Regionlarda ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədilə tədbirlər keçirilib

14 aprel 2025 14:18

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 7-11 aprel 2025-ci il tarixlərində mərkəzlərin, rayon icra hakimiyyətləri, idarə və müəssisələrin əməkdaşları, gənclər, gənc ailələr və icma sakinlərinin iştirakı ilə əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədilə maarifləndirici görüşlər keçirilib.

Tədbirlərdə çıxış edənlər ailə dəyərləri, ailə institutunun formalaşması və qorunub saxlanılmasının əhəmiyyətindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışıblar. Qeyd edilib ki, ailənin möhkəm və sağlam olması üçün ailədə açıq və dürüst ünsiyyət qurmaq, birlikdə faydalı vaxt keçirmək, ailə üzvləri arasında anlayışlı olmaq, hörmət etmək, bir-birini dəstəkləmək, rolları və məsuliyyətləri bölüşdürmək vacibdir.

Tədbirlərdə mövzu ilə əlaqəli təqdimat, sosial çarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.