Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Sədaqət Qəhrəmanova AQEM Media Forumunda çıxış edib

1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova forum çərçivəsində təşkil edilən “Azərbaycanın sədrliyi: təşəbbüslər, əməkdaşlıq, nəticələr” mövzusunda paneldə çıxış edib. O, qadınların rəqəmsal imkanlarının genişləndirilməsi, onların rəqəmsal təhlükəsizliyinin təmin olunması və AQEM çərçivəsində qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərlə bağlı sualları cavablandırıb. S.Qəhrəmanova qeyd edib ki, rəqəmsal texnologiyalar, sosial şəbəkələr və süni intellekt qadınlar və qızlar üçün təhsil, məşğulluq, sahibkarlıq, bacarıqların inkişafı və ictimai iştirak baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, rəqəmsal çıxış və bacarıqlar sahəsində mövcud fərqlərin aradan qaldırılmasının, eləcə də qadın və qızların onlayn mühitdə gender əsaslı zorakılıq, ayrı-seçkilik və digər risklərdən qorunmasının vacibliyini vurğulayıb. Dövlət Komitəsinin sədr müavini Azərbaycanın AQEM-ə sədrliyi dövründə qadınların davamlı inkişafda və ictimai həyatda rolunun gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Bu çərçivədə 14 aprel 2026-cı ildə Bakıda keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın qadınların davamlı inkişafda, iqtisadi və ictimai həyatda, eləcə də innovasiya və rəqəmsal sahələrdə rolunun müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. S.Qəhrəmanova, həmçinin Azərbaycanın AQEM sədrliyi dövründə qadın məsələləri üzrə institusional dialoqun gücləndirilməsi və AQEM Qadınlar Şurasının fəaliyyətə başlamasını mühüm nəticələrdən biri kimi diqqətə çatdırıb. O, Şuranın ilk iclasında qadın sahibkarlar üçün regional platformanın yaradılması, biznes əlaqələrinin və tərəfdaşlıqların genişləndirilməsi, bazarlara və investisiya imkanlarına çıxışın artırılması, eləcə də qadın ekspertlərin iştirakı ilə regional ekspert şəbəkəsinin formalaşdırılması ilə bağlı təkliflərin irəli sürüldüyünü deyib. S.Qəhrəmanova AQEM Qadınlar Şurasının tematik tədbirlərin, ekspert müzakirələrinin, qadın liderlər və sahibkarlar arasında regional şəbəkələşmənin, təcrübə mübadiləsi platformalarının və birgə təşəbbüslərin təşviqinə töhfə verə biləcəyini bildirib.  Sonda S.Qəhrəmanova, Özbəkistan telekanallarına müsahibə verib. 

Ətraflı
“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib

30 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib. Təlim zamanı korrupsiyaya qarşı mübarizə sahəsində əsas anlayışlar, qanunvericiliyin tələbləri, korrupsiya risklərinin qarşısının alınması və dövlət qulluqçularının bu istiqamətdə vəzifələri barədə məlumat verilib. Bununla yanaşı, dövlət qulluğunda etik davranışın əsas prinsipləri, etik normalara riayət olunmasının əhəmiyyəti və xidməti fəaliyyət zamanı qarşıya çıxa biləcək etik dilemmaların həlli yolları da diqqətə çatdırılıb. Təlim çərçivəsində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabbarov tərəfindən korrupsiyaya qarşı mübarizənin hüquqi çərçivəsi, dövlət qulluqçularının davranış standartları, etik prinsiplər və onların praktiki tətbiqi ilə bağlı ətraflı təqdimat edilib. Həmçinin korrupsiya ilə mübarizə və etik davranış qaydalarına dair müddəaların gündəlik iş fəaliyyətində tətbiqi məsələləri izah olunub. Təlim interaktiv müzakirələr şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr əsasında müxtəlif iş situasiyaları nəzərdən keçirilib. Dövlət qulluqçularının qarşılaşa biləcəkləri halların qanunvericiliyin tələbləri və etik prinsiplər çərçivəsində qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ətraflı
Bakı şəhəri və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 25 sentyabr 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, İsmayıllı rayonunun Xanagah, Goranboy rayonunun Nadirkənd, Göygöl rayonunun Çaykənd, Qəbələ rayonunun Vəndam, Ağdam rayonunun İmamqulubəyli, Saatlı rayonunun Naharlı, Sabirabad rayonunun Surra, Zaqatala rayonunun Maqov, Zərdab rayonunun Yarməmmədbağı kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, maarifləndirmə tədbirlərinin təşkili, aliment, müalicə və sosial müavinətlər, əlilliyin müəyyən edilməsi, məktəbli ləvazimatları ilə təminat, işlə təminat, özünüməşğulluq proqramı, hüquqi məsələlər üzrə 53 nəfər vətəndaşın müraciəti dinlənilib.  Müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.

Ətraflı
“Ailələrimizi tanıyaq” layihəsi davam edir

Layihənin növbəti qonağı Ağdam rayonundan olan Ağayevlər ailəsidir. Əlövsət Ağayev 8 mart 1962-ci ildə Ağdam rayonunun Üçoğlan kəndində müəllim ailəsində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun riyaziyyat müəllimliyi ixtisasını bitirib. Hazırda Səfərli kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 41 ildir pedaqoji fəaliyyətlə məşğul olan Ə.Ağayev təhsil sahəsindəki xidmətlərinə görə müxtəlif mükafatlarla təltif edilib. Həyat yoldaşı Adilə Ağayeva 30 sentyabr 1967-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun alman-ingilis dili ixtisasını bitirib. Hazırda Səfərli kənd tam orta məktəbində İngilis dili müəllimi kimi çalışır. 35 ildən çox evli olan Ağayevlər ailəsinin 3 övladı (2 qız, 1 oğlan) və 3 nəvəsi var. Hər üç övladı ali təhsil alıb. Ə.Ağayev: “İlk növbədə gənclərə tövsiyəm odur ki, ailə anlayışını dərk edib ailə qursunlar. Sağlam ailə sağlam gələcəyin təminatçısıdır və ailənin uzunömürlü olması üçün səbirli olmaq, bir-birini dinləmək və anlayış göstərmək vacibdir. Ailə həyatında müxtəlif mərhələlər olur və hər mərhələdə insanın səbirli olması, qarşı tərəfi başa düşməsi çox önəmlidir. Həmçinin ailədə “mən haqlıyam” düşüncəsindən daha çox “biz necə razılaşa, ortaq məxrəcə gələ bilərik” yanaşması üstün olmalıdır. Bir-birini dinləmək, incitməməyə çalışmaq və ən əsası münasibəti qorumaq istəyi ailəni uzunömürlü edir”. A.Ağayeva: “Gənclərə tövsiyəmiz odur ki, ailə qurmağa tələsməsinlər. Bir-birlərini yaxşı tanısınlar, xasiyyətlərini, həyata baxışlarını, məqsədlərini anlasınlar. Ailə qurmaq yalnız sevgi deyil, həm də məsuliyyətdir. İnsan bu məsuliyyətə hazır olmalıdır. Qarşılıqlı hörmət, səbir və anlayış olmadan sağlam ailə qurmaq çətin olur. Ona görə də bu dəyərləri əvvəlcədən formalaşdırmaq vacibdir. Ailədə hər şey arzulanan kimi getməyə bilər, amma əsas odur ki, tərəflər bir-birinə dayaq olsun. Münasibətlər düzgün qurularsa, ailə bu çətinliklərin öhdəsindən rahatlıqla gələ bilər. Ailə qarşılıqlı sevgi, hörmət və diqqət üzərində qurulmalıdır. Bu dəyərlər qorunduğu müddətdə ailə də möhkəm və uzunömürlü olur. Maddi çətinliklər müvəqqətidir, amma mənəvi bağlar möhkəm olduqda ailə daha güclü olur. Xoşbəxt ailə təsadüfən yaranmır o, hər gün göstərilən diqqət, qayğı və sevgi ilə qurulur və qorunur”.

Ətraflı
Dövlət Komitəsi tərəfindən əlilliyi olan qadınlar üçün onlayn təlimlərə start verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Maestro School”-un əməkdaşlığı ilə 23 sentyabr 2026-cı il tarixindən etibarən  “Fundamental İT bilikləri və ilkin rəqəmsal bacarıqlar” mövzusunda onlayn təlimlərə start verilib. Təlimlərin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiyasının və məşğulluq imkanlarının artırılması, iştirakçıların fundamental İT və ilkin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal alətlərdən gündəlik və peşəkar fəaliyyətlərində daha səmərəli istifadə imkanlarının artırılması, həmçinin onların özünəinam və motivasiyasının gücləndirilməsidir. Qeyd edək ki, təlimlər 23 sentyabr 2026-cı il tarixindən etibarən 3 ay müddətində, onlayn formatda keçiriləcək. Təlimlərdə 15 nəfər əlilliyi olan qadın iştirak edib. 

Ətraflı
“Ailə saatı”nda sağlamlıq imkanları məhdud uşaqlara internetin təhlükələrindən danışılıb

           Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Ailə saatı” layihəsi çərçivəsində eşitmə və nitq qabiliyyəti məhdud uşaqların iştirakı ilə növbəti görüş keçirilib. Tədbirin məqsədi uşaqların asudə vaxtının maraqlı və faydalı təşkili, onların müxtəlif mövzularda maarifləndirilməsi ilə yanaşı, səmimi ünsiyyət və birgə fəaliyyət vasitəsilə uşaqlara xoş emosiyalar bəxş etmək, onlar üçün mehriban və dəstəkləyici mühit yaratmaq olub. ADA Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov uşaqlara internetdən təhlükəsiz və məsuliyyətli istifadə, şəxsi məlumatların qorunması, rəqəmsal mühitdə yarana biləcək risklərin tanınması və belə hallarda düzgün davranış qaydaları barədə məlumat verib. Mövzu surdotərcümə edilərək, uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, sadə və praktik nümunələr əsasında təqdim edilib, onların sualları cavablandırılıb. Görüşün davamında Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyətinin təqdim etdiyi bədii proqram sayəsində qurulan canlı ünsiyyət tədbirə xüsusi rəng qatıb. Uşaqların proqramda fəal iştirakı üçün şərait yaradılıb, birlikdə əyləncəli və yaddaqalan anlar yaşanıb.  

Ətraflı
Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər və ağacəkmə aksiyası keçirilib.   Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Çıxış edənlər tarixi Zəfərimizdən danışıb, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramlarını bildirib, əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda ədəbi - bədii kompozisiyalar nümayiş etdirilib.

Ətraflı
Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarət edib. Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Ətraflı
İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əməkdaşlarının iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusuna həsr edilən görüş keçirilib.  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planına əsasən keçirilən görüşdə mövzu ilə bağlı vacib olan məsələlərə diqqət çəkilib.  Çıxışlarda insan alveri cinayətləri, məcburi əmək cinayətləri, aidiyəti qurumların bu sahədə mübarizə tədbirləri haqqında məlumat verilib. Müvafiq sahədə həyata keçirilən işlərin səmərəliliyinin artırılması, qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.  Görüş çərşivəsində, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər və birgə təşəbbüslər müzakirə olunub.

Ətraflı