Göygöl, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən asudə vaxtın səmərəli təşkili, yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə tədbirlər keçirilib. Tədbirlərdə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, Mərkəzlərin ekspert qruplarının üzvləri, təhsildə fərqlənən məktəblilər, fəal gənclər, yazarlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər asudə vaxtın səmərəli şəkildə təşkil edilməsinin əhəmiyyətindən danışıb, ölkədə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələrdən bəhs ediblər. Eyni zamanda asudə vaxtdan səmərəli istifadə edilməməsinin müxtəlif mənfi fəsadlara gətirib çıxara biləcəyi haqqında fikirlər səsləndirən natiqlər, gənclərin zərərli vərdişlərə qoşulmaması, sağlam həyat tərzinə cəlb edilməsi üçün onlarla birlikdə ekoloji layihələr, o cümlədən rayonlarda, kənd və qəsəbələrdə abadlıq, iməcilik işləri həyata keçirmək, idman yarışları təşkil etmək, mütaliəyə maraqlarını artıran layihələr keçirmək, muzeylərə, sərgilərə, tarixi yerlərə ekskursiyaların təşkil edilməsi kimi təkliflər səsləndirilib.

Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə erkən nikah və qohumlar arasında nikahların qarşısının alınması, eləcə də uşaqların, qadınların, erkən və məcburi nikahda olan qadınların cinsi zəmində alçaldılması hallarının aradan qaldırılması istiqamətində silsilə maarifləndirici tədbirlər həyata keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mərkəzlərin ekspert qrupları, yerli icra hakimiyyətləri, rayon polis şöbələri, təhsil sektorları, bələdiyyələr və Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələrinin, valideyn və psixoloqların iştirakı ilə keçirilən tədbirlərdə müvafiq sahədə mövcud qanunvericilik aktları, qohum evliliyi və erkən nikahın fəsadları barədə ətraflı məlumat verilib. Böyük maraq və müzakirələrlə keçən tədbirlərin sonunda iştirakçılar tərəfindən mövcud problemlərin həlli istiqamətində səmərəliliyin artırılması ilə bağlı təkliflər səsləndirilib, belə görüşlərin daha çox keçirilməsinin vacibliyi vurğulanıb.

Şagird və valideynlərlə “İnternet təhlükəsizliyi” mövzusunda görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Xəzər rayonunun 262 və Qaradağ rayonunun 228 nömrəli tam orta məktəblərində “İnternet təhlükəsizliyi” mövzusunda görüşlər keçirib. Görüşlərdə Komitənin əməkdaşı Rafiq Mahmudov və “Ailəm könüllüləri”nin üzvləri Fidan Hacıyeva, Ayla Quliyeva, İlahə Nəcəfova, Şəfəq Rzayeva və Səidə Qədirova çıxış edərək şagird və valideynlərə kiber təhlükədən müdafiə, hüquq-mühafizə orqanlarına müraciət qaydaları, virtual məkanda ehtiyat tədbirləri, şəxsi məlumatların qorunması və məxfiliklə bağlı ətraflı məlumat veriblər. Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb

“İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi davam edir
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi elan edilib. VI-IX sinif şagirdləri üçün nəzərdə tutulan müsabiqədə hər məktəb 5 əsas və 3 ehtiyat olmaqla 8 nəfərdən ibarət bir komanda ilə təmsil oluna və yalnız bir layihə təqdim edə bilər. Hazırlıq mərhələsində komandalar təlim və vebinarlar vasitəsilə müsabiqənin qaydaları, layihə mövzuları və istiqamətləri, layihənin strukturu və digər şərtləri barədə ətraflı məlumatlandırılacaqlar. (Müsabiqənin keçirilmə qaydaları haqqında link vasitəsitəsilə ətraflı məlumat ala bilərsiniz.) Müsabiqədə iştirak etmək istəyən məktəblər link-dən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyat cari ilin 10 iyun tarixinədək davam edəcək. Təşkilat Komitəsi tərəfindən təqdim olunan layihələr iqlim dəyişikliyinin ətraf mühitə və uşaqların sağlamlığına mənfi təsirlərinin azaldılmasına zəmin yaradılması, nəzərdə tutulan fəaliyyətlərin real və icrasının mümkünlüyü, problemin həllində yaradıcı və innovativ yanaşmalara üstünlük verilməsi, layihə yekunlaşdıqdan sonra fəaliyyətlərin davamlılığının təmini, maliyyə səmərəliliyi və digər meyarlar əsasında qiymətləndiriləcək və ən uğurlu 5 layihə qalib elan olunacaq. Qalib komandalara layihənin icrası üçün büdcə məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, layihənin məqsədi ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə alınaraq, bütün dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə məktəbliləri maarifləndirmək, onları bu problemin həllində iştiraka və sağlam gələcək naminə ideyalarını bölüşərək həllər irəli sürməyə təşviq etməkdir. Layihə üzrə, həmçinin iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirlərinə dair ümumrespublika Uşaq Forumunun keçirilməsi, məktəblilər arasından seçilmiş “iqlim səfirləri”nin və mütəxəssislərin iştirakı ilə paytaxt və regionlarda pilot orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlərin, ekoloji aksiyaların təşkili və iqlim dəyişikliyi mövzusuna dair dərnəklərin yaradılması planlaşdırılır.
“Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlimlər keçirilmişdir.
20 may-11 iyun 2024-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı və Sumqayıt şəhəri, Xəzər, Masallı, Bərdə, Füzuli, Sabirabad, Göyçay, Neftçala, Biləsuvar, Qusar, Tərtər, Ağcabədi, Tovuz, Zaqatala rayonu Qadın Resurs Mərkəzlərində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrasi ilə bağlı təlimlər keçirilib. Tibb və hüquq sahəsində peşəkar mütəxəsislər tərəfindən reproduktiv sağlamlığın qorunması, qızların təhsildən yayınması hallarının qarşısının alınması, erkən nikah və qohumlar arasındakı nikahların yaratdığı fəsadlar haqqında əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilən təlimlərdə 560 nəfər iştirak edib.

“Ailələrimizi tanıyaq” layihəsinin qonağı Əhmədovlar ailəsi ilə müsahibə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Növbəti qonağımız İsmayıllı rayonundan olan Əhmədovlar ailəsidir. Rayonun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Əhmədovlar ailəsi İsmayıllı rayonunun ən gözəl kəndlərindən olan Talıstanda yaşayırlar. Əkrəm Əhmədov və həyat yoldaşı Hənifə xanım 66 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 9 övladları (4 qız, 5 oğlan),14 nəvə və 5 nəticələri var. Bir oğlu Ramiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ramiz evli olub, Orxan və Ayxan adlı 2 övladı var. Hər ikisi universitet bitiriblər. Orxan kənd məktəbində işləyir və “İlin ən yaxşı müəllimi” seçilib. Ayxan Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında şöbə müdiri işləyir. Qızlarından ikisi evli, biri subaydır. Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik. Ailənin başçısı Əkrəm Əhmədov 1965-ci ildə Kənd Təsərrüfatı Universitetini bitirdikdən sonra istehsalat idarəsində aqrokimya laboratoriyasının müdiri, daha sonra rayon Partiya Komitəsində 1-ci katibin təlimatçısı, kolxoz sədri, baş aqronom kimi əmək fəaliyyətini davam etdirib. Rayonda üzüm bağlarının salınması onun təşəbbüsü olub. Həyat yoldaşı Hənifə xanım isə evdar qadındır. Hörmətli Əkrəm müəllim və Hənifə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 66 ilə yaxındır ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Əkrəm müəllim, əvvəlcə sizdən başlayaq. Belə deyək çətinlik də olub, xoşbəxtliyimiz də olub. Şükür Allaha ki, çətinliyimiz olubsa da 66 il zarafat deyil. Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Hər zaman bir birimizin fikirlərinə hörmətlə yanaşmışıq. Ailədə düzlük, dürüstlük, səmimilik ön planda dayanmalıdır. Bir-birini duymaq, bir-birinə inam, sədaqət və ailədə dostluq da əsas şərtlərdəndir. Ailənin uzunömürlü olması üçün, hər şeydən əvvəl bu kiçik dövlətdə hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməlidir. Əkrəm müəllim, Sizin bir övladınız dövlət işində işlədiyi halda, müharibə başlayanda hərşeyi yarımçıq qoyub vətənin müdafiəsinə qalxıb. Siz onların vətənə, dövlətə layiqli övladların olması üçün nə etmisiniz? Həmişə onlara vətəni sevmələrini demişik. Vətən bizim həm anamızdır, həm atamızdır, həm də torpağımızdır. Şəhid oğlum həm də əlaçı idi. Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? Övladlarımla aramızda dostluq da olub, hökmranlıq da. Ananın (Hənifə xanımın) övladlarına münasibəti: - Övladlarımla münasibətim çox yaxşı olub. Hər zaman övladlarıma aşılamışam ki, Anasını sevən ilk əvvəl torpağını, Vətənini sevməlidir, yoxsa nə o torpaq Ana Torpaq olar, nə o Vətən Ana Vətən olar. Ata (Əkrəm bəy) - Övladlarım bu yaşa çatsalar da yenə görəcəkləri işlərdə bizimlə məsləhətləşirlər, bizim tövsiyələrimizə hər zaman önəm verirlər. 14 nəvəmdən doqquzu ali təhsil alıb. Nəticələrimdən 2-si kollecdə oxuyur, qalanları məktəblidirlər. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? Birinci məsləhətim ondan ibarətdir ki, ailə quranda ilk öncə böyükləri ilə məsləhətləşsinlər. İndi ailə quranlar böyüklərlə məsləhətləşmədən ailə qururlar, 2-3 övladları olduqdan sonra yola getmir, boşanırlar. Ailələrin möhkəm olmaları üçün ər və arvad bir-birilərini dinləyib-anlamalıdırlar. Ailə kiçik dövlətdir, bu dövləti quranda mütləq böyüklərlə məsləhətləşmək, dönə-dönə götür-qoy etmək lazımdır ki, o dövlət möhkəm, uzunömürlü olsun. Hənifə nənə deyir ki, tərəflər bir-birini işarədən anlamalı, başa düşməli, bir narahatçılıq, bir problem olanda öz aralarında həll etməlidirlər, zərurət yarandıqda ailə böyüklərindən, mütəxəssislərdən dəstək, məsləhət almalıdırlar. Aramızda inciklik olub, ancaq uzağı yarım saatdan sonra barışmışıq, kiçik bir incikliyi böyüdüb boşanmaya gətirməmişik, ailəni qorumaq üçün hər iki tərəf güzəştə getməyi bacarmalıdır. Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Əhmədovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb
11 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan ilə görüşüb. Qonaqları salamlayan Bahar Muradova, uzun illərdir UNFPA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri və birgə fəaliyyətin nəticələrini yüksək qiymətləndirib. "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin və müvafiq Fəaliyyət Planının icrası nəticəsində müəyyən irəlləyişlərin əldə olunduğuna diqqət çəkən B.Muradova, hazırda parlamentdə bir sıra qanun layihələrində dəyişiklik edilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un bu il Azərbaycanda keçirilməsinə diqqət çəkən sədr, bu hadisənin ölkə həyatı üçün önəmli olduğunu vurğulayıb. Qeyd edib ki, iqlim dəyişiklikləri və onun təsirlərininin azaldılması fəaliyyətin bütün sferalarına toxunur, bunu nəzərə alaraq COP29 çərçivəsində qadın və uşaq hüquqlarının qorunması ilə bağlı çoxsaylı konfransların keçirilməsi planlaşdırılır. İşğaldan azad edilən torpaqlarda mövcud mina təhlükəsinin insanların öz doğma yurdlarına qayıtması prosesini əngəllədiyini bildirən Komitə sədri, qeyd edilən məsələ ilə bağlı əməkdaşlığın intensivləşdirilməsinin önəmini vurğulayıb. O, eyni zamanda regiona qayıdış və yenidənqurma ilə bağlı Azərbaycan təcrübəsinin dünyada müharibədən əziyyət çəkən bir çox ölkələr üçün də nümunə ola biləcəyini qeyd edib. BMT-nin Əhali Fondunun rəsmisi Məryəm Xansəmimi qəbula görə təşəkkür edərək,mədəniyyətlərin və ənənələrin cəmləşdiyi Azərbaycanda qadın hüquqlarının, gender bərabərliyinin təmin olunması, onların səlahiyyətlərinin genişləndirilməsi sahəsində nailiyyətləri yüksək qiymətləndirib. UNFPA-nın Azərbaycan ilə uzun illərdir davam edən uğurlu əməkdaşlığına diqqət çəkən qonaq, qarşıdakı beş ili əhatə edən proqramın hazırlandığını əlavə edib. O, işğaldan azad olunan ərazilərdə müvafiq sahələr üzrə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüş zamanı qadınlara qarşı zorakılıqla mübarizə üzrə BMT-nin Əhali Fondunun qlobal proqramı, həmçinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görülən işlərdən bəhs edilib. Görüşdə digər mühüm sahələr üzrə həyata keçiriləcək müştərək layihələr barədə müzakirə aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.

Cəlilabadda “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə cari ilin iyun ayından etibarən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsinə start verilib. Layihə çərçivəsində uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə təşkil olunan təlimlər Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zopun, Vənlik, Fətullaqışlaq, Oğrubulaq və Komanlı kəndlərində keçirilib. Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən uşaqların maraqlarına toxunan məsələlərdə onların fəaliyyətinin gücləndirilməsi məqsədilə müxtəlif qrup işləri təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara kitablar hədiyyə edilib.

Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
11 iyun 2024-cü il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) Cenevrə şəhərində keçirilmiş 92-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsinə əsasən, CRC Komitəsi tərəfindən sözügedən dövri məruzə üzrə Yekun Müşahidələr qəbul olunmuşdur. Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair tövsiyələr verilmişdir. Yekun Müşahidələrin uşaq müdafiəsi, təhsil və sağlamlıq sahələrində təhlili, eləcə də müzakirəsi məqsədilə keçirilən görüşdə Komitə sədri Bahar Muradova çıxış edərək, uğurla təqdim olunan Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinə dair BMT-nin Uşaq Hüquqları Komitəsindəki müzakirədən danışıb. O, bugünkü iclasda təqdimatdan keçən müddət ərzində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə fikir mübadiləsi aparılacağını deyib. B. Muradova bildirib ki, Dövlət Komitəsi öz üzərinə düşən vəzifələri yerinə yetirərək monitorinq və əlaqələndirmə işini davam etdirir, eləcə də bütün tövsiyələr üzrə müxtəlif istiqamətlərdə fəaliyyət müəyyən edilib, həmçinin iki səviyyədə İşçi Qrup yaradılıb. Ötən dövr ərzində Dövlət Komitəsinin və aidiyyəti qurumların müəllifliyi ilə normativ hüquqi aktlara dəyişikliklər edilməsi ilə bağlı da bir sıra layihələrin hazırlandığını bildirən B.Muradova, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nı və digər sənədləri misal göstərib. O, eyni zamanda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı ilə bağlı görülən işlərdən danışıb və ilkin yoxlamaların yekunlaşdığını bildirib. Eləcə də xarici ölkədə çətin vəziyyətə düşmüş Azərbaycan vətəndaşlarının repatriasiyası qaydaları təsdiq olunmuşdur ki, ölkəyə qaytarılan uşaqlar üçün bu qayda tətbiq olunub. UNİCEF-ə uzun illik uğurlu əməkdaşlığa görə təşəkkürünü bildirən Komitə sədri, bu gün müzakirə edilən mövzuların ictimaiyyət, xüsusilə də media tərəfindən daim diqqətdə saxlanılacağına ümidini ifadə edib. UNICEF-in Azərbaycandakı Nümayəndəsi Saca Faroq Abdullah, uşaq hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan hökumətinin irəliləyişlərə nail olunduğunu vurğulayaraq, xüsusilə də Cop29 kimi mötəbər tədbirin burada keçirilməsinin beynəlxalq ictimaiyyətin ölkəyə olan inamının təzahürü kimi qiymətləndirib. O, cinsi istismarla bağlı Konvensiyanın hökumət tərəfindən ratifikasiya edilməsinin, dayanıqlı inkişaf məqsədləri üzrə uğurların əldə edilməsinin mühüm addımlardan olduğunu qeyd edərək, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, həmçinin əlil uşaqların diqqət və qayğı ilə əhatə olunmasının təqdirəlayiq olduğunu vurğulayıb. Uşaqlara qarşı və gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən və görüləcək işlərdən danışan S.Abdullah preventiv tədbirlər, inklüziv təhsil ilə bağlı fikirlərini bölüşüb. BMT-nin aidiyyəti dövlət qurumları ilə əlaqəli, effektiv və kompleks şəkildə əməkdaşlığı sayəsində uşaq hüquqlarının daha yaxşı qorunmasının və tövsiyələrin yerinə yetirilməsinin əhəmiyyətini bildirib. BMT rəsmisi, uşaq hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, ana və uşaq ölümü hallarının azaldılması, uşaqlara qarşı zorakılığın qarşısının alınması, təhsilin inkluzivliyinin təmin edilməsi, gələcək resursların təkmilləşdirilməsi və səmərəli paylanması istiqamətində işlərin sürətləndirilmiş halda davam etdirilməsinin vacibliyini vurğulayıb. Daha sonra UNİCEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, BMT-nin Uşaq Hüquqları Komitəsinin uşaq müdafiəsi sahəsində tövsiyələri ilə bağlı təqdimatla çıxış edib. O, “Uşaq hüquqları haqqında” Konvensiya istiqamətində müsbət təcrübələri diqqətə çatdıraraq, uşaq strategiyasının qəbulu, övladlığa götürmə sistemində islahatların aparılması, uşaq qaynar xəttinin fəaliyyəti, məktəblinin dostu və uşaq səfirlər məclisi kimi mühüm lahiyələrin icrası, probasiya xidmətinin yaradılmasını qeyd edib. CRC tövsiyələrinə toxunan V. Salmanov qanunvericilik aktlarının qəbulunun sürətləndirilməsi, konvensiya və fakültativ protokollara tam uyğunluğunun təmin edilməsi, nazirlik səviyyəsində əlaqə mexanizminin yaradılması, uşağın üstün mənafeyinin qorunması, uşaqlara qarşı cismani cəzanı açıq şəkildə qadağan edən qanunvericilik aktlarının qəbul edilməsi, ailə mühiti və alternativ qayğı, hərtərəfli yuvenal ədliyyə sisteminin yaradılması məsələlərinin də tövsiyələrdə yer aldığını qeyd edib. Komitənin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tövsiyələrdən irəli gələn məsələlərin icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatları diqqətə çatdırıb. O, tövsiyələrin altı mühüm istiqaməti əhatə etdiyini vurğulayaraq, xüsusilə də dövlət uşaq büdcəsinin yaradılması və tətbiqi, eləcə də qısa müddətli mühafizə orderləri ilə bağlı qanunvericilikdə dəyişikliklərin edildiyini bildirib. Uşaqlara dair elektron məlumat bankının da təkmilləşdirildiyini deyən Komitə nümayəndəsi uşaq məsələləri üzrə ixtisaslaşmış hakim və prokurorların təyin edilməsinin də vacib məsələlərdən olduğunu bildirərək, “yuvenal.az” təlim kursunun da fəaliyyətə başladığını əlavə edib. Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova uşaq hüquqları ilə bağlı qanunvericiliyə dair tövsiyələrin yerinə yetirilməsi vəziyyəti istiqamətində çıxış edib. O, uşaqların müdafiəsi istiqamətində Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsində edilən əlavə və dəyişiklikləri diqqətə çatdıraraq, xüsusilə də uşaqların dindirilməsi, təkrar ifadəsinin alınmasının qarşısının alınması və digər yeni məsələlərin tətbiq edildiyini qeyd edib. T. İbrahimova mühafizə orderlərinin verilməsi, hüquqi yardımın təmin edilməsi istiqamətində yeniliklər haqqında məlumat verib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Daxili İşlər Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti institutunun iştirakı ilə davam edən görüşdə qanunvericilik, strategiya, əlaqələndirmə, doğumun qeydiyyatı və vətəndaşlıq, uşaqlara qarşı zorakılığın qarşısının alınması, ailə mühitində yaşamaq hüququ, əlilliyi olan uşaqlar, uşaq əməyi və küçə mühitində yaşayan uşaqlar, uşaq ədliyyəsi, sağlamlıq və səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, təhsil, asudə vaxt və mədəni fəaliyyətlər, uşaqların ekoloji sağlamlığı və digər məsələlər müzakirə edilib.