Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər üçün keçirilən maarifləndirici görüşlərin davamı olaraq, 22 oktyabr 2026-cı il tarixində  Azərbaycan İlahiyyat İnstitutunda “Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda görüş keçirilib. Açılış nitqi ilə çıxış edən İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova mövzunun aktuallığını qeyd edib, erkən evlilik və qohum evliliyinin yaratdığı fəsadlar, bu halların qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Daha sonra Dövlət Komitəsinin nümayəndəsi Kamila Əliyeva erkən və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər, bu halların doğurduğu mənfi nəticələr və Dövlət Komitəsi tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, eyni zamanda, erkən və qohum evliliklərinin qarşısının alınması ilə bağlı tövsiyələrini bölüşüb, yanlış stereotiplərdən qaynaqlanan bu hallarla mübarizədə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının və birgə səylərinin vacibliyini vurğulayıb. İnteraktiv formatda keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
Televiziya jurnalistləri üçün müsabiqələr elan edilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan radiosunun 100 illiyi və Azərbaycan televiziyasının 70 illiyi münasibətilə jurnalistlər üçün iki müsabiqə elan edir. Televiziya və radio onilliklər boyu cəmiyyətin informasiya məkanının formalaşmasında, maarifləndirilməsində və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayıb. Efir vasitəsilə ailə dəyərlərinin təşviqi, nümunəvi ailə obrazının geniş auditoriyaya tanıdılması, sağlam ailə münasibətlərinin təbliği və nəsillər arasında varisliyin qorunması bu gün də aktuallığını saxlayır. Rəqəmsal texnologiyaların sürətli inkişafı isə bu sahədə imkanları daha da genişləndirir, ailə və uşaq mövzularına məsuliyyətli, həssas və peşəkar yanaşmanı xüsusilə əhəmiyyətli edir. Bu məqsədlə Dövlət Komitəsi ənənəvi televiziya jurnalistləri üçün “Televiziyada Azərbaycan ailəsi: ənənələr və müasirlik” adlı və eləcə də platforma yayımçılarının jurnalistləri üçün “Rəqəmsal mediada ailə dəyərləri: təşviq, maarifləndirmə və məsuliyyət” adlı iki müsabiqə elan edir. Müsabiqələr televiziyanın müasir imkanlarından istifadə etməklə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaqların hüquqlarının qorunması ilə bağlı maarifləndirməyə töhfə verməyi, eləcə də Azərbaycan ailəsinin real həyat hekayələrini işıqlandırmağı hədəfləyir. Müsabiqələrdə iştirak etmək və ətraflı məlumat əldə etmək üçün keçidlərə daxil ola bilərsiniz: “Televiziyada Azərbaycan ailəsi: ənənələr və müasirlik” müsabiqəsi “Rəqəmsal mediada ailə dəyərləri: təşviq, maarifləndirmə və məsuliyyət” müsabiqəsi

Ətraflı
Birinci Ailə Forumunda rəqəmsal dövrdə ailənin qarşılaşdığı yeni çağırışlar müzakirə olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu çərçivəsində altı istiqamət üzrə panel müzakirələri təşkil olunub. “Ailə münasibətlərinin yeni dinamikası: ünsiyyət və sosial bağlılıq” adlı birinci paneldə ailədaxili ünsiyyət, münasibətlərin möhkəmləndirilməsi və sosial bağlılığın qorunması məsələləri müzakirə olunub. Paneldə Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov, klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova iştirak ediblər. İkinci panel isə “Yeni nəsil valideynlik: uşağın təhlükəsizliyi, inkişafı və rəqəmsal rifah” mövzusuna həsr olunub. Paneldə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, sağlam inkişafı və valideynlərin üzərinə düşən məsuliyyət müzakirə edilib. Müzakirələrə uşaq inkişafı üzrə mütəxəssis, pediatr Ülviyyə Mirzəyeva, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev qatılıblar. “Texnologiya dövründə insan rifahı: sağlamlıq, həyat tərzi və yeni vərdişlər” adlı üçüncü paneldə texnologiyaların gündəlik həyata təsiri, sağlam həyat tərzinin təşviqi və yeni vərdişlərin formalaşması məsələləri nəzərdən keçirilib. Paneldə TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri Nigar Rüstəmli, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova və psixoloq Gülşən Axundova iştirak ediblər. Rəqəmsal mühitdə şəxsi məlumatların qorunması, hüquqların təmin edilməsi və təhlükəsizlik məsələləri “Yeni risklər mühitində ailə: hüquqlar, məxfilik və təhlükəsizlik” panelində nəzərdən keçirilib. Müzakirələrdə rəqəmsal mühitdə ailə üzvlərinin hüquqlarının qorunması, şəxsi məlumatların məxfiliyi və təhlükəsizlik məsələləri müzakirə olunub. Paneldə Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin psixoloqu Əsli Zeynalabdinova və Daxili İşlər Nazirliyinin nümayəndəsi iştirak ediblər. Süni intellektin gündəlik həyata nüfuz etməsi, insan münasibətlərinə təsiri və bu texnologiyalardan istifadə zamanı etibarın qorunması da Forumun əsas müzakirə istiqamətlərindən biri olub. “Süni intellekt insan həyatında: seçimlər, münasibətlər və etibarın sərhədləri” panelində süni intellekt texnologiyalarının insan münasibətlərinə təsiri, bu texnologiyalardan istifadə zamanı etibar, məsuliyyət və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Müzakirələrdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Lamiyə Nəcəfova, Vəkillər Kollegiyasının üzvü Şəbnəm Tağıyeva və Duyğu Sosial Reabilitasiya İctimai Birliyinin sədr müavini, psixoloq Fidan Əkbərli iştirak edərək mövzunun müxtəlif aspektlərinə toxunublar. Forumun gələcəyə yönələn müzakirələri “Gələcəyin ailəsi: 2030–2040 perspektivində yeni həyat modeli” panelində davam etdirilib. Paneldə gələcək dövrdə ailə modelinin mümkün dəyişiklikləri, demoqrafik və sosial çağırışlar, gənclərlə iş və ailənin inkişaf perspektivləri müzakirə edilib. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sosial proqramlar sektorunun müdiri Nərmin Cahangirova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini Məhəmməd Cəbrayılov və Qərbi Kaspi Universitetinin Psixologiya kafedrasının dosenti Elnarə Əhmədova gələcək ailə modelinin xüsusiyyətləri, demoqrafik və sosial dəyişikliklər, ailənin dayanıqlı inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Panel müzakirələri çərçivəsində ailənin müasir cəmiyyətin inkişafında rolu, rəqəmsal transformasiyanın yaratdığı imkan və risklər, uşaqların rifahı və təhlükəsizliyi, eləcə də ailə münasibətlərinin qorunması ilə bağlı aktual məsələlər müxtəlif aspektlərdən dəyərləndirilib.

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib

21 oktyabr 2026-cı il tarixində keçirilən I Ailə Forumunun məqsədi gənc ailələrin müasir sosial və rəqəmsal dəyişikliklər fonunda qarşılaşdığı yeni reallıqları dövlət, ekspert icması və ailələrin iştirakı ilə müzakirə etmək, ailə siyasətində ailəni yalnız dəstək alan tərəf deyil, qərarların və həllərin formalaşmasında tərəfdaş kimi təşviq etməkdir. Tədbirdən öncə “Gələcəyin ailəsi uşaqların gözü ilə” mövzusunda tematik rəsm sərgisi nümayiş etdirilib, həmçinin “Könüllü ailələr”in təqdimatı keçirilib. Forumun rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Daha sonra Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları tərəfindən rəqəmsal dövrdə insan münasibətlərinin və ailə dəyərlərinin qorunmasını əks etdirən bədii kompozisiya təqdim olunub. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərin və nəsillərarası bağlılığın qorunmasında mühüm rolunu vurğulayıb. O bildirib ki, müasir dövrdə əsas vəzifə ənənəvi ailə dəyərlərini qorumaqla yanaşı, ailələri texnoloji inkişafın yaratdığı yeni reallıqlara hazırlamaqdır. Komitə sədri rəqəmsal texnologiyaların ailə münasibətlərinə və uşaqların inkişafına təsirindən bəhs edərək, zərərli məzmun, rəqəmsal asılılıq, kiberzorakılıq və şəxsi məlumatların qorunması kimi məsələlərin aktuallığını diqqətə çatdırıb. O, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsində valideynlərin məsuliyyətini, ailədə etibarlı münasibətlərin və canlı ünsiyyətin qorunmasının vacibliyini qeyd edib. Bahar Muradova ailə institutunun möhkəmləndirilməsi, ailələrin rifahının yüksəldilməsi, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində görülən işlərə toxunub. O, hazırlanmaqda olan Azərbaycan Respublikasının Ailə Konsepsiyası layihəsinin uzunmüddətli ailə siyasətinin formalaşdırılmasında əhəmiyyətini vurğulayıb, Böyük Qayıdış çərçivəsində ailələrin doğma yurdlarına qayıdışının milli-mənəvi bağlılığın davamlılığı baxımından önəmini qeyd edib. Forum çərçivəsində ailə münasibətləri, müasir valideynlik, rəqəmsal mühitdə sağlamlıq və təhlükəsizlik, süni intellektin təsiri və gələcəyin ailəsi mövzularında altı panel müzakirəsinin keçiriləcəyi bildirilib. Çıxışının sonunda Komitə sədri rəqəmsal inkişafın imkanlarından səmərəli istifadə etməklə ailə dəyərlərinin qorunmasının, sağlam münasibətlərin möhkəmləndirilməsinin və gələcək nəsillər üçün təhlükəsiz sosial mühitin yaradılmasının vacibliyini vurğulayıb. O, Forumun nəticələrinin ailə siyasətinin gələcək inkişafına və Ailə Konsepsiyasının hazırlanmasına töhfə verəcəyinə əminliyini ifadə edərək tədbiri açıq elan edib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, çıxışında rəqəmsallaşma sahəsində aparılan islahatlardan danışıb. O, cənab Prezidentin sədrliyi ilə keçirilən Müşavirədə qəbul edilmiş qərarlara uyğun olaraq, 2026–2028-ci illər üzrə Fəaliyyət Planının təsdiqləndiyini, müvafiq şuranın yaradıldığını və rəqəmsallaşma ilə yanaşı, süni intellekt sahəsində strateji islahatlara start verildiyini xatırladıb. O, rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik kimi dörd ana istiqaməti əhatə edən 58 təşəbbüs çərçivəsində ölkədə rəqəmsal infrastrukturun yeniləndiyini, xidmətlərin elektronlaşdırıldığını və təhsilin müasirləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. S.Məmmədov çıxışında xüsusilə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının milli təhlükəsizlik və sosial rifah baxımından strateji əhəmiyyət kəsb etdiyi vurğulayıb. Bu çərçivədə milli kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyi nəzərə çatdırılaraq, 16 yaşdan aşağı şəxslər üçün sosial platformalarda şəxsi hesab açılmasına məhdudiyyətin qoyulması, 16–18 yaş arası yeniyetmələr üçün isə valideyn razılığının tələb olunması kimi təkliflərin irəli sürüldüyünü bildirilib. Nazir müavini həmçinin əsas məsuliyyətin platformaların üzərinə düşdüyünü, zərərli məzmunların 24 saat ərzində silinməsi və hədəfli reklamların məhdudlaşdırılması istiqamətində kompleks qanunvericilik mexanizmlərinin tətbiq olunacağını deyib. Ailənin cəmiyyətin və dövlətin təməli olduğunu vurğulayan Elm və təhsil nazirinin müavini Firudin Qurbanov cəmiyyətdə xoşbəxt ailələrin sayının çox olmasının dövlətin uğurlu inkişafının əsas zəmanəti olduğunu bildirib. O, ailənin demoqrafik, tərbiyəvi, iqtisadi, refleksiv və psixoloji beş ana funksiyasını diqqətə çatdıraraq, bu amillərin sağlam uşaqların və gələcək vətəndaşların formalaşmasında müstəsna rol oynadığını qeyd edib. Ölkənin gələcək inkişafının bilavasitə gənc nəslin formalaşmasından asılı olduğunu vurğulayan nazir müavini milli-mənəvi dəyərlərin qorunmasının strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Dövlət başçısının rəhbərliyi ilə qazanılan şanlı Zəfərdən və suverenliyimizin bərpasından söz açan F.Qurbanov müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunub saxlanılmasının bugünkü gənclərin üzərinə düşdüyünü vurğulayıb, həmçinin müasir dövrdə rəqəmsallaşma və texnologiyaların ailə institutuna təsirlərinin ciddi şəkildə nəzərə alınmasının vacibliyini ifadə edib. Forumda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov rəqəmsal dövrdə ailə institutunun qarşısında duran çağırışlardan, ailənin mənəvi dəyərlərinin qorunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, cəmiyyətin inkişafı və dəyişən dövrün tələbləri fonunda ailə institutunun transformasiyası qaçılmazdır. Əsas məqsəd bu dəyişikliklər şəraitində ailənin müqəddəsliyini və mənəvi əsaslarını qoruyub saxlamaqdır. Sədr müavini ailə dəyərlərinin qorunmasında dini qurumların, dini icmaların, din xadimlərinin və ilahiyyatçıların üzərinə mühüm məsuliyyət düşdüyünü bildirib. Bununla yanaşı, din adı altında təqdim edilən radikal yanaşmaların və milli-mənəvi dəyərlərə zidd təsirlərin ailə institutu üçün təhdid yarada biləcəyini diqqətə çatdırıb. O, Azərbaycan ailəsinin öz milli kimliyini və mənəvi dəyərlərini qoruyaraq inkişaf etməsinin vacibliyini vurğulayıb. Gündüz İsmayılov ailə dəyərlərinin möhkəmləndirilməsi üçün İslamın mahiyyətinin və məqsədlərinin düzgün təbliğinin əhəmiyyətini qeyd edib. Daha sonra süni intellekt texnologiyası ilə hazırlanmış ailə dəyərlərinə həsr olunan videoçarx nümayiş etdirilib. Forumun birinci hissəsində ADA Universitetinin hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərovun moderatorluğu ilə “Yeni reallıqda ailə: ortaq məsuliyyətdən dayanıqlı gələcəyə” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının təsisçi direktoru Şəfəq Mehrəliyeva, PAŞA Maliyyə Holdinqinin innovasiyalar üzrə meneceri Ülviyyə Mehralıyeva, səhiyyə idarəçisi və profilaktik sağlamlıq üzrə ekspert Nigar Rüstəmli, Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov iştirak ediblər. Müzakirələr zamanı rəqəmsal transformasiyanın ailə həyatına təsiri müxtəlif aspektlərdən təhlil olunub. Panel iştirakçıları texnologiyaların ailədaxili ünsiyyətə, valideyn-övlad münasibətlərinə, gündəlik davranışlara və sosial qarşılıqlı əlaqələrə təsirini nəzərdən keçirərək rəqəmsal imkanlardan balanslı və məqsədyönlü istifadənin əhəmiyyətini vurğulayıblar. Müasir media mühitində baş verən dəyişikliklərə toxunan ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının təsisçi direktoru Şəfəq Mehrəliyeva sosial medianın ailə modelinin transformasiyasındakı rolundan danışıb. O, internetin ənənəvi ailə münasibətlərinə təsirini, bu prosesin yaratdığı yeni imkanları və riskləri diqqətə çatdıraraq təsirlərinin düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Texnoloji yeniliklərin ailə həyatının gələcəyinə təsirindən bəhs edən PAŞA Maliyyə Holdinqinin innovasiyalar üzrə meneceri Ülviyyə Mehrəliyeva ailədaxili ünsiyyəti və birgə vaxt keçirməyi dəstəkləyən texnoloji həllərin əhəmiyyətinə diqqət çəkib, innovativ məhsulların hazırlanmasında təsisçilərin və investorların sosial məsuliyyətinin vacibliyini bildirib. Həmçinin uşaqların texnologiyadan istifadəsinə yanaşma, onlara rəqəmsal mühitdə təhlükəsiz və məsuliyyətli davranış vərdişlərinin aşılanması məsələlərinə toxunub. Rəqəmsallaşmanın yaratdığı imkanlarla yanaşı, mümkün sağlamlıq risklərinin də nəzərə alınmalı olduğunu bildirən səhiyyə idarəçisi, profilaktik sağlamlıq üzrə ekspert Nigar Rüstəmli texnoloji inkişaf şəraitində fərdin və ailənin fiziki və psixoloji sağlamlığının qorunmasının əhəmiyyətini vurğulayıb. O, rəqəmsal vasitələrdən istifadə zamanı sağlam həyat tərzinin qorunmasının, mümkün risklərə qarşı diqqətli olmağın və texnologiyanın gündəlik həyata təsirlərinə şüurlu yanaşmağın vacibliyini qeyd edib. Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov müasir ailə münasibətlərinin psixoloji tərəflərinə toxunaraq, ailədaxili gərginliklərin yaranmasında sosial mühitin, dəyişən gözləntilərin və müasir həyat tərzinin roluna diqqət çəkib. O, ailədə məsuliyyətin ədalətli bölüşdürülməsinin, qarşılıqlı anlaşma və emosional dəstəyin sağlam münasibətlərin formalaşmasında mühüm yer tutduğunu bildirib. R.Nəcəfov dayanıqlı ailə münasibətlərinin qorunması üçün emosional yetkinliyin, münaqişələri idarə etmək bacarığının və ortaq məsuliyyət prinsipinin əhəmiyyətini vurğulayıb. Panel müzakirəsindən sonra “Talent” rəqs qrupunun “İşıq dalğası” kompozisiyası təqdim edilib. Forum altı istiqamət üzrə panel müzakirələri ilə davam edib.

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Açıq qapı” günü keçiriləcək

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə  Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü 28 oktyabr 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq, sosial işçi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə Bakı şəhərinin Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcək. “Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.   Ünvan və əlaqə nömrələri

Ətraflı
Bahar Muradova BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşüb

2026-cı il oktyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə BMT arasında ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bahar Muradova Dövlət Komitəsi yarandığı gündən BMT qurumları ilə çoxsaylı birgə layihələrin həyata keçirildiyini və hazırda bu əməkdaşlığın uğurla davam etdirildiyini bildirib. O, dünyada gedən mürəkkəb hadisələr fonunda Azərbaycanın beynəlxalq ictimai-siyasi proseslərin məsuliyyətli üzvü kimi fəal iştirak etdiyini vurğulayıb. B.Muradova, eyni zamanda Dövlət Komitəsinin ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, bu sahədə dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində vacib roluna diqqət çəkib. Dmitro Şlapaçenko çıxışında qadın və uşaq hüquqlarının müdafiəsinin, xüsusilə də gender bərabərliyinin təmin edilməsinin təşkilatın fəaliyyətində prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Azərbaycanda növbəti illərdə əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı bir sıra təkliflərini səsləndirib, birgə həyata keçirilə biləcək layihələr barədə danışıb. Görüşdə həmçinin BMT-nin müvafiq qurumları ilə Dövlət Komitəsi arasında əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub. Tərəflər ailələrin rifahının yüksəldilməsi, qadınların cəmiyyətin bütün sahələrində iştirakının genişləndirilməsi, uşaqların hüquqlarının qorunması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Ətraflı
Azərbaycan və Serbiya arasında ailə və uşaq siyasəti sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin dövlət katibi Lazar Petroviçlə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, ailə və uşaq siyasəti sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ailə institutunun möhkəmləndirilməsi, uşaqların hüquq və mənafelərinin müdafiəsi, ailələrin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və tətbiq olunan dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, hər iki ölkənin aidiyyəti qurumları və mütəxəssisləri arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl yanaşmaların öyrənilməsi, birgə təşəbbüslərin təşviqi və institusional əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Görüşdə, eyni zamanda Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin nümayəndəsi Yasmina Yokiç Zoriç və Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Ləman Mahmudova iştirak ediblər. Görüşün yekununda hər iki ölkənin aidiyyəti qurumlarının ailə məsələləri üzrə işçi qrupunun fəaliyyət planının ilkin layihəsi müzakirə olunub.

Ətraflı
Dövlət Komitəsi Serbiyada keçirilən IV Milli Ailə Konfransında təmsil olunub

Serbiyanın paytaxtı Belqrad şəhərində “Demoqrafik çağırışlardan yerli həllərə: ailə, icma və beynəlxalq əməkdaşlıq” mövzusunda IV Milli Ailə Konfransı keçirilib. Serbiya Respublikasının Ailə Qayğısı və Demoqrafiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, həmçinin Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə iştirak edib. Konfransın açılışında Serbiyanın ailə qayğısı və demoqrafiya naziri Jelena Zariç Kovaçeviç çıxış edərək ailələrin dəstəklənməsi və demoqrafik inkişaf istiqamətində davamlı siyasətlərin əhəmiyyətini vurğulayıb. İki panel müzakirəsindən ibarət konfransın “Demoqrafik çağırışlardan yerli həllərə: ailə, icma və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən birinci panelində demoqrafik dəyişikliklər, ailələrin dəstəklənməsində dövlət və yerli idarəetmə qurumlarının rolu, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Paneldə çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi, ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və mövcud dəstək mexanizmləri barədə məlumat verib. O, ailə siyasətinin strateji prioritetlərinə, bu sahədə dövlət qurumları və yerli icmalar arasında institusional əməkdaşlığın gücləndirilməsinə, eləcə də ailələrin dəyişən ehtiyaclarına uyğun dəstək mexanizmlərinin inkişaf etdirilməsinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Konfransın ikinci panelində valideynliyin dəstəklənməsi, erkən uşaqlıq inkişafına investisiyalar, uşaqların sağlamlığı və hərtərəfli inkişafı üçün əlverişli mühitin yaradılması, eləcə də keyfiyyətli xidmətlərə bərabər çıxış imkanları ətrafında fikir mübadiləsi aparılıb. Konfrans çərçivəsində müxtəlif ölkələrin dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri ailə və demoqrafiya siyasəti sahəsində təcrübələrini bölüşüb, mövcud çağırışların həllində beynəlxalq dialoqun və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Ətraflı
Əmək münasibətlərində gender bərabərliyi qanunvericiliklə təmin olunur

Azərbaycanın əmək qanunvericiliyi qadın və kişilərin əmək münasibətlərində bərabər hüquq və imkanlara malik olmasını təmin edir. Əmək Məcəlləsinə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna əsasən, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Bu prinsip işə qəbul, əmək şəraitinin müəyyən edilməsi, peşə hazırlığı və əlavə təhsil, vəzifədə irəli çəkilmə, əməyin qiymətləndirilməsi və əmək müqaviləsinə xitam verilməsi kimi əsas əmək münasibətlərinə şamil olunur. İşəgötürən qadın və kişilərə eyni iş şəraitini yaratmalı, eyni və ya bərabər dəyərli işi yerinə yetirən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı ödəməlidir. Qanunvericilikdə qadınlar üçün nəzərdə tutulan xüsusi güzəştlər və əlavə təminatlar isə ayrı-seçkilik hesab edilmir; əksinə, bu təminatlar əmək münasibətlərində faktiki bərabərliyin və ailə ilə əmək həyatının uzlaşdırılmasının dəstəklənməsinə xidmət edir.  Bərabərlik prinsipi yalnız əməkhaqqı ilə məhdudlaşmır. İşə qəbul elanlarında kişi və qadınlara fərqli tələblərin irəli sürülməsi, müəyyən cinsə üstünlük verilməsi və işaxtaran şəxsdən ailə vəziyyəti və şəxsi həyatı barədə məlumat tələb edilməsi də qanunvericiliklə məhdudlaşdırılır. Eyni zamanda, işəgötürən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısının alınması üçün müvafiq tədbirlər görməlidir. Ayrı-seçkiliyə məruz qaldığını düşünən işçi isə qanunvericilikdə nəzərdə tutulan qaydada hüquqlarının müdafiəsini tələb edə bilər.

Ətraflı