Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Sumqayıtda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 29 oktyabr 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonları üzrə nümayəndələri və fəalları üçün “Liderlik bacarıqları” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqların iştirakçılıq hüququnun təmin edilməsinin, onların təşəbbüskarlığının dəstəklənməsinin və həmyaşıdları arasında bilik və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Uşaqdan-uşağa” prinsipi əsasında təşkil olunan təlimlər uşaqların bilik və bacarıqlarının inkişafına, fəal vətəndaşlıq mövqeyinin formalaşmasına, eləcə də onların ictimai proseslərdə iştirakının genişləndirilməsinə xidmət edir. O qeyd edib ki, layihə çərçivəsində keçirilən təlimlərin əsas məqsədi uşaqlarda təhlükəsiz internet istifadəsi və fərdi məlumatların qorunması ilə bağlı bilikləri artırmaq, inkişaf hüquqlarının təşviqində təşəbbüskarlığı və iştirakçılıq bacarıqlarını, eləcə də liderlik və komanda ilə işləmək qabiliyyətlərini inkişaf etdirməkdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Fidan İbrahimova çıxışında layihənin uşaqların həmyaşıdlarından öyrənməsi, sosial bacarıqlarının inkişafı və fəal vətəndaşlıq mövqeyinin formalaşması baxımından əhəmiyyətini qeyd edib, iştirakçıların fəallığını və təşəbbüskarlığını yüksək qiymətləndirib. Təlim proqramı çərçivəsində “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov internetdən təhlükəsiz istifadə, fərdi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsizlik qaydaları barədə iştirakçılara məlumat verib. Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Tərlan Əhədzadə və Fatimə Sultanlı tərəfindən liderlik, komandada işləmək və əməkdaşlıq bacarıqlarının inkişafına həsr olunmuş interaktiv təlim keçirilib. Təlimlərin davamında iştirakçılar komandalara bölünərək intellektual oyunda bilik və bacarıqlarını nümayiş etdiriblər.  Sonda təlimlərdə fəal iştirak edən uşaqlara sertifikatlar təqdim edilib.

Ətraflı
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qadınların və qızların səlahiyyətlərinin gücləndirilməsi müzakirə olunub

28 oktyabr 2026-cı il tarixində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülər qurmaq üçün qadınların və qızların səlahiyyətlərinin gücləndirilməsi” mövzusunda panel sessiyası keçirilib. Heydər Əliyev Fondu,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) tərəfdaşlığı ilə təşkil olunan sessiyada qadınların və qızların təhsil imkanlarının genişləndirilməsi, iqtisadi səlahiyyətlərinin gücləndirilməsi, liderlik potensialının inkişafı, rəqəmsal inklüzivlik və qərarvermədə iştirakının artırılması məsələləri müzakirə olunub. UN Women təşkilatının BMT Sistemində Koordinasiya üzrə Direktorluğunun rəhbəri və Nayrobidə yerləşən Qlobal Ofisin rəhbəri Alice Shackelford iştirakçıları salamlayaraq, sessiyanın mövzusunun müasir dövrdə xüsusi aktuallıq daşıdığını qeyd edib. O, qadınların və qızların bilik və bacarıqlarının inkişaf etdirilməsinin, liderlik imkanlarının genişləndirilməsinin və onların qərarvermə proseslərində fəal iştirakının təmin olunmasının daha inklüziv, ədalətli və dayanıqlı cəmiyyətin qurulması baxımından əhəmiyyətini vurğulayıb. A.Shackelford bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, bərabər imkanların yaradılmasının və mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyinə diqqət çəkib. Sessiyanın açılışında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova müasir dünyada qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsində mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb. O, qadınların və qızların bilikləri, liderlik keyfiyyətləri və təşəbbüsləri ilə cəmiyyətlər arasında körpülər qurduqlarını, ortaq gələcəyin formalaşmasına töhfə verdiklərini bildirib. Dövlət Komitəsinin sədri Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesinin mədəniyyətlərarası dialoqun təşviqində roluna toxunaraq, 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində irəli sürülmüş “Qızların Təhsilinə İnvestisiya üzrə Qlobal Humanitar Çağırış”ın əhəmiyyətini qeyd edib. Qızların təhsilinin Azərbaycanın maarifçilik tarixində mühüm yer tutduğunu vurğulayan Bahar Muradova bu sahədə tarixi ənənələrin müasir dövrdə də davam etdirildiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun, xüsusilə onun prezidenti Mehriban Əliyevanın təhsilə və qadınların inkişafına yönəlmiş təşəbbüslərinin də bu ənənənin müasir dövrdə davam etdirilməsinə əhəmiyyətli töhfə verirdiyini qeyd edib. Qızların təhsilinə dəstək istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verən B.Muradova bildirib ki, 2021-ci ildən icra olunan “Qızların Təhsilinə Dəstək” layihəsi və digər proqramlar çərçivəsində beş il ərzində 730 qızın, Hənifə Məlikova-Zərdabi təqaüd proqramı vasitəsilə isə 317 tələbə qızın təhsilinə töhfə verilib. Qeyd edib ki, otuzdan artıq universiteti təmsil edən məzun şəbəkəsinin yaradılması da bu təşəbbüslərin davamlılığını təmin edən mühüm nəticələrdəndir. Çıxışda qızların keyfiyyətli təhsilə çıxışının, elmə və texnologiyalara marağının artırılmasının, rəqəmsal bacarıqlarının inkişafının və təhlükəsiz rəqəmsal mühitin təmin edilməsinin vacibliyi vurğulanıb. Qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi baxımından məşğulluq, sahibkarlıq, maliyyə resurslarına çıxış, peşə hazırlığı və mentorluq imkanlarının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bahar Muradova Azərbaycanda qadınların siyasi və ictimai təmsilçiliyində əldə olunan irəliləyişlərə də diqqət çəkib. Milli Məclisdə qadınların təmsilçiliyinin 2005-ci ildəki 11,2 faizdən 2024-cü ildə 20,8 faizə, bələdiyyələrdə isə 2004-cü ildəki 4 faizdən 2025-ci ildə 39,3 faizə yüksəldiyini bildirib. Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının bu istiqamətdə görülən işlərin davam etdirilməsində rolunu vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış prosesinə də toxunan sədr qadınların məşğulluğunun, sahibkarlıq təşəbbüslərinin və yerli icmaların inkişafında iştirakının dayanıqlı həyatın qurulmasına töhfə verdiyini qeyd edib. Çıxışının sonunda Bahar Muradova mədəniyyətlərarası dialoqun müxtəlif cəmiyyətlərin təcrübələrinin bölüşülməsi və uğurlu həll yollarının tətbiqi üçün əhəmiyyətini vurğulayaraq, sessiyanın konkret tövsiyələrin və gələcəyə yönəlmiş əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Panel sessiyası məruzəçilərin çıxışları ilə davam edib. Çıxış edən Heydər Əliyev Fondunun Gənclər Təşkilatları ilə İş və Könüllü Hərəkatları üzrə Ofisinin rəhbəri Aydan Ramazanova, UN Women təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Elisa Fernandez Saenz, Africa Forward Məsləhətçi Qrupunun nümayəndəsi Anais Roxanne Dagrou, Scheherazade Fondunun prezidenti və təsisçisi Wajiha Harris, Kahane BMT Proqramının rəhbəri, prezident və baş icraçı direktor Dr. Azza Karam, eləcə də BMT Gənclər Şurasının nümayəndəsi Nurayim Muratbekova qadınların və qızların səlahiyyətlərinin gücləndirilməsinin müxtəlif aspektlərinə toxunublar. Sessiyada çıxış edən Heydər Əliyev Fondunun Gənclər Təşkilatları ilə İş və Könüllü Hərəkatları üzrə Ofisinin rəhbəri Aydan Ramazanova qadınların və qızların səlahiyyətlərinin gücləndirilməsində inklüziv təhsilin, peşə bacarıqlarının inkişafının və iqtisadi imkanların genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Heydər Əliyev Fondunun təhsil və sosial inklüzivlik sahəsində həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən bəhs edib. Həmçinin təhsil, bacarıq və məşğulluq imkanlarının əlaqələndirilməsinin, təşəbbüslərin yerli ehtiyaclara uyğunlaşdırılmasının qadınların cəmiyyətin inkişafında fəal iştirakını təmin etmək baxımından vacibliyini vurğulayıb. Çıxışlarda qızların təhsili, qadınların iqtisadi səlahiyyətlərinin gücləndirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi, qərarvermə proseslərində təmsilçiliyinin artırılması və rəqəmsal inklüzivlik məsələləri önə çəkilib. Həmçinin, müxtəlif mədəniyyətlər və nəsillər arasında dialoqun gücləndirilməsinin, bərabər imkanların yaradılmasının və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin daha ədalətli, inklüziv və dayanıqlı gələcəyin qurulmasında mühüm rol oynadığı vurğulanıb. Sonda qadınların və qızların səlahiyyətlərinin gücləndirilməsi məqsədilə rəqəmsal savadlılıq və süni intellekt təlimlərinin məktəb proqramlarına daxil edilməsi, yerli səviyyədə inklüziv maliyyələşmə mexanizmlərinin yaradılması, STEM sahələrində qadın mentorluq şəbəkələrinin qurulması, eləcə də 2030-cu ilə qədər təhsildə və məşğulluqda olmayan gənc qadınların nisbətini azaltmaq üçün milli hədəflərin müəyyənləşdirilməsi və digər tövsiyələr səsləndirilib.

Ətraflı
Məktəb psixoloqlarının iştirakı ilə “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda  seminar keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda növbəti seminarlar keçirilib.  23 oktyabr 2026-cı il tarixdə baş tutan seminarda Nizami və Suraxanı rayonu ərazisində yerləşən məktəblərin psixoloqları, 27 oktyabr 2026-cı il tarixdə keçirilən seminarda isə Binəqədi və Qaradağ rayonu ərazisində yerləşən məktəblərin psixoloqları iştirak edib.  Keçirilən seminarların məqsədi məktəb psixoloqları tərəfindən məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara dərhal psixoloji yardımın göstərilməsi, məktəb psixoloqlarının bu sahədə rolunun artırılması və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsidir.  

Ətraflı
Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun 2026-cı ilin üçüncü rübünün yekununa dair iclası keçirilib. İclası monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açaraq gündəlikdə duran məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması və üç aylıq hesabat iclasın gündəliyində duran əsas məsələlərdən olub. İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndəsi, o cümlədən Sumqayıt Şəhər, Pirallahı Rayon və Xəzər Rayon İcra Hakimiyyəti başçılarının müavinləri, yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri iştirak edib. Həmçinin Daxili İşlər Nazirliyinin məişət zorakılığı ilə mübarizə sahəsində görülən işlər barədə üç aylıq hesabatı və yerli monitorinq və əlaqələndirmə qruplarının sədrlərinin rayon üzrə hesabatları təqdim edilib. İclasın sonunda müzakirələr aparılıb, zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi təklif edilib.

Ətraflı
Abşeronda “Uşaqlar və hüquq” mövzusunda maarifləndirici görüş keçirilib

27 oktyabr 2026-cı il tarixində Abşeron rayon Ceyranbatan qəsəbəsi  1 saylı orta məktəbdə  uşaqların hüquqi biliklərinin artırılması məqsədilə “Uşaqlar və hüquq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Selcan Abdullayeva çıxış edərək uşaqların təhlükəsizliyinin təmin olunması və onların hüquqlarının qorunması istiqamətində görülməli olan zəruri tədbirlər barədə məlumat verib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə iştirakçıları uşaq hüquqları sahəsində milli qanunvericiliyin əsas müddəaları və mövzu ilə bağlı digər məsələlər barədə məlumatlandırıb. İnteraktiv müzakirələr şəklində təşkil olunan görüşdə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və Hüquq” adlı maarifləndirici vəsaitdən istifadə olunub, həmçinin şagirdlərin biliklərinin möhkəmləndirilməsi məqsədilə müvafiq test tapşırıqları yerinə yetirilib.  

Ətraflı
Salyanda vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 noyabr 2026-cı il tarixində, saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Salyan və Neftçala rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib

26 oktyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib. Öncə Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova media nümayəndələrini Mərkəzlə tanış edib, fəaliyyət istiqamətləri və göstərdiyi xidmətləri diqqətə çatdırıb. O, “Uşaqların yaş xüsusiyyətlərinə uyğun inkişaf göstəricilərinin ilkin qiymətləndirilməsi və mümkün inkişaf gecikmələrinin müəyyən edilməsi məqsədilə keçirilən “Denver II” qiymətləndirmə testi, eləcə də digər psixoloji xidmətlər barədə ətraflı məlumat verib. Daha sonra psixoloq Fəridə Qəhrəmanovanın təqdimatında “Şəxsiyyət yüksəlişi” treninqi izlənilib.  Çıxış edən Dövlət Komitəsinin əməkdaşı Ülviyyə Usubova UADM-lərin fəaliyyəti barədə məlumat verərərək, həssas kateqoriyadan olan ailələrə və şəxslərə göstərilən psixososial dəstək tədbirlərindən danışıb. Qeyd edib ki, Mərkəzlərin fəaliyyətində ailə dəyərlərinin təbliği, mütəxəssislərin bilik və bacarıqlarının artırılması, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində maarifləndirici layihələrin təşkili və həyata keçirilməsi əsas yer tutur. Sosial iş üzrə mütəxəssis Aytac İbrahimova Mərkəzin fəaliyyəti və sosial işin aparılması barədə geniş təqdimatla çıxış edib, psixoloq Aytəkin Məmmədovanın Mərkəzdə psixoloji işlə bağlı çıxışı dinlənilib.Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün növbəti təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fərdi məlumatlarla işləyən struktur bölmə əməkdaşları üçün fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimlənməsinə dair təlim təşkil olunub. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilən təlimdə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin əməkdaşı Xəyalə Abbaslı-Əsgərli tərəfindən qanunvericiliyin tələbləri, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və fəaliyyət prosesində diqqət yetirilməli olan əsas məqamlar ətraflı izah olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Ətraflı
“Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyi qeyd olunub

2026-cı il oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə reallaşdırılan “Qızların Təhsilinə Dəstək” layihəsinin beş illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qızların Təhsilinə Dəstək” layihəsinin beş il ərzində keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri və qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri əks etdirən film nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, qızlar məktəbinin 125 illiyinin və “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyinin mühüm tarixi və ictimai əhəmiyyət daşıdığını bildirib. O, qızların təhsilinin cəmiyyətin tərəqqisinin, milli inkişafın və gələcək nəsillərin rifahının əsas şərtlərindən biri olduğunu vurğulayaraq, Tağıyevin maarifçilik ideyalarının bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb. Həmçinin müstəqil Azərbaycanda qadınların hüquq və imkanlarının genişləndirilməsi, təhsilin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bu tarixi ənənənin davamı olduğunu qeyd edib. Bahar Muradova layihənin beşillik fəaliyyətinin qızların təhsil imkanlarının genişləndirilməsi, onların potensialının üzə çıxarılması və gələcək peşə fəaliyyətinə hazırlanması baxımından önəmini vurğulayıb. Müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt və əmək bazarının yeni tələblərinin gənclərdən fərqli bacarıqlar tələb etdiyini bildirən Dövlət Komitəsinin sədri qızların elm, mühəndislik, informasiya texnologiyaları, hüquq və digər perspektivli sahələrə marağının dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb. B. Muradova, qızların təhsilinə və gələcək inkişafına dəstəyin genişləndirilməsi üçün dövlət qurumlarını, ali təhsil müəssisələrini, sahibkarları, şirkətləri və uğur qazanmış qadınları əməkdaşlığa dəvət edib. O, mentorluq, təcrübə və peşəkar inkişaf imkanlarının yaradılmasının gənc qızların potensialını reallaşdırmasına, gələcək karyeralarına inamının artmasına və ölkənin inkişafına töhfə verməsinə şərait yaradacağını bildirib. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qızların təhsilinə dəstəyin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahəyə yatırılan investisiyalar yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. O, qızların təhsilinin cəmiyyətin intellektual potensialının gücləndirilməsi və gələcək nəsillərin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Təhsilli qızların gələcəkdə övladlarını savadlı, müstəqil və məsuliyyətli vətəndaşlar kimi yetişdirməsi bu sahəyə yatırılan investisiyaların uzunmüddətli təsirini göstərir. Nazir, həmçinin qadınların dövlət və özəl sektorda, eləcə də cəmiyyətin müxtəlif sahələrində qərarların qəbulunda iştirakının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu, dayanıqlı inkişafın və daha sağlam cəmiyyətin formalaşmasının vacib amillərindəndir. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli layihənin qızların təhsil imkanlarının genişləndirilməsi, onların potensialının üzə çıxarılması və təhsildə bərabər imkanların təmin olunmasında oynadığı mühüm rola diqqət çəkib. N.Məmmədli, dövlət, təhsil və özəl sektor arasında əməkdaşlığın qızların təhsilinə dəstək təşəbbüslərinin davamlılığında roluna toxunaraq, layihənin həyata keçirilməsinə dəstək göstərən tərəfdaşlara təşəkkürünü bildirib. Yeni tərəfdaşların layihəyə qoşulmasının təşəbbüsün inkişafına və əhatə dairəsinin genişlənməsinə təkan verəcəyini vurğulayıb. Layihəyə qoşulmağın hər il onlarla tələbəyə təhsil dəstəyi göstərmək baxımından mühüm imkan yaratdığını bildirən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev belə mütərəqqi təşəbbüsün bir parçası olmaqdan məmnunluğunu ifadə edib. O, tələbələri bir araya gətirən geniş birliyin formalaşmasının və onların peşəkar təcrübə qazanmasına imkan yaradılmasının əhəmiyyətini vurğulayaraq, təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib. Beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub, təhsilin insana seçim imkanları qazandırdığını vurğulayaraq, bu təşəbbüsün qızların potensialına inamın və onların gələcəyinə verilən dəyərin göstəricisi olduğunu qeyd edib. F.Eyyub gənc qızlara tövsiyələrini çatdıraraq, hər bir uğurun kiçik addımlardan başladığını və seçilən peşədə nailiyyət qazanmağın əsasının bilik və təhsildən keçdiyini diqqətə çatdırıb. Daha sonra Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları  Bakı Dövlət Universitetinin tələbəsi Nuray Şirinli və Azərbaycan Dillər Universitetinin tələbəsi Çinarə Məmmədova layihənin onların həyatına və şəxsi inkişafına təsirindən bəhs ediblər. Onlar layihə çərçivəsində müxtəlif mübadilə və inkişaf proqramlarında iştirak etdiklərini, təlimlərə cəlb olunduqlarını bildiriblər. İştirakçılar layihənin qızların öz potensiallarına inanması, bilik və bacarıqlarını inkişaf etdirməsi, gələcək hədəflərinə daha inamla irəliləməsi üçün mühüm platforma olduğunu vurğulayıblar. Yubiley tədbiri bədii hissəsi ilə yekunlaşıb.  

Ətraflı