IV “Uşaq Kitab Festivalı”nın açılış mərasimi keçirilib

10 aprel 2025 16:36

Paylaş:

10 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə IV “Uşaq Kitab Festivalı” keçirilir.

Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən ANAİB-in sədri Şəmil Sadiq iştirakçıları salamlayıb. Ötən 4 il müddətində Azərbaycan uşaq nəşriyyatçılığının inkişafından bəhs edən Şəmil Sadiq, hazırda nəşriyyatlar tərəfindən Festivala marağın daha da artdığını bildirib, Festivalda uşaqların aktiv iştirakının sevindirici hal olduğunu qeyd edib. O, uşaqlarda çevik zəkanın formalaşmasında, onların dünyagörüşünün artmasında, zehni inkişafının gücləndirməsində kitabın əhəmiyyətindən danışıb.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, festival iştirakçılarını, xüsusilə də uşaqları salamlayaraq, festivalın işinə uğurlar arzu edib. Azərbaycan xalqının qədim tarixinin, şərəfli keçmişinin olduğunu xatırladan sədr, bu gün Zəfərdən doğan Azərbaycan və onun daha möhtəşəm, parlaq bir gələcəyinin olduğunu  deyib: “Bu gələcək bu gün ailələrimizdə, sabaha inamımız olan övladlarımızın timsalında yetişir. Zəfərin uşaqları yeni qələbələrə köklənirlər”.

Mütaliəni, kitabı uşaqlara sevdirən festivalın əhəmiyyətindən danışan B.Muradova, belə tədbirlərin davamlı olması üçün atılan addımları yüksək qiymətləndirib və təşkilatçılara təşəkkürünü çatdırıb. “Kitab müəlliflərinin, nəşriyyatların və mətbəələrin belə tədbirləri təşkil etməsi qurumlararası əməkdaşlığa yüksək töhfə verir. Bununla biz təhsil müəssisələri, ailələr və cəmiyyət arasında qırılmaz tellərlə əlaqə yaratmış oluruq” - deyə o əlavə edib.

İnsanın yaratdıqları içində kitabı ən dəyərli, ona ən yaxın varlıq adlandıran B. Muradova, ona sadiqliyin həm də özünə və dəyərlərinə sadiqlik olduğunu söyləyib. Uşaq kitablarının məzmunu məsələsinə toxunan sədr, onlara hansı dəyərləri və bilikləri aşıladığımıza, hazırlanan kitabların onların yaşına və psixologiyasına uyğunluğuna diqqət etməyin vacibliyindən danışıb. Bildirib ki, uşaqların informasiya ilə təmasının daha erkən yaşda başladığını nəzərə alaraq, informasiyanın onun psixologiyasına təsiri məsələlərinə daha çox əhəmiyyət verilməlidir.

Milli Məclisin deputatı Elnarə Akimova çıxış edərək bildirib ki, artıq on ildir ölkədə ənənəvi olaraq kitab festivalı keçirilir. Çıxışında mütaliənin hər kəs üçün bir yaşam tərzinə çevrilməsinin vacibliyini qeyd edən deputat, festivalların bu baxımdan xüsusi əhəmiyyətli olduğunu vurğulayıb.

O qeyd edib ki, artıq dördüncüsü təşkil olunan Uşaq Kitab Festivalı da məhz uşaqların inkişafına və maariflənməsinə hədəflənən ideyadır. Festival çərçivəsində uşaqlar həm kitablarla ünsiyyətdə olur, həm yazıçılarla görüşür, həm də kitabı bir əyləncə ruhunda qəbul edirlər.

Son illər uşaqlar üçün kitab qapaqlarının üzərində yaş məhdudiyyətlərinin qeyd edildiyini bildirən E.Akimova, bu yaş sərhəddinin çox vacib olduğunu bildirib.

Çıxış edən Milli Məclisin deputatı Mehriban Vəliyeva, ənənə halını alan Uşaq Kitab Festivalının davamlı olmasının sevindirici hal olduğunu qeyd edərək, 4 gün ərzində uşaqların kitablarla birlikdə maraqlı və gözəl bayram keçirəcəklərini vurğulayıb. O bildirib ki, festivalın ən önəmli tərəflərdən biri də uşaqlarda kitab almaq mədəniyyətini formalaşdıran bir element kimi kitab daxıllarının olmasıdır. Bununla da məktəblilər kiçik bir vəsaitlə belə kitab almağın mümkün olduğunu öyrənirlər.

M. Vəliyeva, valideynlərə müraciət edərək, onları evdə kitab oxumaqla övladları üçün nümunə rolunu oynamağa çağırıb. Sosial medianın uşaqların prioritetinə çevrildiyi bir zamanda həm valideynlərin, həm də uşaqlara kitabı sevdirən bu cür kitab festivallarının rolundan bəhs edib.   

Festival uşaqların ifasında müsiqilərin səsləndirilməsi ilə davam edib. ​

Qeyd edək ki, 4 gün davam edəcək Festival çərçivəsində hər gün minlərlə uşaq kitabının endirimli qiymətlərlə satışı, tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, əyləncəli kukla tamaşaları nümayiş etdiriləcək. Həmçinin festivalda uşaqlar üçün intellektual master-klasslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil ediləcək.