Beynəlxalq əlaqələr
Beynəlxalq tədbirlər və görüşlər

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistanda keçirilən yüksək səviyyəli görüşdə iştirak edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistanda keçirilən “Mərkəzi Asiyada bütün qadın və qızların ədliyyəyə çıxışı:BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının (QVK) 70-ci iclası ərəfəsində hüquqi çərçivənin və institusional cavabların gücləndirilməsi” mövzusunda yüksək səviyyəli görüşdə iştirak edib. Tədbir çərçivəsində S.Qəhrəmanova “Ədalətə qarşı struktur maneələr: İqtisadi, Siyasi, Sosial və Mədəni Ölçülər. Boşluqları aradan qaldırmağın yolları” adlı paneldə çıxış edərək, Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatın bütün sahələrində rolunun artırılması, məişət zorakılığının qarşısının alınması sahəsində görülmüş işlər, eyni zamanda bu istiqamətdə həyata keçirilmiş hüquqi islahatlar barədə məlumat verib. Görüşdə, eyni zamanda Komitənin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova, Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Quliyeva iştirak edib. Qeyd edək ki, Özbəkistanın Ailə və Qadınlar Komitəsi və BMT-nin Qadınların Səlahiyyətləndirilməsi üzrə Qurumunun birgə əməkdaşlığı ilə keçirilən tədbirin əsas məqsədi Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan nümayəndələr arasında platforma yaratmaqdır.

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirilib
3 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb. Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan ilə qardaş ölkə Türkiyə arasında əsrlərə söykənən münasibətlərdən danışıb və strateji tərəfdaşlıq, dostluq münasibətlərinin digər dövlətlər üçün örnək olduğunu söyləyib. O, xalqlarımızın tarixən daşıdıqları sülh və ədalət missiyasına bu gün də sadiq qaldıqlarını, bu münasibətlərin gələcək minilliklər boyunca da davam edəcəyini deyib. Səfir Birol Akgün Azərbaycan–Türkiyə arasında mehriban dostluq və qardaşlıq prinsiplərinə əsaslan münasibətlərin, eləcə də strateji əməkdaşlığın bu gün ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Tarix boyu ölkə liderləri arasında formalaşan səmimi münasibətlərin xalqlar arasında əlaqələrin dərinləşməsinə də öz təsirini göstərdiyini bildirib. Tərəflər ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bu sahədə həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyətinə toxunublar. Görüş zamanı iki qurum arasında imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun 2023–2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində görülən işlərdən danışılıb. Növbəti 3 il üçün imzalanacaq yeni Fəaliyyət Planının gələcək fəaliyyətlər üçün yeni imkanlar açacağı vurğulanıb.

Dövlət Komitəsinin nümayəndələri Çubuk Ailə Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Çubuk Ailə Dəstək Mərkəzini ziyarət ediblər. Nümayəndələr Mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və həyata keçirilən sosial dəstək proqramları barədə ətraflı məlumat əldə ediblər. Mərkəz əməkdaşları 2019-cu ildən fəaliyyət göstərən Çubuk Ailə Dəstək Mərkəzinin azgəlirli və sosial həssas kateqoriyaya aid qadınların inkişafına yönəlmiş geniş proqramlar həyata keçirdiyini qeyd ediblər. Həmçinin həssas kateqoriyadan olan qadınların burada müxtəlif sənətkarlıq və əl işləri üzrə peşə hazırlığı kurslarında iştirak etdiyi, sosial maarifləndirmə məqsədilə təşkil olunan ödənişsiz təlimlərə cəlb olunduqları bildirilib.

Komitə əməkdaşları Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar
Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar. Səfər çərçivəsində nümayəndə heyətinə mərkəzin fəaliyyəti, xidmət istiqamətləri və burada yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu müəssisə Ankarada yerləşən ən böyük baxım və reabilitasiya mərkəzlərindən biridir və uzun illərdir ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına mühüm töhfə verir. Mərkəz fiziki və əqli qüsurlu şəxslər üçün rahat yaşayış şəraiti, gündəlik qayğı, tibbi dəstək və reabilitasiya xidmətləri təşkil edilir. Hazırda mərkəzdə ümumilikdə 824 nəfər xüsusi qayğıya ehtiyacı olan vətəndaşın yaşayışı və müalicəsi təmin olunur. Ziyarət zamanı nümayəndə heyəti mərkəzdə göstərilən xidmətlərin yüksək səviyyəsini və əlilliyi olan şəxslərin sosial rifahının təmin olunmasına yönəlmiş genişmiqyaslı işləri yüksək qiymətləndirib.

Qırğızıstan Respublikasının Bişkek şəhərində Qadınların Biznes Forumu və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib
2025-ci ilin 21–22 oktyabr tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində CAREC Qadınların Biznes Forumu – Yaşıl İnnovasiya və Gender Bərabərliyi üçün Birlikdə” və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib. Forumun məqsədi region ölkələri arasında yaşıl iqtisadiyyat və gender bərabərliyi istiqamətində əməkdaşlığın gücləndirilməsi, qadınların iqlim dəyişikliklərinə qarşı mübarizədə və innovativ həllərin tətbiqində daha fəal iştirakının təşviq edilməsi olub. Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Xarici Əlaqələr və protokol xidməti şöbəsinin baş məsləhətçisi Ülkər Ömərova iştirak edərək, “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin edilməsi, COP29 təcrübəsi və iqlim siyasətinə inteqrasiyası” istiqamətində görülən işlər barədə çıxış edib. Azərbaycan nümayəndəsinin çıxışı iştirakçılar tərəfindən müsbət qarşılanaraq, ölkəmizin gender siyasətinin institusional səviyyədə möhkəmləndirilməsi və iqlim gündəliyinə inteqrasiyası region ölkələri üçün müsbət nümunə kimi qeyd edilib. Tədbir çərçivəsində “Gender yönümlü iqlim maliyyələşməsi”, “Gender inklüziv iqlim siyasətləri” və “Yaşıl innovasiya və texnologiyalar” adlı panel müzakirələri aparılıb. Qadın sahibkarlar yaşıl iqtisadiyyata verdikləri töhfələrə görə “CAREC Gender və İqlim Mükafatları 2025” mərasimində mükafatlandırılıblar. Region üzrə ən uğurlu fərdi və təşkilati təşəbbüslər təqdim olunarkən, həm də Azərbaycandan olan nümayəndələr təltif edilib. “EkoSfera” Sosial-Ekoloji Mərkəz ictimai birliyinin rəhbəri Firuzə Sultanzadə iqlim təşəbbüslərində və dayanıqlı inkişaf layihələrində iştirakına verdiyi töhfələrə, Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova isə CLIMASOL panellərinin icadına görə mükafatlandırılıblar.
Bahar Muradova və BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndəsi arasında əməkdaşlıq imkanları müzakirə edilib
23 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb. Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, onları ölkədə və Komitədə qarşılamaqdan məmnunluğunu ifadə edib. O, BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini, eləcə də müxtəlif formatlarda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. AQEM-in ötən ay Nyu-York şəhərində keçirilən yüksək səviyyəli görüşünü xatırladan sədr, görüş zamanı AQEM Qadınlar Şurasının məsləhətçi qurum kimi yaradılması təşəbbüsünün irəli sürüldüyünü qeyd edib. O, fevral ayında həmin Şuranın ilk tədbirinin Azərbaycanda keçiriləcəyini bildirib, bunun “Pekin30” prosesinin yubileyinə, həmçinin qadınların səlahiyyətləndirilməsi və bütün proseslərdə iştirakının təmin olunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda verdiyi növbəti böyük töhfə kimi qiymətləndirib. Əlavə edib ki, BMT-nin yubiley tədbirində bu qərarın qəbul olunması Azərbaycanın BMT ilə əlaqəli fəaliyyətə üstünlük verdiyini göstərir. O, çıxışında vurğulayıb ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində aparılan işlər mühümdür. Eyni zamanda, yalnız qadınların səlahiyyətləndirilməsi ilə kifayətlənməyərək, ölkədə ailə təsərrüfatının inkişafı istiqamətində də məqsədyönlü fəaliyyət göstərmək vacibdir. Bu, sosial sabitliyin və davamlı inkişafın təminatı baxımından böyük önəm daşıyır. B.Muradova Komitə tərəfindən Ailə Konsepsiyası layihəsi üzərində işlərin davam etdiyini diqqətə çatdıraraq, sənədin qəbul edildikdən sonra müsbət təcrübə kimi beynəlxalq miqyasda təbliğatının əhəmiyyətli olacağını vurğulayıb. BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava isti qarşılanmaya görə təşəkkürünü bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də bu prosesdə əldə olunan mühüm irəliləyişlərdən məmnunluğunu ifadə edib. Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən BMT rəsmisi, Pekin 30 çərçivəsində görülən işlərdən söz açıb. Azərbaycanın bu platformada fəal iştirakına diqqət çəkən K.İşikava, birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışan qonaq. erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də müsbət qarşılandığını bildirib. Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib.

Dövlət Komitəsində Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri ilə görüş keçirilib
22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüş keçirib. Komitə sədri qonaqları salamlayaraq, Azərbaycan və Serbiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən ailə, qadın və uşaq məsələləri istiqamətində qarşılıqlı maraqlara əsaslanır. B. Muradova ölkəmizdə həyata keçirilən ailə siyasəti, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, həmçinin qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışıb. Qeyd edib ki, erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də maraqla qarşılanıb: “Bu dəyişikliklər uzun illərdir mövcud olan problemlərin həlli üçün real imkanlar yaradır. Mövcud qanunvericilik çərçivəsi ailə siyasətinin həyata keçirilməsində və proseslərin idarə olunmasında mühüm rol oynayır,” – deyə o əlavə edib. Sədr, Serbiya dövlətinin ailə institutuna göstərdiyi dəstək tədbirləri ilə tanış olduğunu bildirib və bu sahədə Serbiyanın təcrübəsini yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycanın bu təcrübəni öyrənmək və tətbiq etmək niyyəti var. Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç Azərbaycanın qeyd edilən sahələrdə əldə etdiyi nailiyyətlərin və təcrübənin Serbiya üçün də maraqlı olduğunu qeyd edərək, gələcəkdə birgə layihələrin və ekspert mübadiləsinin həyata keçirilməsinin vacibliyini bildirib. Nazir qeyd edib ki, ailələrin iqtisadi gücləndirilməsi, uşaqların zorakılıqdan müdafiəsi, sosial siyasət sahəsində layihələrin həyata keçirilməsi, eləcə də institusional mexanizmlərin təkmilləşdirilməsi və qanunvericilik sahəsində aparılan islahatlar Serbiya hökumətinin prioritet istiqamətlərindəndir. O, həmçinin beynəlxalq təşkilatlarla birgə həyata keçirilən proqramlar haqqında məlumat verərək, bu təşəbbüslərin ailələrin sosial rifahının artırılmasına, qadınların və uşaqların müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.

İsraillə ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
22 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkələr arasında uzun illərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinə toxunub, bu görüşün ailə, qadın və uşaq məsələləri sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Həssas təbəqədən olan ailələrlə iş sahəsində Azərbaycanın keçdiyi yol və əldə etdiyi nailiyyətlərdən danışan sədr, bu təcrübəni bölüşməyə hazır olduğunu bildirib. B. Muradova qeyd edib ki, ailə, qadın və uşaq rifahı sahəsində dövlət siyasətinin formalaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsi üzrə əsas məsul qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. O, İsrail hökumətinin aidiyyəti qurumları ilə Komitə arasında formalaşmış əməkdaşlıq münasibətləri, eləcə də bu çərçivədə həyata keçirilən təcrübə mübadiləsindən söz açıb. Həmçinin İsraildə ailə siyasəti və sosial rifah sahəsində həyata keçirilən mühüm islahatların, bu istiqamətdə əldə olunan nailiyyətlərin Azərbaycanda da yüksək qiymətləndirildiyini bildirib. Səfir Ronen Krausz İsraillə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, bu əməkdaşlığın müxtəlif istiqamətlər üzrə yeni imkanlar yaratdığını qeyd edib. O, ailə, qadın və uşaq məsələləri sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bahar Muradova UNESCAP-ın icraçı katibi ilə görüşüb
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. Görüşdə növbəti ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Xankəndində keçirilən Zirvə görüşünün əhəmiyyətini qeyd edərək, bu mühüm tədbirdə A.Alişahbananın fəal iştirakını yüksək qiymətləndirib. O, çıxışında Asiya və ona yaxın regionlarda gedən iqtisadi, sosial və digər proseslərin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı zəruri etdiyini vurğulayıb, Azərbaycanın bu istiqamətdə fəal mövqe sərgilədiyini diqqətə çatdırıb. Komitə ilə BMT-nin bir sıra regional qurumları arasında əməkdaşlıqdan söz açan sədr, Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulayıb. 2026-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq tədbirdə iştirakın Dövlət Komitəsi üçün önəmi qeyd edilib, bu kimi təşəbbüslərin Azərbaycanın uğurlarını beynəlxalq tərəfdaşlarla bölüşmək baxımından mühüm platforma olduğu bildirilib. İcraçı katib A.S.Alişahbana Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli yüksək səviyyəli tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Qadınların iqtisadi səlahiyyətləndirilməsinin ESCAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən katib, sürətlə dəyişən və rəqəmsallaşan dünyada qadınlar üçün yeni bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıb. Növbəti ildə keçiriləcək 82-ci sessiyada da bu məsələlərin diqqət mərkəzində olacağını vurğulayaraq, Komitənin yaxından iştirakının mühüm töhfə verə biləcəyini deyib. Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, BMT missiyasına verdiyi töhfələr, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb. Tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlim dəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrin icrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi