Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib

3 may 2025 16:17

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdən azad edilmiş qadınların cəmiyyətə sosial adaptasiyasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.

Bu istiqamətdə müəssisədə cəza çəkən qadınların azadlığa hazırlanması, azad olunduqdan sonra qısa müddətdə məşğulluğunun təmin olunmalarına kömək məqsədilə onların peşə imkanları nəzərə alınaraq, Dövlət Komitəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində məhkumluq müddətinin bitməsinə 6 aydan az qalmış qadınlarla görüş təşkil olunub.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Cəmilə Bağırova müəssisədə cəza çəkmiş qadınların peşə bacarıqlarına uyğun olaraq məşğulluğunun təmin edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin Məşğulluq imkanlarının qiymətləndirilməsi departamentinin Məşğulluq tədbirlərinin əlaqələndirilməsi şöbəsinin müdiri Cuma Nəbiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Kamran Bağırzadə səlahiyyətləri ilə bağlı məhkumları məlumatlandırıb.

Görüşün sonunda azadlığa buraxılacaq məhkumlar dinlənilib, öz bacarıq və peşələri barədə ətraflı məlumat verib.