Dövlət Komitəsinin sədri “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli dəyirmi masada çıxış edib

18 noyabr 2024 19:14

Paylaş:

“İnsan inkişafı bizim fəaliyyətimizin mərkəzində dayanır və iqlim dəyişikliyi fonunda bu diqqətin əhəmiyyəti daha da artır.İqlim təsirləri sağlamlıqdan və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər bir sahəsinə toxunur. Buna görə də, uşaqlarımızın hərtərəfli dəstəklənməsi vacibdir.”

Bu sözləri BMT-nin İqlim Dəyişsmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində 18 noyabr 2024-cü il tarixində BMT-nin Uşaq Fondunun təşkilatçılığı ilə keçirilən “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, iqlim dəyişikliyinin təhsilə və sağlamlığa təsirləri vasitəsilə yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir edir. Buna görə, onların hərtərəfli inkişafı və ətraf mühit təsirlərindən qorunması yalnız gələcəyə bir sərmayə deyil, həm də Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir.

B. Muradova qeyd edib ki, iqlim dayanıqlığını qurma yanaşmamız regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmaqla hər yerdə uşaqların inkişaf etməsi üçün bilik və dəstək təmin etməyə yönəlib. İqlim savadlı və iqlimə dayanıqlı bir nəsil yetişdirmək vacibdir və bunu təmin etmək üçün səmərəli və dayanıqlı mexanizmlər yaradılmalıdır.

Həssas icmalar üçün iqlim dəyişikliyinin iqtisadi və sosial problemlər yaratdığını diqqətə çatdıran Komitə sədri sosial müdafiə və təhlükəsizlik şəbəkələrinin gücləndirilməsi, iqlim hadisələrindən təsirlənənlərə maliyyə dəstəyinin göstərilməsinin vacibliyini, ekstremal istilik, infeksiyalar, hava çirkliliyi, qidalanma və ərzaq təhlükəsizliyi üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

O bildirib ki, təhsil müəssisələri, səhiyyə təminatçıları, yerli hökumətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq, hərtərəfli bir şəbəkə yaratmaq üçün əsasdır. Uşaqlar və ailələr sabit dəstəyə, sağlamlıq xidmətlərinə çıxışa ehtiyac duyurlar. Onlar əmin olmalıdırlar ki, ekoloji dəyişikliklər dövründə geridə qalmayacaqlar.

Bahar Muradova: “İlk dəfə olaraq, uşaqlara və gənclərə xüsusi diqqət yetirilərək, iqlim tədbirləri çərçivəsində hərtərəfli insan inkişafı COP gündəminə gətirilib. Uşaqlarımızı iqlim dəyişikliyi ilə üzləşmədə dəstəkləmək üçün atılan hər addım ortaq gələcəyimizə bir sərmayədir. Bu səbəbdən, hər kəsi bu vacib missiyada daha aktiv rol oynamağa və yaşıl dünya üçün həmrəyliyə çağırıram.” - deyə çıxışını sonlandırıb.

COP29 Prezidentliyinin Gənclər İqlim Çempionu Leyla Həsənovanın və BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli Çempionu Mariam Allamın moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Koreya Respublikasının ətraf mühit naziri Wan-sup Kim, Nigeriya İqlim Dəyişikliyi üzrə Milli Şuranın Baş Direktoru və Katibliyin rəhbəri Nkiruka Maduekwe, Dominikan Respublikasının İqlim Dəyişikliyi üzrə Milli Şurasının Texniki Direktoru Sara Qonzales, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin İqlim Danışıqları və Beynəlxalq Siyasətlər Başçısı Aysin Turpancı, Corc Warren Braun Universitetinin professoru, Sosial İnkişaf Mərkəzinin direktoru, Vaşinqton Universitetinin Next Age İnstitutunun direktoru Maykl Şerraden, Almaniyadan Sağlamlıq və Qidalanma üzrə Qlobal Direktor, Save the Children Beynəlxalq və Qlobal Sağlamlıq üzrə dosenti Revati Phalkey və digərləri də çıxış ediblər.

Müzakirələrdə iştirak edən Uşaq Səfirlər Məclisinin nümayəndələri məclisinin fəaliyyəti haqqında məlumat veriblər və bu il keçiriləcək VI Ümumrespublika Uşaq Formu çərçivəsində təşkil ediləcək hər bir panelin ekologiya ilə əlaqələndiriləcəyinə diqqət çəkiblər.

 “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə dəyirmi masada Bahar Muradovanın çıxışı

Speech of Mrs. Bahar Muradova