İctimai şura
Xəbərlər

Prezident Administrasiyasının nümayəndəsi AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüşüb
2025-ci il mayın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Prezident Administrasiyasının rəsmisi yeni seçilmiş Şura üzvlərini təbrik edib, ictimai nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb, Şuradan gözləntiləri diqqətə çatdırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İctimai Şura üzvlərinə dövlətin bu istiqamət üzrə apardığı işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Görüş zamanı Şura üzvlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq qeydlər götürülüb. Görüşdə həmçinin Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun baş məsləhətçisi Ələkbər Quliyev, Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova da iştirak ediblər.

Bahar Muradova Komitə yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüşüb
16 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Komitə yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüşüb. Bahar Muradova İctimai Şuranın növbəti dəfə fəaliyyətini uğurla başa vurduğunu və yeni seçkilərin də demokratik prinsiplər əsasında, şəffaf, sərbəst, seçicilərin azad iradəsinin ifadəsi şəraitində keçirildiyini bildirib. O, şuraya seçilən hər bir nümayəndənin cəmiyyətdə xüsusi mövqeyə sahib ictimai xadimlər olduğunu vurğulayıb. Komitə sədri bildirib ki, yeni tərkibin təcrübəsi və bilikləri gələcək işlərdə əhəmiyyətli rol oynayacaq. “İki il müddətində biz sizinlə müntəzəm görüşəcəyik, birgə planlarımızı quracağıq, təkliflərinizi, fikirlərinizi dinləyəcəyik, imkan daxilində sizə dəstək göstərəcəyik. Cəmiyyət üçün çox vacib, əhəmiyyətli hədəflərimiz var və bunun üçün də birgə çalışmalıyıq” - deyə o əlavə edib. Şura üzvləri Dövlət Komitəsinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, İctimai şuranın fəaliyyəti üçün lazımi şəraitin yaradılmasını yüksək qiymətləndiriblər. Həmçinin qarşılıqlı fikir mübadiləsinin və daimi dialoqun aparılmasının əhəmiyyətini vurğulayıblar. Seçki Komissiyasının sədrinə və üzvlərinə seçkinin uğurlu təşkilinə görə təşəkkürlərini bildiriblər. Daha sonra yeni seçilmiş Şura üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. Görüşün davamında Şura üzvlərinə ailə, qadın və uşaq siyasətinə dair əsas istiqamətlər, həmçinin Komitənin fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
Görüşdə ilk olaraq, Dövlət Komitəsinin aparat rəhbəri, İctimai şuraya şeçkilər üzrə Komissiyanın sədri Ceyran Rəhmətullayevanın seçkinin yekunlarına dair məlumatı dinlənilib. C. Rəhmətullayeva seçki prosesini uğurla apararaq şuraya üzv seçilən qeyri-hökumət təşkilatı nümayəndələrini təbrik edərək, şuranın yeni tərkibdə fəaliyyətinin də səmərəli və məqsədyönlü olacağına inamını ifadə edib. Sonra gündəliyin əsas məsələləri müzakirə olunub. Heyət üzvləri arasında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şuranın sədri, onun müavini və şuranın katibi vəzifələrinə seçilmək üçün səsvermə keçirilib. İki il müddətinə fəaliyyət göstərəcək İctimai şuraya üzvlər arasından səs çoxluğu ilə “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyinin nümayəndəsi Firuzə Rəsulova şuranın sədri, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova şuranın sədr müavini, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov şuranın katibi seçilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə şura üzvləri ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış ediblər. Görüş müzakirələrlə davam edib.
Dövlət Komitəsi yanında İctimai şuranın fəaliyyət müddəti başa çatmış üzvləri ilə görüş keçirilib
Qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İctimai şuranın ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirərək, faydalı əməkdaşlığın davamlı olacağını qeyd edib. S.Qəhrəmanova Komitənin öz fəaliyyətində vətəndaş maraqlarını, o cümlədən ictimai rəyin öyrənilməsi sahəsində şəffaflığın təmin edilməsinə bu əməkdaşlığın töhfə verəcəyinə inandığını bildirərək, onlara gələcək işlərində uğurlar arzu edib. Daha sonra İctimai şuranın sədr müavini Aynur Zülfüqarova təqdimatla çıxış edərək, Şura tərəfindən görülmüş işləri diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın yeni tərkibi seçildi
24 aprel 2025-ci il tarixindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şura üzvlüyünə növbəti seçki keçirilib. Vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilən seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. Səsvermədə namizədliyi qeydə alınmış şəxslərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib. Nəticədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiyanında İctimai şuranın tərkibi aşağıdakı kimi formalaşıb: 1. Firuzə Rəsulova - “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi 2. Qəmərxanım Cavadlı- Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini 3. Müslüm Məmmədov - “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi 4. Məryəm Məcidova - “Gender Hub’’ İctimai Birliyi 5. Şəmil Sadiq - “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi 6. Ülvi Əliyev - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi 7. Venera Əsgərova - “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək”İctimai Birliyi Qeyd edək ki, Seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçki Komissiyasının protokoluna əsasən şuraya üzvlüyün say həddi 7 olaraq təsdiq edilib. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şuranın səlahiyyət müddəti iki ildir.

Dövlət Komitəsi yanında İctimai şuraya seçkilərin vaxtı müəyyən olunub
7 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki komissiyasının iclası keçirilib. İclasda İctimai şuraya seçkilərin təşkili, şuranın üzvlərinin say həddinin müəyyən edilməsi və seçki gününün təyin edilməsi məsələləri müzakirə edilib. Dövlət Komitəsinin aparat rəhbəri, Seçki komissiyasının sədri Ceyran Rəhmətullayeva Komissiya üzvlərini salamlayaraq, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirilib ki, 7 fevral - 19 mart 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı elan edilib və ictimai fəallar tərəfindən müraciətlər daxil olub. Sənədlər yoxlanılaraq qəbul olunub və Seçki komissiyasının üzvlərinə təqdim edilib. Daha sonra Komissiya üzvləri çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Yekunda Seçki komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 7 nəfərdən ibarət tərkibdə müəyyən edilib. İclas zamanı İctimai şuraya seçki gününün 24 aprel 2025-ci il tarixinə təyin edilməsi qərara alınıb. Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 15 nəfərin namizədliyi təsdiq edilib. Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin siyahısı Səsvermədə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər: - səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti; - vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti; - təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti; - səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi. Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyənlər qeyd olunan sənədləri 2025-ci il 8 aprel- 23 aprel tarixləri arasında (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına (ictimaishura@family.gov.az) göndərə bilər. Səsvermədə hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 24 aprel 2025-ci il tarixində saat 10:00-dan – 16:00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Neftçilər prospekti, 44) keçiriləcək.

İctimai şura üzvləri ilə görüş keçirilib
1 noyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib. Görüş iştirakçılarını salamlayan sədr müavini Sədaqət Qəhrəmanova, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb, həmçinin dövlət qurumlarının qeyri-hökumət təşkilatları ilə birgə cəmiyyətdə mövcud problemlərin həll edilməsində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb. S.Qəhrəmanova Dövlət Komitəsi yanında İctimai şuranın ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirib, qarşılıqlı əməkdaşlığın davamlı olacağını vurğulayıb. İctimai şuranın sədri Fariz Əkbərov Fəaliyyət Planı çərçivəsində Şura tərəfindən görülmüş işləri diqqətə çatdırıb, hazırda icra prosesində olan tədbirlər haqqında danışıb. Daha sonra görüş iştirakçıları həyata keçirilən layihələr barədə məlumat veriblər. Çıxış edənlər fəaliyyətin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə təkliflərini səsləndiriblər. Görüş müzakirələrlə davam edib.

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri görüş keçirib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi, ədliyyə müşaviri Aynur Sabitova və bir sıra idarələrin məsul əməkdaşları ilə görüşüblər. Görüş zamanı erkən nikah, qohum nikahları, aliment məsələləri ilə bağlı problemlər, həmçinin uşaq və qadın hüquqlarının qorunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə edilib.

İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri və şöbə müdirləri ilə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov və aparatın şöbə müdirləri ilə görüşüblər. Görüşdə televiziyalarda yayımlanan sosial proqramlarda uşaq və qadınların hüquqlarının qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqla bağlı fəaliyyət istiqamətləri müzakirə olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi