Media
Xəbərlər

“Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmələr keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 22-25 iyun 2026-cı il tarixlərində “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə Mərkəzlərin, yerli idarə, müəssisə və təşkilatların əməkdaşları, ekspertlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İctimai dinləmənin təşkilində məqsəd uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud vəziyyətin, qarşıya çıxan risklərin və qoruyucu mexanizmlərin müzakirəsi, uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər barədə əhalinin məlumatlandırılması, aidiyyəti tərəflərin rəy və təkliflərinin öyrənilməsi, bu sahədə tövsiyələrin hazırlanmasıdır. Dinləmələrdə Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı barədə məlumat verilib, uşaqların rəqəmsal mühitdə qarşılaşdığı risklər, onların sağlamlığa təsirləri, rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularında maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, mövcud problemlər və həlli yolları müzakirə olunub, suallar cavablandırılıb, uşaqların inkişafında ailə–məktəb–cəmiyyət əməkdaşlığının və aidiyyəti qurumlarla vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin gücləndirilməsi ilə bağlı bağlı təkliflər səsləndirilib.

“Ailəmiz – ən güclü dəyərimiz!” şüarı altında açıq hava tədbiri keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 iyun 2026-cı il tarixində, saat 16:00-da Nərimanov rayonunda, “Antena” sahəsi adlanan ərazidə yerləşən parkda “Ailəmiz – ən güclü dəyərimiz!” şüarı altında açıq hava tədbiri keçiriləcək. Tədbirin məqsədi ailə dəyərlərinin təbliği, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, ailələrin asudə vaxtının səmərəli təşkili və cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsidir. Proqram çərçivəsində mütəxəssislərin iştirakı ilə panel müzakirələr, ailələr üçün maraqlı və interaktiv fəaliyyətlər, uşaqlar üçün əyləncə proqramı, müxtəlif müsabiqə və oyunlar, konsert proqramı təşkil olunacaq. Sizi ailə üzvlərinizlə birlikdə bu gözəl tədbirdə iştirak etməyə dəvət edirik. Gəlin birlikdə xoş anlar yaşayaq və uşaqlarımıza yaddaqalan bir gün hədiyyə edək. Çünki ailə bizi birləşdirən, gücləndirən və gələcəyə aparan ən böyük dəyərdir!

“Qızların təhsilinə dəstək” layihəsinin II məzun günü qeyd olundu
24 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının II məzun günü keçirilib. Tədbir ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində həyata keçirilən “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının, eləcə də digər təqaüd proqramlarının məzunlarını bir araya gətirib. Məzun günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, ali təhsil müəssisələrinin rektorları, dövlət və özəl sektorun nümayəndələri və layihənin məzunları iştirak ediblər. Məzun günü layihəyə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb, daha sonra açılış nitqləri dinlənilib. Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, milli-mənəvi dəyərlər əsasında formalaşaraq müasirliyə açıq olan, mükəmməl təhsil alan və ictimai məsuliyyətini dərk edən hər bir qadının uğuru xalqın bu günü və sabahının təməlidir. Bahar Muradova tədbirdə iştirak edən xüsusi qonaq – Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın layihəyə, bütövlükdə Azərbaycan qadınının təhsilinə və inkişafına göstərdiyi diqqətin, davamlı və səmimi dəstəyin mühüm əhəmiyyət daşıdığını bildirib. Leyla Əliyevanın uşaq və gənclərlə bağlı irəli sürdüyü təşəbbüslər qızlar üçün ilham mənbəyidir. O bildirib ki, bugünkü qadınlar uzaq və yaxın tarixdə önə çıxmış Hənifə xanım Zərdabi, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya və Şəfiqə xanım Əfəndizadə kimi maarifçi qadınların irsinin davamçılarıdır. “Qızların təhsilinə dəstək” layihəsi artıq müxtəlif istiqamətləri özündə birləşdirən geniş inkişaf platformasına çevrilib və layihənin icra olunduğu beş il ərzində ümumilikdə 593 gənc qadın bu imkanlardan yararlanıb. “Hənifə Məlikova-Zərdabi proqramı çərçivəsində son beş ildə 239 tələbə qıza dəstək göstərilib. Həmin tələbələr ölkənin 60-dan artıq şəhər və rayonunu, 31 ali təhsil müəssisəsini təmsil edirlər” - deyə o əlavə edib. Komitə rəsmisi qeyd edib ki, artıq “Qarabağda təhsil” ifadəsi leksikonumuza daxil olub. Dəstəklədiyimiz tələbələrdən 10 nəfəri hazırda Qarabağ Universitetində təhsilini davam etdirir. Bahar Muradova əlavə edib ki, “Arzumuz var” təqaüd proqramından indiyədək 22 nəfər yararlanıb. Bu gün layihənin müxtəlif proqramları üzrə 66 məzun ali təhsilini başa vurur. Ötənilki məzunlarla birlikdə artıq 125 gənc qadının bu layihələrin məzunu olduğunu və onlardan 20 nəfərin ali təhsilini fərqlənmə diplomu ilə başa vurduğunu qeyd edən Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, layihənin mənəvi baxımdan ən həssas və qürurverici istiqamətlərindən biri “Sən Tək Deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramıdır. Bu günə qədər 34 şəhid xanımı həmin layihəyə cəlb olunub. Vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əmanəti olan xanımların təhsil alaraq müxtəlif sahələr üzrə peşəkar kimi yetişməsinə, dövlət və ictimai həyata qatılmasına yönələn səylərin artırılması çox vacibdir. Bahar Muradova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas hədəfi insan kapitalının inkişafıdır. Dövlət Komitəsinin sədri, həmçinin Mehriban Əliyevanın təhsilə, mədəniyyətə, qadınlara və uşaqların mənafeyinə yönələn fəaliyyətini və sosial təşəbbüslərini xüsusi vurğulayıb. Dövlət Komitəsinin sədri qızların cəmiyyətə inteqrasiyasına və gələcəkdə məşğulluğuna dəstək verməyə hazır olan tərəfdaşlara təşəkkür edib. Sonda məzunlara müraciət edən Bahar Muradova onların fədakarlıq və çalışqanlıqla böyük uğur qazandıqlarını bildirib. O, məzunlara tarixə və milli irsə sahib çıxaraq əsl vətəndaş və peşəkar mütəxəssis kimi gələcək fəaliyyətlərində, peşəkar karyeralarında və şəxsi həyatlarında yeni zirvələr arzulayıb. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qadınların təhsilli olması anaların təhsilli olmasıdır. Anaların təhsilli olması təhsilin keyfiyyətli olmasına əsaslı şəkildə təsir edir. Bu təqaüd proqramının nəticələri artıq görünür deyən nazir vurğulayıb ki, hər bir məzun Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə töhfəsini verəcək: “Biz çox sevinirik ki, belə tədbir və təqaüd proqramı yüzlərlə xanımı əhatə edir. Ən kiçik yaşlardan başlayaraq qadınların təhsilini diqqətdə saxlamalıyıq. Ən aşağı yaşlardan qızların istər təhsilini, istər sosial məsələlərinə diqqət yetirməliyik. Biz cəmiyyətin inkişafı üçün qızlarımızın təhsilə əlçatanlığını təmin etməliyik” - deyə o əlavə edib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli təqdimatla çıxış edərək “Qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən təqaüd proqramları haqqında məlumat verib. O, müxtəlif istiqamətlər üzrə həyata keçirilən dəstək mexanizmləri, tələbələr üçün yaradılan imkanlar və qızların təhsilinin təşviqi istiqamətində görülən işlər haqqında iştirakçılara məlumat verib. Sədr, həmçinin layihənin nəticələri və iştirakçıların əldə etdiyi uğurlar barədə məlumat verib. Həyata keçirilən layihələrdə özəl sektorun roluna diqqət çəkən N. Məmmədli, onları daha geniş əməkdaşlığa dəvət edib. Daha sonra məzunlar, layihələrin onların həyatında oynadığı müsbət roldan danışıblar. “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının və Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunu Əminə Əhmədova qeyd edib ki, layihə yalnız maddi dəstək deyil, eyni zamanda gənc qızlara inam və motivasiya qazandırııb. Tədbirdə çıxış etməkdən qürur və minnətdarlıq hissi duyduğunu vurğulayan məzun vurğulayıb ki, dövlətimiz maarifçilik ənənələrini yaşadır, Hacı Zeynalabdin Tağıyev, Ulu Öndər Heydər Əliyev kimi dəyərli şəxsiyyətlərin təhsilə və xüsusilə qadınların təhsilinə verdiyi önəm bu gün də davam etdirilir. “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının və Bakı Biznes Universitetinin məzunu Aytəkin Xəlilova bildirib ki, bu layihə bizə yalnız təhsil deyil, həm də özümüzə inam, gələcəyə ümid və daha güclü addımlamaq imkanı verdi. Şəhid ailələrinin gələcəyə inamla atdığı addımların dəyərləndirilməsi və dəstəklənməsi bizim üçün çox önəmlidir. Davamında məzunlar mükafatlandırılıb. Tədbir bədii hissə ilə yekunlaşıb.

“Uşaqlar və hüquq” kitabı Prezident Kitabxanasına tədim edilib
23 iyun 2026-cı il tarixində Prezident Kitabxanasında uşaqların hüquqi maarifləndirilməsinə həsr olunmuş “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimi keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış nəşrin əsas məqsədi uşaqları hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin olunmasında ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından daha səmərəli istifadə etməyə və vəzifələrinə məsuliyyətlə yanaşmağa sövq etməkdir. Açılış nitqi ilə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, tədbirin Dövlət Qulluqçularının Peşə Bayramı gününə təsadüf etdiyini xatırladıb, təqdim olunan kitabı dövlətə xidmətin ən gözəl nümunələrindən biri kimi dəyərləndirib. O, Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən olduğunu, uşaqlara göstərilən diqqətin inklüziv cəmiyyətin formalaşmasına mühüm töhfə verdiyini bildirib. A.Abbasova təqdim edilən nəşrin Prezident Kitabxanasında ilk uşaq kitabı olduğunu qeyd edərək, gələcəkdə bu istiqamətdə nəşrlərin sayının artacağına inamını ifadə edib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, uşaqların öz hüquq və vəzifələrini erkən yaşlardan bilməsinin onların milli şüurunun, həmçinin vətəndaş mövqeyinin formalaşmasında mühüm rol oynadığını bildirib. O yeni “Uşaq hüquqları haqqında” Qanunun qəbulunun uşaqların hüquqlarının qorunması, hərtərəfli inkişafının təmin olunmasına yönəldiyini, uşaqların öz hüquqları ilə bağlı anlayışların onların düşüncəsində formalaşmasının vacibliyini qeyd edib. Sədr kitabın daha əvvəl təhlillə birlikdə təqdim olunduğunu, indi isə Prezident Kitabxanasının fonduna daxil edilməsinin uşaqların bu məkanda təmsil olunması baxımından xüsusi əhəmiyyət daşıdığını deyib, kitabın elektron versiyasının da kitabxanaya təqdim ediləcəyini diqqətə çatdırıb. Daha sonra kitabla bağlı videoçarx nümayiş etdirilib. Təqdimatla çıxış edən kitabın müəllifi, Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, nəşrin hazırlanması prosesi barədə məlumat verib. O bildirib ki, kitab tərtib edilərkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınıb. A.Bayramov, ədalət, empatiya və bərabərlik kimi bir çox dəyərlərin aşılandığı vəsaitdə, tənqidi düşüncə və analiz qabiliyyətini inkişaf etdirən dərslərin də təqdim edildiyini deyib.Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, kitabla zənginləşən, elmə əsaslanan düzgün tərbiyə uşaqların gələcəkdə daha uğurlu olmasına, ümumilikdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Muxtar Nağıyev çıxışında gənc nəslin hüquqi maarifləndirilməsinin dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğunu qeyd edib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva uşaqların hüquqi maarifləndirilməsi istiqamətində hazırlanmış nəşrin vətəndaş cəmiyyətinin inkişafına da töhfə verdiyini diqqətə çatdırıb. O, rəqəmsal dövrün tələblərinə uyğun olaraq uşaqlara nəzarət mexanizmlərinin formalaşdırılmasının vacibliyinidən danışıb, bu sahədə, eləcə də regionlarda yaşayan uşaqların hüquqları ilə bağlı maarifləndirlməsi məqsədilə qrant layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu, nəşri Azərbaycan kitab mədəniyyətində bir ilk adlandırıb. O, kitabın geniş oxucu auditoriyası üçün faydalı olacağını, xüsusilə uşaqların hüquqi biliklərinin artırılmasına və hüquq mədəniyyətinin formalaşmasına dəstək olacağını bildirib. Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Məryəm Məcidova, uşaqların, eləcə də valideynlərin hüquqi biliklərinin artırılmasının əhəmiyyətindən danışaraq, nəşrin bu istiqamətdə mühüm maarifləndirici resurs olduğunu, ucqar kəndlərdə təşviqinin önəmini qeyd edib. Müzakirələr zamanı kitabın işarə dilində hazırlanması təklif edilib. Çıxış edənlər kitabın uşaqların hüquq və vəzifələri haqqında biliklərinin artırılmasına, onların hüquqlarını daha yaxşı tanımasına, məsuliyyət hissinin güclənməsinə və cəmiyyət həyatında fəal iştirakına xidmət edəcəyini qeyd ediblər.

BMT-nin Uşaq Hüquqları Komitəsinə ilk dəfə Azərbaycan nümayəndəsi üzv seçilib
3 iyun 2026-cı il tarixində Nyu-York şəhərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına tərəf dövlətlərin 21-ci iclası çərçivəsində BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. 16 ölkənin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi Fərid Ədilov 130 səs toplayaraq Komitənin üzvü seçilib. BMT-nin Uşaq Hüquqları Komitəsi “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarının tərəf dövlətlər tərəfindən icrasına nəzarət edir və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca mexanizmlərdən biri hesab edilir. Eyni zamanda uşaqların silahlı münaqişələrə cəlb edilməsi və uşaq alverinə dair əlavə protokolların yerinə yetirilməsinin monitorinqini də aparır. Komitə 18 müstəqil ekspertdən ibarətdir və ilk dəfədir ki, Komitəyə Azərbaycan nümayəndəsi üzv seçilir. Fərid Ədilov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın iştirakçısıdır, Böyük Britaniyanın Esseks Universitetində sosiologiya və kriminologiya üzrə doktorant və assistent müəllim kimi fəaliyyət göstərir. Hazırda Esseks Universitetində tədqiqat aparan Fərid Ədilovun elmi işi qadın parlamentarilərin qadınların hüquq və rifahına yönəlik siyasətlərin formalaşdırılmasına təsirini əhatə edir. 2006-2010-cu illərdə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə isə həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirib. 2017-2018-ci illərdə “Chevening” təqaüd proqramını qazanaraq Böyük Britaniyanın Newcastle Universitetində Beynəlxalq siyasət (Qloballaşma, Yoxsulluq və İnkişaf) sahəsi üzrə xüsusi fərqlənmə ilə magistr təhsili alıb. O, həmçinin bir müddət Böyük Britaniyada uşaq və gənclərlə işləyən Milli Vətəndaş Xidməti proqramında qrup rəhbəri olaraq çalışıb. 2019-cu ildə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən həyata keçirilən “Peşəkar İxtisasartırma Proqramı”nın qalibi olub və proqram çərçivəsində o, ABŞ-ın Boston Şəhər İdarəsinin Səhiyyə və İnsan Xidmətləri Departamentində təcrübə keçib. Qeyd edək ki, F.Ədilov doktorantura təhsilinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 10 ilə yaxın fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə məsləhətçi, aparıcı məsləhətçi, sədrin köməkçisi və Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri vəzifələrində çalışıb. Fərid Ədilovu BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvü seçilməyi münasibətilə təbrik edir, vacib fəaliyyətində uğurlar arzu edirik.

Dövlət Komitəsinin əməkdaşları Çin Xalq Respublikasında təcrübə səfərində olublar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq təcrübənin öyrənilməsinə və qabaqcıl metodologiyaların ölkəmizdə tətbiqinə xüsusi önəm verir. Bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Dövlət Komitəsi əməkdaşlarının növbəti təcrübə mübadiləsi səfəri Çin Xalq Respublikasına (ÇXR) olub. Dövlət Komitəsinin 5 nəfərdən ibarət nümayəndə heyəti 2026-cı ilin may–iyun aylarında Çində 4 fərqli mövzuda təşkil olunan beynəlxalq təlim proqramlarında iştirak edib. Səfər çərçivəsində əməkdaşlar rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının idarəetmədə rolu, rəqəmsal hökumət quruculuğu, "ağıllı şəhər" platformaları, informasiya təhlükəsizliyi, o cümlədən qadınların texnologiya sahəsində liderliyinin təşviqi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi və digər istiqamətlərdə qabaqcıl çin təcrübəsi və innovativ yanaşmalarla yaxından tanış olublar. Digər ölkələrin də sahəvi ekspertlərinin qatıldığı proqramlarda rəqəmsal dövrdə ailə, qadın və uşaq siyasətinin effektiv təşkili mövzusunda səmərəli müzakirələr aparılıb. Səfər çərçivəsində keçirilən seminarların açılış və bağlanış mərasimlərində Dövlət Komitəsinin əməkdaşları tərəfindən Azərbaycan təcrübəsinə dair geniş təqdimatlar nümayiş etdirilib. Təqdimatlarda rəqəmsal transformasiya sahəsində həyata keçirilən islahatlar, elektron hökumət xidmətləri, kibertəhlükəsizlik sahəsində görülən işlər, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətlər, qadınların rəqəmsal bacarıqlarının artırılması istiqamətində icra edilən layihələr haqqında məlumatı əhatə edən ölkə hesabatı təqdim olunub. Seminarların mühüm hissəsini təşkil edən texniki səfərlər və təcrübə mübadiləsi proqramları çərçivəsində iştirakçılar Çinin qabaqcıl texnologiya və innovasiya müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub, rəqəmsal transformasiya və innovasiya sahəsində tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat əldə ediblər. Təlim proqramlarını uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

Tovuz rayonunda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib
19 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası məqsədi ilə Tovuz rayonunda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib. “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularına həsr olunmuş təlimlərdə Uşaq Səfirlər Məclisinin Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonları üzrə nümayəndələri iştirak ediblər. Tədbirlərdə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova layihə çərçivəsində keçiriləntəlimlərin məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, təlimlərin məqsədi uşaqlarda internetdən təhlükəsiz istifadə, məlumatların qorunması vərdişlərini formalaşdırmaq, iştirakçılıq və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir. Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun baş məsləhətçisi Gülnar Şükürlü layihənin uşaqlar arasında ünsiyyətin və təcrübə mübadiləsinin inkişafına əlverişli şərait yaratdığını,istedadlı şagirdlərin aşkar olunmasına, onların potensialının inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildirib. Təlimlər çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri Mələk Niftəliyeva və Tanər Əsgərzadə uşaqların hüquqları, onların müdafiəsi mexanizmləri, uşaq iştirakçılığı, eləcə də məclisin fəaliyyəti barədə təqdimatlarla çıxış ediblər. “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov isə internetdən təhlükəsiz istifadə və fərdi məlumatların qorunması ilə bağlı iştirakçıları məlumatlandırıb. Təlimlər interaktiv fəaliyyətlər və intellektual oyunla davam edib, iştirakçılar komandalar şəklində biliklərini nümayiş etdiriblər. Sonda qalib komandaya simvolik hədiyyə təqdim olunub, fəal iştirakçılar sertifikatlarla təltif ediliblər.

Bahar Muradova “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub ilə növbəti görüş keçirib. Proqram çərçivəsində Fatimə Eyyub mentorunu müşayiət edərək idarəçiliyin müxtəlif istiqamətləri ilə yaxından tanış olub. O, rəhbərliyin gündəlik fəaliyyətini müşahidə edib, qərarların qəbul olunması prosesini izləyib və idarəetmə təcrübəsi barədə ətraflı məlumat əldə edib. Proqramın bir hissəsi olaraq menti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin vətəndaş qəbulu prosesində iştirak edib. Burada vətəndaş müraciətlərinin qəbulu, araşdırılması və həlli mexanizmləri ilə tanış olaraq dövlət-vətəndaş münasibətlərinin praktik aspektlərini müşahidə etmək imkanı qazanıb. Daha sonra Fatimə Eyyub Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən işçi müşavirəyə qatılıb. Müşavirədə 2026-cı ilin ilk yarımilində görülmüş işlərə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr təhlil olunub və ilin ikinci yarısı üçün prioritet fəaliyyət istiqamətləri müzakirə edilib. Görüş çərçivəsində əldə olunan təcrübə mentiyə dövlət qurumlarının fəaliyyət prinsiplərini, idarəetmə mexanizmlərini və strateji qərarların formalaşdırılması prosesini daha yaxından öyrənmək imkanı yaradıb. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Bələdiyyələrdə fəaliyyət göstərən “Ailə və bərabər inkişaf” komissiyalarının üzvləri üçün təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bələdiyyələrdə yaradılmış “Ailə və bərabər inkişaf” komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin komissiya üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə 16 və 19 iyun 2026-cı il tarixlərində təlimlər təşkil olunub. “Komissiyanın məqsəd, vəzifə, funksiya və səlahiyyətləri” mövzusuna həsr edilən təlimlərin əsas məqsədi komissiyaların institusional potensialının gücləndirilməsi, yerli idarəetmədə gender bərabərliyi və genderə həssas yanaşma prinsiplərinin təşviqi, eləcə də müvafiq qanunvericilik bazası ilə bağlı iştirakçıların məlumatlılığının artırılması olub. Ekspert Abil Bayramov tərəfindən interaktiv formatda keçirilən təlimlər zamanı mövzu ətrafında praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb, əldə olunan bilik və yanaşmaların komissiyaların gələcək fəaliyyətində tətbiqinin əhəmiyyəti vurğulanıb. Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi