Bahar Muradova “Müasir idarəçilər" klubunun üzvləri ilə görüşüb

8 aprel 2025 16:58

Paylaş:

8 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) İnzibati idarəetmə fakültəsinin nəzdində fəaliyyət göstərən “Müasir idarəçilər" klubunun üzvləri ilə görüşüb.

Görüş zamanı “Dövlət idarəçiliyində ailə, qadın və uşaq siyasəti" mövzusu müzakirə edilib, qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolu, onların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması ilə bağlı fikir mübadiləsi  aparılıb.

Tələbələrə Komitənin tarixi, eləcə də fəaliyyət istiqamətlərindən bəhs edilib.  Komitənin ailə, qadın və uşaq hüquqlarının təmin olunması sahəsində qurumlararası fəaliyyəti əlaqələndirən, siyasəti müəyyənləşdirən, eləcə də yeni qanunverici təşəbbüsləri reallaşdıran dövlət orqanı olduğu, eyni zamanda BMT-nin iki komitəsində dövlət hesabatı ilə çıxış etdiyi diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədri Bahar Muradova görüş təşəbbüsünə görə tələbələrə təşəkkürünü bildirib, ictimai-siyasi sahələrin elmi-nəzəri inkişafına böyük töhfələr vermiş alimlərdən dərs aldıqları üçün şanslı olduqlarını deyib: “Siz Akademiyada təhsil almaqla Azərbaycanın ictimai-siyasi tarixi, bu günü və gələcəyinə aparan siyasi istiqamətlər barədə doğru və dəyərli bilgilər əldə etmək imkanı qazanırsınız”.

Komitə sədri Azərbaycanda bu gün həm tarixi ənənələri, həm də müstəqilliyinin bərpa olunduğu qısa zaman ərzində əldə etdiyi nailiyyətlər sayəsində yeni bir siyasi təfəkkürün formalaşdığını bildirib.   Ölkənin müstəqillik əldə etdiyi ilk illərə nəzər salan sədr, Ulu öndər Heydər Əliyevin liderliyi ilə müxtəlif siyasi baxışları olan insanların onun irəli sürdüyü milli ideologiya, yeni azərbaycançılıq məfkurəsinə əsaslanan bir sistem, siyasi konsepsiya ətrafında cəmlənə bildiklərini vurğulayıb. O, Ümummilli lider Heydər Əliyevin yeni dünya nizamını formalaşdırmağa qadir, eləcə də müasir dəyərlərə açıq, milli kimliyə və dəyərlərə sadiq dünya lideri olduğunu qeyd edib. B.Muradova əlavə edib ki, Ulu öndər yazılı ədəbiyyatımızı, tarixi irsimizi və ümumilikdə milli-mənəvi sərvətlərimizi sistemli ideoloji düşüncəyə və siyasi konsepsiyaya, cəmiyyətin həyat tərzinə və dövlətçilik sütunlarına çevirməyi bacaran nadir şəxsiyyətlərdən idi.

Ulu öndərin müəyyənləşdirdiyi siyasi xəttin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr, onları dünya siyasətinin uğur xəzinəsində öz parlaq izlərini buraxmış şəxsiyyətlər adlandırıb. Qarşıdakı onilliklərdə də bu siyasətin Azərbaycanın inkişafını təmin edəcəyinə inamını ifadə edib.

B.Muradova görüş iştirakçılarına siyasi fəaliyyəti, idarəçilik təcrübəsi haqqında, həmçinin Komitənin fəaliyyət istiqamətlərindən danışıb. Dövlət siyasətində ailə institutunun gücləndirilməsi və uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, proqramlar və gələcək strategiyalar barədə geniş məlumat verib.

“Müasir idarəçilər" klubunun yaranma tarixçəsindən bəhs edən klubun yaradıcısı, DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev, klubun başlıca məqsədinin Heydər Əliyev dövlət idarəçilik irsini araşdırmaq, öyrənmək və təbliğ etmək olduğunu deyib. Dövlət qurumları rəhbərlərinin tələbələrlə ilk görüşünün Komitədə keçirildiyin qeyd edən dekan, belə görüşlərin uğurlu təcrübə mübadiləsinə xidmət etdiyini bildirib. 

İştirakçılar açıq müzakirə və sual-cavab sessiyası zamanı mövzu ilə bağlı fikirlərini ifadə edərək, suallar ünvanlayıblar. Daha sonra onlar struktur bölmələrin fəaliyyəti ilə yaxından tanış olublar.

Qeyd edək ki, görüşün məqsədi gənclərin ailə, qadın və uşaq siyasəti barədə məlumatlılığını artırmaq, dövlət idarəçiliyində bu sahədə aparılan işlər və siyasət mexanizmləri haqqında müzakirə aparmaq və gənclərin dövlət qurumları ilə əməkdaşlıq imkanlarını genişləndirməkdir.