Media
Xəbərlər

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb. Bir neçə gün davam edən düşərgə müddətində uşaqlar üçün onların asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişafı, yaradıcılıq imkanlarının dəstəklənməsi və yeni təcrübələr qazanması məqsədilə müxtəlif fəaliyyətlər təşkil olunub. Düşərgə iştirakçıları maarifləndirici və interaktiv məşğələlərdə iştirak edib, birgə oyunlar oynayıb, musiqi və rəqs proqramlarına qoşulub, yeni dostluqlar quraraq xoş və yaddaqalan anlar yaşayıblar. Düşərgənin son günündə mərkəzin üç uşağının doğum günü də birgə qeyd olunub. Uşaqlara hədiyyələr təqdim edilib, onların sevincinə şərik olunub. Düşərgənin uşaqlar üçün zəngin, təhlükəsiz və yaddaqalan təcrübəyə çevrilməsinə göstərdikləri dəyərli dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Səməd Vurğun adına İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadəyə təşəkkür plaketi təqdim edilib. Qeyd edək ki, belə layihələr uşaqların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosiallaşmasına, yeni bacarıqlar qazanmasına, özünüifadə imkanlarının genişlənməsinə və müsbət emosional təcrübə əldə etməsinə mühüm töhfə verir.

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan Yay Düşərgəsi davam edir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan Yay Düşərgəsində maarifləndirici, sosial və inkişafyönümlü tədbirlər davam edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva düşərgə iştirakçıları ilə görüşüb, uşaqlar üçün yaradılmış şərait və həyata keçirilən fəaliyyətlərlə tanış olub, onların istirahəti və düşərgə ilə bağlı təəssüratlarını dinləyib. C.Rəhmətullayeva görüş zamanı uşaqlarla səmimi söhbət aparıb, onlarla birgə musiqi nömrələri ifa edib və müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib. Düşərgə proqramı çərçivəsində iştirakçılar üçün uşaq hüquqlarının qorunması mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı iştirakçılara uşaq hüquqları, təhlükəsiz davranış qaydaları, hüquqlarının pozulduğu hallarda müraciət edə biləcəkləri dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin fəaliyyəti, xidmətə hansı hallarda və necə müraciət edilməsi yolları izah olunub. Təlimin praktik hissəsində uşaqlar Uşaq Qaynar Xətt Xidmətinə zəng edərək müraciət prosesini yaxından izləyib, xidmətin fəaliyyət mexanizmi ilə tanış olub və öz hüquqlarının müdafiəsi sahəsində biliklərini artırıblar. Düşərgə proqramının davamında uşaqlar komanda işi və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş interaktiv məşğələlərdə iştirak ediblər. Onlar müxtəlif yaradıcılıq fəaliyyətlərinə qoşularaq rəqs və musiqi nömrələri hazırlayıb, istedadlarını nümayiş etdiriblər. Milli-mədəni irsimizin təbliği məqsədilə Azərbaycan filmlərinə baxış təşkil olunub, filmlər ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, uşaqlarla ətraf mühitin mühafizəsi, ekoloji çirklənmənin qarşısının alınması və gündəlik həyatda ekoloji davranış vərdişlərinin formalaşdırılması mövzusunda maarifləndirici söhbətlər keçirilib. Yaradıcılıq məşğələləri zamanı iştirakçılar ekoloji mövzuda əl işləri hazırlayaraq təbiətin qorunmasının əhəmiyyətinə dair fikirlərini ifadə ediblər. Həmçinin düşərgə iştirakçıları arasında şahmat turniri təşkil olunub. Turnir uşaqların məntiqi təfəkkürünün, diqqətinin, strateji düşünmə və qərarvermə bacarıqlarının inkişafına töhfə verib.

Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və “Ailəm” Könüllülərinin ziyalılarla görüşü keçirildi
7 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, millət vəkili, alimlər, ziyalılar, media və incəsənət nümayəndələri, həmçinin məktəblilər və gənclər iştirak ediblər. Görüşdə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin, eləcə də Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri və “Ailəm” Könüllüləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan dili bizim milli kimliyimiz, tarixi yaddaşımız və mədəni irsimizin ən mühüm daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyev ana dilimizin dövlət dili kimi möhkəmlənməsinə, qorunmasına və inkişafına daim diqqətlə yanaşıb və bu siyasət bu gün ardıcıl şəkildə davam edir. Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır və dövlətimizin başçısı ana dilimizi “toxunulmaz sərvətimiz” adlandıraraq onun xarici təsirlərdən qorunmasının və saflığının mühafizə edilməsinin vacibliyini hər zaman vurğulayır. O bildirib ki, Ölkə başçısının 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olması ilə bağlı çox önəmli bir çağırışı oldu. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyevanın sözlərinə görə, xarici dil elementlərinin nizamsız şəkildə istifadəsi, sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması və ünsiyyət mədəniyyətində müşahidə olunan meyillər elmi yanaşma tələb edir. Bu baxımdan elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti Azərbaycan ədəbi dilinin qorunmasının əsas təminatıdır: "Dövlət dili yalnız hüquqi statusla deyil, həm də gündəlik istifadədə yüksək mədəniyyət nümunəsi ilə yaşayır. Dilimizi yaşatmaq üçün onu düzgün danışmaq, yazmaq və elmi əsaslarla inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həm də ictimai məsuliyyətdir, peşə etikasıdır, milli mədəniyyətin qorunmasına töhfədir". Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin üzvü Nuray Şahsuvarlı tərəfindən böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri səsləndirilib. Tədbir panel sessiya ilə davam edib. Panel müzakirənin moderatoru “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov olub. Panel sessiyası çərçivəsində Azərbaycan dilinin milli kimliyin formalaşmasında rolu, uşaqlar və gənclər arasında ana dilinə sevginin aşılanması, dilin saflığının qorunması, media və təhsil mühitində Azərbaycan dilindən düzgün istifadə, eləcə də müasir dövrdə qarşıya çıxan linqvistik çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Panel sessiyada Milli Məclisin deputatı Ceyhun Məmmədov “Uşaq və gənclərdə ana dilinə sevginin formalaşdırılmasında təhsilin rolu” mövzusunda çıxış edərək, təhsil müəssisələrinin və müəllimlərin gənc nəslin ana dilinə münasibətinin formalaşmasındakı rolundan danışıb. O, ana dilinin uşaqlar arasında sevdirilməsində ailənin rolunu xüsusi vurğulayıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunmasında monitorinq mexanizmləri” mövzusunda çıxış edərək, Azərbaycan dilinin istifadəsində mövcud vəziyyət, dil normalarının qorunması və monitorinq mexanizmlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Xalq artisti Nurəddin Mehdixanlı “Ana dili – Milli kimliyin və mədəni irsin əsas sütunu” mövzusunda çıxışında ana dilinin milli şüurun, mədəni yaddaşın və mənəvi dəyərlərin yaşadılmasındakı rolundan bəhs edib. ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva “Kütləvi informasiya vasitələrinin Azərbaycan dilinin saflığının qorunmasında rolu” mövzusunda çıxış edərək, media mühitində Azərbaycan dilinin düzgün və məsuliyyətli istifadəsinin, xüsusilə rəqəmsal platformalarda dil mədəniyyətinin qorunmasının vacibliyini diqqətə çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb, Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə zəngin və saf şəkildə ötürülməsi istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb.

İsmayıllı rayonunda “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib
İsmayıllı rayonunda “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 4 avqust 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonları üzrə nümayəndələri və fəalları üçün “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. O bildirib ki, “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlərin keçirilməsində əsas məqsəd internetdən istifadə zamanı təhlükəsizliyin və məlumatların qorunmasını təmin etmək, uşaqlara inkişaf hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, iştirakçılıq bacarıqlarının formalaşdırılması üçün şərait yaratmaq, eyni zamanda uşaqlarda komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir. Daha sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Əli Rəhimov çıxış edərək Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu layihənin uşaqların həmyaşıdlarından öyrənməsi, fəal vətəndaşlıq mövqeyinin formalaşması və sosial bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində uşaqların nümayiş etdirdiyi fəallığı və təşəbbüskarlığı yüksək qiymətləndirib. Ardınca Uşaq Səfirlər Məclisinin üzvləri Məhəmməd Salmanov və Nuray Bağışova uşaqların hüquqları və onların müdafiəsi ilə bağlı mexanizmləri əhatə edən təlim keçiblər. Həmçinin, uşaq iştirakçılığı, məclisin fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər. Təlimlərin davamı olaraq, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov tərəfindən internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməklə fərdi məlumatların qorunması qaydalarını iştirakçılara çatdırıb. İnteraktiv şəkildə davam edən təlimlərdən sonra iştirakçılar komandalar quraraq, intellektual oyun vasitəsilə öz biliklərini nümayiş etdiriblər. Qalib gələn komandaya simvolik hədiyyə təqdim olunub. Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatla təmin olunub.

Qazax Ailə Mərkəzində psixoloq və sosial iş üzrə mütəxəssis vəzifələrinə işə qəbul müsabiqəsi elan edilir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Qazax Ailə Mərkəzində psixoloq və sosial iş üzrə mütəxəssis vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edir. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 31 avqust 2026-cı il tarixinə qədər region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) Azərbaycan dilində tərtib edilməlidir. Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru (+99412) 493-79-62
“Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində Ağcabədidə əhali ilə görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə 31 iyul 2026-cı il tarixində Ağcabədi rayonunda “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində yerli əhali görüş keçirilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunaraq önünə gül dəstələri qoyulub, azadlığımız uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ailə institutunun möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin sağlam mühitdə böyüməsinin vacibliyindən danışıb. O, müasir dövrün sosial çağırışları fonunda maarifləndirmə işlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. R. Hüseynov milli-mənəvi irsin qorunmasının cəmiyyətin dayanıqlı inkişafında mühüm rol oynadığını bildirərək, “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsinin bu istiqamətdə səmərəli platforma olduğunu qeyd edib. İcra başçısı layihənin ailə dəyərlərinin təbliği, gənclərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə sağlam ictimai mühitin formalaşdırılmasına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova layihənin əsas məqsədinin cəmiyyətdəki sosial problemlərin həllinə ziyalıları, elm və mədəniyyət xadimlərini fəal cəlb etmək, əhali ilə davamlı dialoq qurmaq və maarifləndirmə işini sistemli şəkildə aparmaq olduğunu diqqətə çatdırıb. O, Ağcabədi rayonunda yeni yaradılan əlaqələndirici qrupun bu fəaliyyətlərin tənzimlənməsində mühüm rol oynayacağını bildirib. Sədr müavini vurğulayıb ki, dövlət tərəfindən ailə, qadın və uşaq hüquqlarının müdafiəsi, gənclərin sosial rifahı və sağlam inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, erkən evliliklərin və ailə münaqişələrinin qarşısının alınmasında, valideyn məsuliyyətinin artırılmasında hər bir vətəndaşın fəal mövqeyinin və ziyalıların maarifləndirici rolunun vacibliyi xüsusi qeyd olunub. S. Qəhrəmanova vətənpərvər, məsuliyyətli və sağlam düşüncəli gəncliyin yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladıb. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA üzrə gender məsələlərinə dair məsul şəxs Mahrux Abbasova çıxışında bildiriib ki, ailənin gələcəyi böyük qərarlarla yanaşı, həm də kiçik addımlardan, ailəyə vaxt ayırmaqdan, uşaqları dinləməkdən ibarətdir. Ailə üzvləri bir-birinə hörmət etməklə cəmiyyətdə də qarşılıqlı hörmət mühitinin formalaşmasına şərait yaradırlar. Gələcəyə olan inam və ümid məhz ailədən başladığını vurğulayıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial fəlsəfə və ekoloji problemlər” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov ailənin mühüm sosial institut olduğunu vurğulayaraq, onun qorunmasına dair sistematik işlərin aparılmasının vacibliyindən danışıb. Eyni zamanda, reproduktiv sağlamlığın qorunmasının bugünkü gündə böyük əhəmiyyət kəsb etdiyini və gənclərin bu sahədə daha məlumatlı olmalarına ehtiyac olduğunu diqqətə çatdırıb. Müzakirələr zamanı yeni yaradılmış yerli Əlaqələndirici Şuranın üzvləri, Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, “Aran yolu” qəzetinin redaktoru Məhsəti Ağayeva və Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev çıxış edərək layihənin aktuallığını yüksək qiymətləndiriblər. Onlar ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin tərbiyəsi və maarifləndirmə işinin miqyasının genişləndirilməsi ilə bağlı dəyərli fikir və təkliflərini irəli sürüblər. Layihəsi çərçivəsində maarifləndirici görüşlərin respublikanın digər regionlarında da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

“Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27-31 iyul 2026-cı il tarixlərində “Sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbirlər keçirilib. İnteraktiv şəkildə keçirilən tədbirlərdə Mərkəz əməkdaşları və tibb işçiləri tərəfindən uşaqlara sağlam həyat tərzinin əsas prinsipləri barədə ətraflı məlumat verilib, fiziki aktivlik, sağlam qidalanmanın faydaları, şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyətindən danışılıb, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilib. Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici videoçarxlar nümayiş etdirilib.

“Mənim hüquqlarım” təşviqat avtobusu Şamaxı rayonunda
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 27-29 iyul 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Şamaxı rayonuna növbəti səfər təşkil olunub. Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqədirli, Dağ Bağırlı, Quşçu, Həmyəli və Mərzəndiyə kəndlərində 133 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib. Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Cəfərova, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Gülər Rzayeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər. Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb. Təlimlərin sonunda uşaqlara müxtəlif bədii kitablar hədiyyə edilib, mövzu ilə əlaqəli yapışqanlı stikerlər paylanılıb.

Gender məsul şəxslərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təlim keçirilib
Dövlət qurumlarında fəaliyyət göstərən gender məsələləri üzrə məsul şəxslərin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 29 iyul 2026-cı il tarixində təlim keçirilib. Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu gün rəqəmsallaşma dövlət idarəçiliyinin, iqtisadi inkişafın, vətəndaş məmnunluğunun və təhlükəsizliyin əsas sütunlarından birinə çevrilmişdir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə dövlət qurumlarının rəhbər şəxslərinin, eləcə də bütün əməkdaşların rəqəmsal bacarıqlara malik olması strateji zərurətdir: “Əvvəllər rəqəmsallaşma əsasən İT mütəxəssislərinin məsuliyyəti hesab edilirdisə, bu gün uğurlu rəqəmsal transformasiyanın əsas şərtlərindən biri məhz dövlət qurumlarında çalışan hər bir əməkdaşın bu prosesi düzgün idarə etməsi, texnologiyaların imkanlarını anlaması və strateji qərarları rəqəmsal yanaşma əsasında qəbul etməsidir” - deyə o əlavə edib. Sədr müavini rəqəmsal transformasiyanın qadınlar və qızlar üçün yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər yaratdığını da diqqətə çatdırıb. O vurğulayıb ki, bu gün onlar onlayn zorakılıq, kibertəqib, kiberbullinq, şəxsi məlumatların qanunsuz yayılması, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntü, dezinformasiya və rəqəmsal fırıldaqçılıq kimi çağırışlarla daha çox üzləşirlər. Bu istiqamətdə qadınların yalnız rəqəmsal alətlərdən istifadə etməyi deyil, eyni zamanda rəqəmsal mühitdə gender əsaslı riskləri vaxtında müəyyən etməyi, kibertəhlükəsizlik mədəniyyətini təşviq etməyi, süni intellekt sistemlərinin etik tətbiqinə nəzarət etməyi və dövlət proqramlarının hazırlanmasında gender yanaşmasını nəzərə almağı bacarmalıdırlar. Təlim zamanı Caspian İnnovasiya Mərkəzinin baş süni intellekt mütəxəssisi, informasiya təhlükəsizliyi üzrə təlimçi Tahir Qurbanov, Samsung Research Canada, aparıcı proqram təminatı mühəndisi Adil Əliyev, Rəqəmsal transformasiya, innovasiya və süni intellekt siyasəti üzrə ekspert Aygün Əhmədova tərəfindən Azərbaycanın rəqəmsal inkişaf prioritetləri, müasir kiber təhdid landşaftı, sosial mühəndislik, rəqəmsal şəxsiyyət və məlumat təhlükəsizliyi, süni intellektin tətbiq imkanları, bu texnologiyanın yaratdığı risklər, etik yanaşmalar və məsuliyyətli istifadə prinsipləri barədə təqdimatlar keçirilib. Həmçinin, iştirakçılara rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları ilə bağlı praktiki tövsiyələr verilib. Yekunda iştiraka görə sertifikatlar təqdim olunub. Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın 2.4-cü bəndinə müvafiq olaraq təşkil edilib. Süni İntellekt alətlərindən effektiv və təhlükəsiz istifadə Cyberforward: Təhlükəsiz Rəqəmsal Gələcəyə Doğru Azәrbaycanın Rәqәmsal İnkişaf Prioritetlәri vә Süni İntellekt Süni İntellekt: Tətbiq İmkanları, Risklər və Məsuliyyətli İstifadə
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi