Regionlarda uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması məqsədilə tədbirlər keçirilib

2 may 2025 16:53

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 21-25 aprel 2025-ci il tarixlərində mərkəzlər, rayon icra hakimiyyətləri, rayon polis şöbələri, təhsil idarələri, gənclər və idman sektorlarının əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, müəllimlər, məktəblərin psixoloq və uşaq birliyi rəhbərləri, valideynlər, məktəblilər, icma sakinlərinin iştirakı ilə uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması məqsədilə maarifləndirici görüşlər keçirilib.

Tədbirlərdə çıxış edənlər müvafiq sahədə aidiyyəti qurumlar tərəfindən görülən işlərdən bəhs ediblər. İştirakçılara uşaq əməyinin formaları, qanunvericiliklə müəyyən edilmiş əmək normaları barədə məlumat verilib. Qeyd edilib ki, uşaq əməyinin istismarı onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı, eyni zamanda onları təhsildən məhrum edir, fiziki-mənəvi inkişafına zərbə vurur, cəmiyyətdə özlərinə layiqli yer tutmalarına mane olur.

Həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyası) tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərdən də danışılıb.

Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb.