Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Paylaş:
11 iyun 2024-cü il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) Cenevrə şəhərində keçirilmiş 92-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası”na dair beşinci və altıncı birgə dövri məruzəsinə əsasən, CRC Komitəsi tərəfindən sözügedən dövri məruzə üzrə Yekun Müşahidələr qəbul olunmuşdur. Yekun Müşahidələrdə Konvensiyanın ölkəmiz tərəfindən implementasiyası istiqamətində atılmalı olan növbəti addımlara dair tövsiyələr verilmişdir.
Yekun Müşahidələrin uşaq müdafiəsi, təhsil və sağlamlıq sahələrində təhlili, eləcə də müzakirəsi məqsədilə keçirilən görüşdə Komitə sədri Bahar Muradova çıxış edərək, uğurla təqdim olunan Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinə dair BMT-nin Uşaq Hüquqları Komitəsindəki müzakirədən danışıb. O, bugünkü iclasda təqdimatdan keçən müddət ərzində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə fikir mübadiləsi aparılacağını deyib.
B. Muradova bildirib ki, Dövlət Komitəsi öz üzərinə düşən vəzifələri yerinə yetirərək monitorinq və əlaqələndirmə işini davam etdirir, eləcə də bütün tövsiyələr üzrə müxtəlif istiqamətlərdə fəaliyyət müəyyən edilib, həmçinin iki səviyyədə İşçi Qrup yaradılıb.
Ötən dövr ərzində Dövlət Komitəsinin və aidiyyəti qurumların müəllifliyi ilə normativ hüquqi aktlara dəyişikliklər edilməsi ilə bağlı da bir sıra layihələrin hazırlandığını bildirən B.Muradova, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nı və digər sənədləri misal göstərib. O, eyni zamanda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı ilə bağlı görülən işlərdən danışıb və ilkin yoxlamaların yekunlaşdığını bildirib. Eləcə də xarici ölkədə çətin vəziyyətə düşmüş Azərbaycan vətəndaşlarının repatriasiyası qaydaları təsdiq olunmuşdur ki, ölkəyə qaytarılan uşaqlar üçün bu qayda tətbiq olunub.
UNİCEF-ə uzun illik uğurlu əməkdaşlığa görə təşəkkürünü bildirən Komitə sədri, bu gün müzakirə edilən mövzuların ictimaiyyət, xüsusilə də media tərəfindən daim diqqətdə saxlanılacağına ümidini ifadə edib.
UNICEF-in Azərbaycandakı Nümayəndəsi Saca Faroq Abdullah, uşaq hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan hökumətinin irəliləyişlərə nail olunduğunu vurğulayaraq, xüsusilə də Cop29 kimi mötəbər tədbirin burada keçirilməsinin beynəlxalq ictimaiyyətin ölkəyə olan inamının təzahürü kimi qiymətləndirib. O, cinsi istismarla bağlı Konvensiyanın hökumət tərəfindən ratifikasiya edilməsinin, dayanıqlı inkişaf məqsədləri üzrə uğurların əldə edilməsinin mühüm addımlardan olduğunu qeyd edərək, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, həmçinin əlil uşaqların diqqət və qayğı ilə əhatə olunmasının təqdirəlayiq olduğunu vurğulayıb.
Uşaqlara qarşı və gender əsaslı zorakılıqla mübarizə istiqamətində görülən və görüləcək işlərdən danışan S.Abdullah preventiv tədbirlər, inklüziv təhsil ilə bağlı fikirlərini bölüşüb. BMT-nin aidiyyəti dövlət qurumları ilə əlaqəli, effektiv və kompleks şəkildə əməkdaşlığı sayəsində uşaq hüquqlarının daha yaxşı qorunmasının və tövsiyələrin yerinə yetirilməsinin əhəmiyyətini bildirib.
BMT rəsmisi, uşaq hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi, ana və uşaq ölümü hallarının azaldılması, uşaqlara qarşı zorakılığın qarşısının alınması, təhsilin inkluzivliyinin təmin edilməsi, gələcək resursların təkmilləşdirilməsi və səmərəli paylanması istiqamətində işlərin sürətləndirilmiş halda davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra UNİCEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, BMT-nin Uşaq Hüquqları Komitəsinin uşaq müdafiəsi sahəsində tövsiyələri ilə bağlı təqdimatla çıxış edib. O, “Uşaq hüquqları haqqında” Konvensiya istiqamətində müsbət təcrübələri diqqətə çatdıraraq, uşaq strategiyasının qəbulu, övladlığa götürmə sistemində islahatların aparılması, uşaq qaynar xəttinin fəaliyyəti, məktəblinin dostu və uşaq səfirlər məclisi kimi mühüm lahiyələrin icrası, probasiya xidmətinin yaradılmasını qeyd edib.
CRC tövsiyələrinə toxunan V. Salmanov qanunvericilik aktlarının qəbulunun sürətləndirilməsi, konvensiya və fakültativ protokollara tam uyğunluğunun təmin edilməsi, nazirlik səviyyəsində əlaqə mexanizminin yaradılması, uşağın üstün mənafeyinin qorunması, uşaqlara qarşı cismani cəzanı açıq şəkildə qadağan edən qanunvericilik aktlarının qəbul edilməsi, ailə mühiti və alternativ qayğı, hərtərəfli yuvenal ədliyyə sisteminin yaradılması məsələlərinin də tövsiyələrdə yer aldığını qeyd edib.
Komitənin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tövsiyələrdən irəli gələn məsələlərin icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatları diqqətə çatdırıb. O, tövsiyələrin altı mühüm istiqaməti əhatə etdiyini vurğulayaraq, xüsusilə də dövlət uşaq büdcəsinin yaradılması və tətbiqi, eləcə də qısa müddətli mühafizə orderləri ilə bağlı qanunvericilikdə dəyişikliklərin edildiyini bildirib. Uşaqlara dair elektron məlumat bankının da təkmilləşdirildiyini deyən Komitə nümayəndəsi uşaq məsələləri üzrə ixtisaslaşmış hakim və prokurorların təyin edilməsinin də vacib məsələlərdən olduğunu bildirərək, “yuvenal.az” təlim kursunun da fəaliyyətə başladığını əlavə edib.
Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova uşaq hüquqları ilə bağlı qanunvericiliyə dair tövsiyələrin yerinə yetirilməsi vəziyyəti istiqamətində çıxış edib. O, uşaqların müdafiəsi istiqamətində Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsində edilən əlavə və dəyişiklikləri diqqətə çatdıraraq, xüsusilə də uşaqların dindirilməsi, təkrar ifadəsinin alınmasının qarşısının alınması və digər yeni məsələlərin tətbiq edildiyini qeyd edib. T. İbrahimova mühafizə orderlərinin verilməsi, hüquqi yardımın təmin edilməsi istiqamətində yeniliklər haqqında məlumat verib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Daxili İşlər Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti institutunun iştirakı ilə davam edən görüşdə qanunvericilik, strategiya, əlaqələndirmə, doğumun qeydiyyatı və vətəndaşlıq, uşaqlara qarşı zorakılığın qarşısının alınması, ailə mühitində yaşamaq hüququ, əlilliyi olan uşaqlar, uşaq əməyi və küçə mühitində yaşayan uşaqlar, uşaq ədliyyəsi, sağlamlıq və səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, təhsil, asudə vaxt və mədəni fəaliyyətlər, uşaqların ekoloji sağlamlığı və digər məsələlər müzakirə edilib.