Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı şəhid Aqşin Ənvərlinin ailəsidir

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Qəbələ rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən olan, şəhid Aqşin Ənvərlinin ailəsidir.
Ailə başçısı – Faiq Abdullayev 1955-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Həmin kəndin orta məktəbində təhsil alıb. Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakultəsinin arxitektor ixtisasını bitirib. 32 ildir Qəbələ İncəsənət Məktəbinin Rəssamlıq şöbəsinin müdiri vəzifəsində çalışır. F.Abdullayevin şagirdləri beynəlxalq sərgilərdə ölkəmizi təmsil edirlər.
Həyat yoldaşı Dilrubə Səmədova 1964-cü ildə Xırxatala kəndində anadan olub. Həmin kəndin orta məktəbində təhsil alıb. Daha sonra Bakı şəhər Maliyyə Kredit Texnikumunun hüquq fakultəsini bitirib. Bir müddət Qəbələ Konserv zavodunda mühasib vəzifəsində çalışıb. Hal-hazırda işləmir.
41 ildir birgə ömür sürən bu ailənin 3 övladı, 3 nəvəsi var.
Böyük oğlu Rəşad Abdullayev 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin rəssamlıq fakültəsinin təsviri incəsənət ixtisasını bitirib. Bir müddət müəllim kimi işləsə də hal-hazırda mühəndis kimi çalışır. Ailəlidir, 2 övladı var.
Qızı İlahə Abdullayeva 1987-ci ildə anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsini bitirib, hal-hazırda Dizaxlı kənd orta məktəbində müəllim işləyir. Ailəlidir, 1 övladı var.
Kiçik oğlu Aqşin Ənvərli 1994-cü ildə anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N.Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. O, uşaqlıqdan rəsm sənətinə maraq göstərib və gözəl rəsmlər çəkib. Ali təhsilini 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Aqşin Ənvərli 2018-ci ildə tibb xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli əzəli tarixi torpaqlarımızın azad edilməsi uğrunda başlanan 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan 200-ə yaxın hərbçiyə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb. Qəbələ rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aqşin Ənvərli ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Faiq Abdullayev deyir ki, “Mən şəhid atasıyam. Qürurla deyirəm ki, mənim oğlum bu torpaq uğrunda canını fəda edib. Mənim ailəm bu gün bir yerdədir. Oğlumun anası, bacısı, qardaşı və mən onun yolunu yaşatmaq üçün bir yumruq kimi birləşmişik. Biz yas saxlamırıq, biz qürur saxlayırıq. Oğlumun adı bu gün məktəbdə, küçədə, kitabda yaşadılırsa, demək biz ata və ana olaraq vəzifəmizi yerinə yetirmişik. Azərbaycan ailəsi olmaq təkcə övlad böyümək deyil, onu şəxsiyyət kimi yetişdirməkdir. Biz övladımıza həm çörək verdik, həm də ruh verdik. Və bu ruh onu şəhidlik zirvəsinə apardı.
Aqşinə sual verilən zaman deyərdi ki, mənim idealım atamdır. İndi mən deyirəm ki, mənim idealım oğlum Aqşindir”.
Bu nümuməvi ömür yolu olan ailə ilə müsahibəmizi təqdim edirik.
Xoşbəxt evliliyin sirri nədir?
Faiq Abdullayev: “Xoşbəxt evliliyin əsas sirri qarşılıqlı hörmət və anlayışdadır. Ər-arvad bir-birinin fərqliliklərini qəbul etməli və bir-birinə dəyər verməlidirlər”.
Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
Faiq Abdullayev: “Əlbəttə, fikir ayrılıqları hər ailədə olur, bu normaldır. Əsas məsələ odur ki, problemi böyütmədən, sakit və anlayışla yanaşasan”.
Vətənə, dövlətə layiqli övadların yetişməsi üçün nə etmək lazımdır?
Dilrubə Səmədova: “Hər şey ailədən başlayır. Övlad birinci tərbiyəni evdə alır. Ana-ata öz davranışı ilə uşağa nümunə olmalıdır. Biz övladlarımızı Vətənə sevgi ilə böyütmüşük. Onlar bilirlər ki, torpaq, bayraq nə deməkdir. Məncə uşağa bu dəyərlər kiçik yaşlarından aşılanmalıdır.
Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
- Dilrubə Səmədova: “Bizim ailədə qarşılıqlı hörmət və anlayış əsas prinsiplərdir. Övladlarımızla dost münasibəti qurmağa çalışmışıq, amma eyni zamanda onlara sərhədləri və məsuliyyəti də öyrətmişik.
Bu gün uşaqların tərbiyəsinə dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz
Faiq Abdullayev: “Təəssüf hissini bir şeyə görə keçiriəm ki, kaş övadlarıma olan sevgimi və diqqətimi daha çox biruzə verə bilərdim”.
Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiz?
- Dilrubə Səmədova: “Ailə həyatında hər şey gözəl olsa da, zaman-zaman çətinliklər də olur. Bu çətinlikləri birlikdə aşmaq üçün bir-birini başa düşmək, dinləmək və fədakar olmaq vacibdir”.
Ailənin qorunması və uzunömürlü olaması üçün gənc ailələrə hansı məsləhəti verərdiz?
Faiq Abdullayev: “Gənclərə də deyərdim ki, ailə qurmaq asandır, onu qorumaq çətindir. Hər şey sevgi ilə başlayır, amma ailəni saxlayan sevgi deyil, qarşılıqlı anlayış, hörmət və səbrdir”.
Hörmətli Ənvərovlar ailəsi, bir daha bizi ailənizdə qəbul etdiyinizə, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə təşəkkürümüzü bildirir, Sizə uzun ömür və möhkəm cansağlığı arzu edirik.