"İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili" layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili məqsədilə 7 may 2025-ci il tarixində Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində sosial ünsiyyət bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilib.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayon ərazi şöbəsinin əməkdaşı Gülər Cəfərli, Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Zülfiyyə Sadıq, məktəbin direktoru Şəlalə Qasımlı, məktəblilər və valideynlər iştirak ediblər.
Əvvəlcə Zülfiyyə Sadıq iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, işğaldan azad olunmuş ərazilərdə əhali ilə aparılan psixososial işin əhəmiyyətini vurğulayıb.
Sonra layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimlərdə iştirakçılar müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq uşaqlara “mən konsepsiya”dan, emosiyaların ifadə və idarə olunması yollarından bəhs edib, münasibətlərin düzgün qurulması ilə bağlı tövsiyələr verib.
Valideynlərlə keçirilən təlimlərdə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb, uşaqlara məktəb çantası, dərs ləvazimatları və kitablar hədiyyə olunub.