Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

11 iyun 2024 17:10

Paylaş:

11 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan ilə görüşüb.

Qonaqları salamlayan Bahar Muradova, uzun illərdir UNFPA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri və birgə fəaliyyətin nəticələrini yüksək qiymətləndirib.

"Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunda həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin və müvafiq Fəaliyyət Planının icrası nəticəsində müəyyən irəlləyişlərin əldə olunduğuna diqqət çəkən B.Muradova, hazırda parlamentdə bir sıra qanun layihələrində dəyişiklik edilməsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un bu il Azərbaycanda keçirilməsinə diqqət çəkən sədr, bu hadisənin ölkə həyatı üçün önəmli olduğunu vurğulayıb. Qeyd edib ki, iqlim dəyişiklikləri və onun təsirlərininin azaldılması fəaliyyətin bütün sferalarına toxunur, bunu nəzərə alaraq COP29 çərçivəsində qadın və uşaq hüquqlarının qorunması ilə bağlı çoxsaylı konfransların keçirilməsi planlaşdırılır.  

İşğaldan azad edilən torpaqlarda mövcud mina təhlükəsinin insanların öz doğma yurdlarına qayıtması prosesini əngəllədiyini bildirən Komitə sədri, qeyd edilən məsələ ilə bağlı əməkdaşlığın intensivləşdirilməsinin önəmini vurğulayıb. O, eyni zamanda regiona qayıdış və yenidənqurma ilə bağlı Azərbaycan təcrübəsinin dünyada müharibədən əziyyət çəkən bir çox ölkələr üçün də nümunə ola biləcəyini qeyd edib. 

BMT-nin Əhali Fondunun rəsmisi Məryəm Xansəmimi qəbula görə təşəkkür edərək,mədəniyyətlərin və ənənələrin cəmləşdiyi Azərbaycanda qadın  hüquqlarının, gender bərabərliyinin təmin olunması, onların səlahiyyətlərinin genişləndirilməsi sahəsində nailiyyətləri yüksək qiymətləndirib.

UNFPA-nın Azərbaycan ilə uzun illərdir davam edən uğurlu əməkdaşlığına diqqət çəkən qonaq, qarşıdakı beş ili əhatə edən proqramın hazırlandığını əlavə edib. O, işğaldan azad olunan ərazilərdə müvafiq sahələr üzrə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib. 

Görüş zamanı qadınlara qarşı zorakılıqla mübarizə üzrə BMT-nin Əhali Fondunun qlobal proqramı, həmçinin “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görülən işlərdən bəhs edilib.  

Görüşdə digər mühüm sahələr üzrə həyata keçiriləcək müştərək layihələr barədə müzakirə aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.