“Ailələrimizi tanıyaq” layihəsinin qonağı Əhmədovlar ailəsi ilə müsahibə

11 iyun 2024 17:25

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.

Növbəti qonağımız İsmayıllı rayonundan olan Əhmədovlar ailəsidir.

Rayonun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Əhmədovlar ailəsi İsmayıllı rayonunun ən gözəl kəndlərindən olan Talıstanda yaşayırlar.

Əkrəm Əhmədov və həyat yoldaşı Hənifə xanım 66 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 9 övladları (4 qız, 5 oğlan),14 nəvə və 5 nəticələri var. Bir oğlu Ramiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ramiz evli olub, Orxan və Ayxan adlı 2 övladı var. Hər ikisi universitet bitiriblər. Orxan kənd məktəbində işləyir və “İlin ən yaxşı müəllimi” seçilib. Ayxan Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında şöbə müdiri işləyir. Qızlarından ikisi evli, biri subaydır.

Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik.

Ailənin başçısı Əkrəm Əhmədov 1965-ci ildə Kənd Təsərrüfatı Universitetini bitirdikdən sonra istehsalat idarəsində aqrokimya laboratoriyasının müdiri, daha sonra rayon Partiya Komitəsində 1-ci katibin təlimatçısı, kolxoz sədri, baş aqronom kimi əmək fəaliyyətini davam etdirib. Rayonda üzüm bağlarının salınması onun təşəbbüsü olub. Həyat yoldaşı Hənifə xanım isə evdar qadındır.

Hörmətli Əkrəm müəllim və Hənifə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 66 ilə yaxındır ki, davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Əkrəm müəllim, əvvəlcə sizdən başlayaq.

            Belə deyək çətinlik də olub, xoşbəxtliyimiz də olub. Şükür Allaha ki, çətinliyimiz olubsa da 66 il zarafat deyil.

Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?

            Hər zaman bir birimizin fikirlərinə  hörmətlə yanaşmışıq. Ailədə düzlük, dürüstlük, səmimilik ön planda dayanmalıdır. Bir-birini duymaq, bir-birinə inam, sədaqət və ailədə dostluq da əsas şərtlərdəndir. Ailənin uzunömürlü olması üçün, hər şeydən əvvəl bu kiçik dövlətdə hamı bir-birinə hörmət etməli, hər kəs öz yerini bilməlidir.

Əkrəm müəllim, Sizin bir övladınız dövlət işində işlədiyi halda, müharibə başlayanda hərşeyi yarımçıq qoyub vətənin müdafiəsinə qalxıb. Siz onların vətənə, dövlətə layiqli övladların olması üçün nə etmisiniz?

Həmişə onlara vətəni sevmələrini demişik. Vətən bizim həm anamızdır, həm atamızdır, həm də torpağımızdır. Şəhid oğlum həm də əlaçı idi.

Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?

Övladlarımla aramızda dostluq da olub, hökmranlıq da.

Ananın (Hənifə xanımın) övladlarına münasibəti: - Övladlarımla münasibətim çox yaxşı olub. Hər zaman övladlarıma aşılamışam ki, Anasını sevən ilk əvvəl torpağını, Vətənini sevməlidir, yoxsa nə o torpaq Ana Torpaq olar, nə o Vətən Ana Vətən olar.

Ata (Əkrəm bəy) - Övladlarım bu yaşa çatsalar da yenə görəcəkləri işlərdə bizimlə məsləhətləşirlər, bizim tövsiyələrimizə hər zaman önəm verirlər. 14 nəvəmdən doqquzu ali təhsil alıb. Nəticələrimdən 2-si kollecdə oxuyur, qalanları məktəblidirlər.

            Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?

Birinci məsləhətim ondan ibarətdir ki, ailə quranda ilk öncə böyükləri ilə məsləhətləşsinlər. İndi ailə quranlar böyüklərlə məsləhətləşmədən ailə qururlar, 2-3 övladları olduqdan sonra yola getmir, boşanırlar. Ailələrin möhkəm olmaları üçün ər və arvad bir-birilərini dinləyib-anlamalıdırlar. Ailə kiçik dövlətdir, bu dövləti quranda mütləq böyüklərlə məsləhətləşmək, dönə-dönə götür-qoy etmək lazımdır ki, o dövlət möhkəm, uzunömürlü olsun.

Hənifə nənə deyir ki, tərəflər bir-birini işarədən anlamalı, başa düşməli, bir narahatçılıq, bir problem olanda öz aralarında həll etməlidirlər, zərurət yarandıqda ailə böyüklərindən, mütəxəssislərdən dəstək, məsləhət almalıdırlar. Aramızda inciklik olub, ancaq uzağı yarım saatdan sonra barışmışıq, kiçik bir incikliyi böyüdüb boşanmaya gətirməmişik, ailəni qorumaq üçün hər iki tərəf güzəştə getməyi bacarmalıdır.

Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Əhmədovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.