İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili layihəsi davam etdirilir

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili layihəsi davam etdirilir.
Layihə çərçivəsində 6 may 2025-ci il tarixində Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə uşaq və valideynlərin iştirakı ilə sosial ünsiyyət bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Zülfiyyə Sadıq iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, işğaldan azad olunmuş ərazilərdə əhali ilə aparılan psixososial işin əhəmiyyətini vurğulayıb.
Layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”sından, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib.
Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb, uşaqlara məktəb çantası, dərs ləvazimatları və kitablar hədiyyə olunub.