Media
Xəbərlər

Kəlbəcərdə vətəndaş qəbulu keçirilib
18 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşları qəbul edib. Qəbul zamanı edilən müraciətlər arasında psixoloq xidmətinin təşkili, uşaqlar üçün qayğı mərkəzlərinin fəaliyyəti, məşğulluq və işlə təmin olunma, uşaqların sağlamlığının təminatının gücləndirilməsi, eləcə də qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Açıq qapı” günü keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü 25 sentyabr 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq, sosial işçi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı və Sabirabad rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcək. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin. Ünvan və əlaqə nömrələri

“Arzumuz var” təqaüd proqramı çərçivəsində tələbə adını qazanan qızlarla görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bir ekosistemi ilə birgə həyata keçirdiyi “Arzumuz var” təqaüd proqramı çərçivəsində ali təhsil müəssisələrinə yeni qəbul olmuş tələbə qızlarla görüş keçirilib. Tədbirdə çıxış edən Bir ekosistemin rəsmi nümayəndəsi Fərid Hidayətzadə qızların təhsilinə sərmayə yatırmağın, gələcəyə qoyulan investisiya olduğunu bildirib: “Bizim üçün “Arzumuz var!” təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlar verməsi və cəmiyyətdə öz yerini inamla tutması üçün yaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual və hazırlıqlı nəslini formalaşdıracaq”. Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva isə çıxışı zamanı qurumun tərəfdaşları ilə birgə 2021-ci ildən uğurla həyata keçirdiyi "Qızların təhsilinə dəstək" layihəsi barədə məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi yüksək potensiala malik qızların ali təhsilə əlçatanlığını təmin etməkdir. O, layihənin bir qolu olan “Arzumuz var” proqramı çərçivəsində tələbə adı qazanan qızlara təhsil həyatlarında davamlı uğurlar arzulayıb. Görüş çərçivəsində ali məktəbə yeni qəbul olmuş tələbələr mükafatlandırılıb və sonda ailə fotosu çəkdirilib. Qeyd edək ki, “Arzumuz var” proqramı 2024-cü ildən etibarən qızların təhsil imkanlarının genişləndirilməsi, ali təhsilə çıxışının dəstəklənməsi və onların gələcək inkişafına töhfə vermək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində iştirakçı qızlar hazırlıq kursları ilə yanaşı, müxtəlif təlimlərə, fərdi inkişaf sessiyalarına cəlb olunurlar və real iş mühiti ilə tanışlıq imkanı qazanırlar. Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusar və Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilin qəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adını qazanan beş gənc isə təhsilini uğurla davam etdirir.

SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Tematik İşçi Qrupunun növbəti illik iclası baş tutub
16 sentyabr 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Tematik İşçi Qrupunun növbəti illik iclası baş tutub. Qeyd edək ki, SPECA-nın Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Tematik İşçi Qrupuna 5 ildən artıqdır ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova sədrlik edir. "Rəqəmsal və yaşıl iqtisadiyyat kontekstində qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi" mövzusuna həsr olunmuş onlayn iclasda region ölkələrində qadınların sahibkarlıq, məşğulluq, innovasiya fəaliyyəti, yaşıl iqtisadiyyat və ekoloji layihələrdə iştirakı, rəqəmsal bacarıqların inkişafı və liderlik sahələrində iştirakının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və qabaqcıl təcrübələr geniş müzakirə edilib. İclasda ESKATO-nun Sosial İnkişaf Şöbəsinin rəhbəri vəzifəsini icra edən Tsay Tsay, ESKAP BMT-nin Avropa İqtisadi Komissiyasının İqtisadi Əməkdaşlıq və Ticarət Şöbəsinin direktoru Elizabet Türk, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, SPECA-nın Gender və DİM üzrə İşçi Qrupunun sədri Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edərək mövzunun önəmini vurğulayıblar. ESKATO-nun Sosial İnkişaf Şöbəsinin rəhbəri vəzifəsini icra edən Tsay Tsayiştirakçıları salamlayıb və müzakirə olunacaq mövzunun region üçün aktuallığını vurğulayıb. O, gender bərabərliyinin təmin olunması və qadınların iqtisadi hüquq və imkanlarının gücləndirilməsi istiqamətində regional əməkdaşlığın vacib rol oynadığını bildirib. Çıxışında region iqtisadiyyatlarının rəqəmsal transformasiya və iqlim dəyişikliyi kimi qlobal trendlərin təsiri ilə sürətlə dəyişdiyini qeyd edib. O, bu prosesdə qadınların tam hüquqlu iştirakını təmin etmək üçün hədəflənmiş bacarıqların inkişafı və gender yönümlü siyasətin vacibliyini vurğulayıb. Daha sonra ESKAP BMT-nin Avropa İqtisadi Komissiyasının İqtisadi Əməkdaşlıq və Ticarət Şöbəsinin direktoru Elizabet Türk çıxış edərək SPECA regionunda əməkdaşlıq imkanları və ölkə təcrübələrini bölüşüb. E.Türk vurğulayıb ki, yaşıl iqtisadiyyata keçid dövründə qadınlar və cəmiyyətin digər həssas təbəqələri bu qlobal transformasiyadan kənarda qalmamalıdır. Bu məqsədlə həyata keçirilən bütün layihə və tənzimləmə siyasətlərinin gender aspektindən ətraflı dəyərləndirilməsinin və standartların bu ehtiyaclara uyğun formalaşdırılmasının zəruriliyini qeyd edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, SPECA-nın Gender və DİM üzrə İşçi Qrupunun sədri Sədaqət Qəhrəmanova çıxış edərək rəqəmsallaşma və yaşıl iqtisadiyyata qlobal keçid şəraitində qadınların iqtisadi imkanlarının genişləndirilməsinin regional inkişaf üçün strateji əhəmiyyətini vurğulayıb. Sədr müavini Azərbaycanda gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə atılan ən son mühüm addım kimi “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqləndiyini diqqətə çatdırıb. Bildirib ki, Fəaliyyət Planı qadınların rəqəmsal savadlılığının artırılması, məşğulluğunun və iqtisadi imkanlarının genişləndirilməsi, əmək bazarında gender fərqlərinin azaldılması və onların iqlim dəyişikliyi ilə bağlı proseslərə daha fəal cəlb olunması istiqamətində kompleks tədbirləri nəzərdə tutur. S.Qəhrəmanova Azərbaycanda qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrinə daha fəal cəlb olunması, rəqəmsal həllərin hazırlanmasında iştirakının genişlənməsi və texnoloji sektorlarda yeni peşə imkanlarının yaradılması istiqamətində müşahidə olunan müsbət dinamikanı diqqətə çatdırılıb. O, həmçinin yaşıl transformasiya fonunda qadınların ekoloji təmiz iş yerlərinə və yaşıl bacarıqlara çıxışının genişləndirilməsinin vacibliyinə toxunub. S.Qəhrəmanova çıxışının sonunda region ölkələri qarşısında duran çağırışlara da diqqət çəkərək, kənd yerlərində rəqəmsal fərqlərin aradan qaldırılmasının və xüsusilə kənd və ucqar ərazilərdə yaşayan qadınların rəqabətədavamlılığı üçün fasiləsiz peşə hazırlığı proqramlarının yaradılmasının zəruriliyini vurğulayıb, SPECA ölkələrini bu istiqamətdə praktiki əməkdaşlığı gücləndirməyə çağırıb. İclasda, həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ölkə hesabatı ilə çıxış edərək rəqəmsal texnologiyaların və süni intellektin qadınların iqtisadi imkanlarının genişləndirilməsində yaratdığı yeni perspektivlərdən bəhs edib və bu prosesə göstərilən dövlət dəstəyi barədə məlumat verib. Bildirib ki, Azərbaycanda qadınların rəqəmsal və yaşıl iqtisadiyyatda iştirakının genişləndirilməsi üçün qanunvericilik bazası, peşə hazırlığı, rəqəmsal kənd təsərrüfatı və sahibkarlığa dəstək mexanizmlərini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Nazir müavini rəqəmsal imkanların güclü qanunvericilik bazasına söykəndiyini vurğulayaraq, qeyd edib ki, dövlət proqramları çərçivəsində qadınların İKT üzrə peşə hazırlığına və yaşıl iqtisadiyyat ixtisaslarına cəlb edilməsi uğurla davam etdirilir. Çıxışda əmək qanunvericiliyində çevik və məsafədən məşğulluq imkanlarının genişləndirilməsi, qadınların əmək bazarında hüquqi təminatlarının gücləndirilməsi və bərabər əməyə görə bərabər ödəniş prinsipinin təşviqi istiqamətində atılan addımlar diqqətə çatdırılıb. İ.Qədimova Azərbaycanda qadın sahibkarlığının mütəmadi inkişaf etdiyini qeyd edərək, ölkəmizin rəqəmsal və aqrar innovasiyalar sahəsində qadınlara yönəlmiş qabaqcıl təcrübələrini tərəfdaş ölkələrlə bölüşməyə və regional əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. İclasda Azərbaycan ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın dövlət qurumlarının rəsmi nümayəndələri, BMT-nin Avropa İqtisadi Komissiyası (ECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) rəhbər şəxsləri, həmçinin beynəlxalq ekspertlər iştirak edərək öz platformalarında tətbiq olununan uğurlu layihələri bölüşüblər.
“Sülh Aylığı” çərçivəsində tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 sentyabr 2026-cı il tarixlərində “Sülh aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər, dəyirmi masa və viktorinalar keçirilib. Yerli idarə, müəssisə və təşkilatların dəstəyi ilə keçirilən tədbirlərdə aidiyyəti qurumların nümayəndələri və uşaqlar iştirak ediblər. Tədbirlərdə aylığın keçirilmə məqsədi barədə məlumat verilib, uşaqlar və gənclər arasında insan hüquqlarına hörmət, tolerantlıq və dinc birgəyaşayış dəyərlərinin təşviqi, ayrı-seçkilik və zorakılığın qarşısının alınması ilə bağlı maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Viktorinalar zamanı uşaqlar sülhün və uşaq hüquqlarının əhəmiyyəti barədə məlumatlılıqlarını artırmaq, yaradıcı düşünmə və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək fürsəti əldə ediblər. Sonda uşaqlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Dövlət Komitəsinin rəqəmsallaşma üzrə yol xəritəsinin icrası istiqamətində iclas keçirildi
14 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində rəqəmsal inkişaf və transformasiya istiqamətində həyata keçirilən layihələrin əlaqələndirilməsi, icra prosesinin səmərəli təşkili və müəyyən edilmiş hədəflərə nail olunması məqsədilə növbəti iclas keçirilib. İclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda rəqəmsal transformasiyanın əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdırıb. O bildirib ki, qarşıya qoyulan hədəflərə nail olunması üçün indiyədək görülmüş işlərin təhlil edilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Bu prosesdə müasir çağırışlara uyğunlaşmaq, əməkdaşların bilik və səriştələrinin artırılması, yeni bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Mövcud imkanlardan səmərəli istifadə olunması və işlərin ardıcıl şəkildə həyata keçirilməsi qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına mühüm töhfə verə bilər. B. Muradova vurğulayıb ki, rəqəmsal transformasiya sürətlə inkişaf edən və daim yenilənən bir prosesdir. Bu sahədə dəyişikliklərin tempi və keyfiyyəti təşkilatların həmin proseslərə uyğunlaşma sürətindən daha yüksəkdir. Bu baxımdan qarşıda duran məsələlərə sistemli və məsuliyyətli yanaşılması, prosesin təsadüfi və pərakəndə şəkildə deyil, müəyyən edilmiş prioritetlər və strateji hədəflər əsasında həyata keçirilməsi zəruridir. Sədr qeyd edib ki, gələcək fəaliyyətin müəyyənləşdirilməsi baxımından yol xəritəsi mühüm əhəmiyyət daşıyır. Xəritədə geniş spektrli tədbirlər nəzərdə tutulub və onların real imkanlar, mövcud resurslar və icra potensialı nəzərə alınmaqla qiymətləndirilməsi zəruridir. Bununla yanaşı, layihələrin maliyyələşdirilməsi, ölkə üzrə qəbul edilmiş sahə planlarının, eləcə də ayrı-ayrı sahələr üzrə müəyyən edilmiş vəzifələri əks etdirən yol xəritələrində nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrası da prioritet məsələlər sırasındadır. Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini, Layihə İdarəetmə Ofisinin rəhbəri Aynur Sofiyeva “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn məsələlərin effektiv icrasının təmin edilməsi məqsədilə hazırlanmış Yol Xəritəsinin icrası, eyni zamanda qarşıda duran əsas vəzifələr və müəyyən edilmiş prioritet istiqamətlər barədə məlumat verib. İclas zamanı xəritədə nəzərdə tutulan layihələrin icra vəziyyəti, qarşıya çıxan məsələlər, gözlənilən nəticələr və aidiyyəti struktur bölmələr arasında koordinasiya məsələləri müzakirə edilib. İclasda Layihə İdarəetmə Ofisinin üzvləri, eyni zamanda Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub iştirak edib.

“Ailəm könüllüləri”nin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfəri təşkil olunub
“Ailəm könüllüləri” İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər. Səfər çərçivəsində könüllülər Dövlət Komitəsinin tabeliyində olan Mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub, mərkəz mütəxəssisləri ilə real keyslər üzərində müzakirə aparıblar. Daha sonra iştirakçıların bilik və bacarıqlarının yoxlanılması məqsədilə intellektual yarış keçirilib. Yarışda müxtəlif komandalar iştirak edib, nəticələrə əsasən qalib komanda müəyyənləşdirilərək mükafatlandırılıb. Həmçinin, proqram çərçivəsində gənclər üçün Şahdağ Milli Parkına da səfər təşkil olunub. İştirakçılar milli parkın fəaliyyəti, təbiəti və burada qorunan ərazilər barədə ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, "Ailəm könüllüləri" proqramı gənclərin sosial fəaliyyətlərə cəlb olunması, milli-mənəvi və ailə dəyərlərinin təbliği məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uğurla həyata keçirilir.

Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyubla görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyubla “Mentorla bir gün” formatında görüş keçirib. Proqram çərçivəsində Fatimə Eyyub gün ərzində mentorun iş fəaliyyətini müşahidə edib, rəhbərlik və idarəetmə proseslərinin müxtəlif istiqamətləri ilə bağlı praktiki təcrübə əldə edib. Proqramın ilk hissəsində mentor və menti Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər. Fatimə Eyyub Mərkəzin fəaliyyəti, uşaqların və ailələrin ehtiyaclarının müəyyənləşdirilməsi və onlara göstərilən dəstək xidmətləri ilə tanış olub. Menti, həmçinin Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu prosesində iştirak edərək, müraciətlərin qəbulu, araşdırılması və həlli mexanizmlərini müşahidə edib. Daha sonra menti Dövlət Komitəsinin rəqəmsallaşma üzrə yol xəritəsinin icrası ilə bağlı keçirilən iclasda iştirak edib. İclas zamanı rəqəmsal transformasiya istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Fatimə Eyyub müzakirələri yaxından izləməklə yanaşı, məsələlərin dəyərləndirilməsi və qərarların formalaşdırılması prosesində iştirak edib, fikir və yanaşmalarını bölüşüb. “Mentorla bir gün” formatında baş tutan görüş çərçivəsində əldə olunan təcrübə mentiyə dövlət qurumlarının fəaliyyət prinsiplərini, idarəetmə mexanizmlərini və strateji qərarların formalaşdırılması prosesini daha yaxından öyrənmək imkanı yaradıb. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Bahar Muradova Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində vətəndaşları qəbul edib
14 sentyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların ailə məsələləri, övladlarının reabilitasiya və müalicəsi üçün dəstək göstərilməsi, işlə təmin olunma, sosial dəstək və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi