Akademik Zərifə Əliyevanın xatirəsi yad edilib

24 aprel 2025 14:37

Paylaş:

24 aprel 2025-ci il tarixində Sumqayıt şəhərində Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş "Uğurlu Qadın Olmağın Sirri" mövzusunda tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Zərifə xanım Əliyevanın Azərbaycan tarixində özünəməxsus iz qoyan alim, əməyi, şəxsiyyəti, xalqına və milli-mənəvi dəyərlərinə bağlılığı ilə seçilən bir xanım olduğunu bildirib. O, Zərifə xanımın Azərbaycanın insan kapitalının zənginləşməsinə böyük töhfə verdiyini, yaşadığı qısa ömür ərzində böyük tarixi uğurlara imza atdığını əlavə edib: “Onun uğurunun sirri yalnız intellektində və elmi nailiyyətlərində deyildi. Onun uğuru – dürüstlüyündə, insanlara sevgisində, ailəyə və peşəsinə eyni səviyyədə göstərdiyi məsuliyyətdə idi. Akademik Zərifə xanımın timsalında biz bir daha anlayırıq ki, qadının uğuru – nə qədər insanın həyatına toxunduğu, arxasında buraxdığı iz və gələcək nəsillərə ötürdüyü dəyərdir”.
Azərbaycanın tarixi keçmişindən bugünədək örnək qadınlarından söz açan B.Muradova, Zərifə xanımın da belə örnək xanımlardan biri olduğunu deyib: “O hər birimiz üçün insan, qadın, həyat yoldaşı, ana, bacı, iş yoldaşı və dost olmanın örnəyi və nümunəsini yaradıb”. B.Muradova Zərifə xanımı insanlığı, nəcibliyi və hissiyatı ilə idrakı arasında düzgün körpü yarada bilmiş bir mühəndis adlandırıb.
Ulu öndərin xalq qarşısında xidmətlərindən danışan sədr, onun Azərbaycan qadınının ictimai-siyasi həyatda rolunun güclənməsində, hüquq və azadlıqlarının təmin olunmasında, təhsil və cəmiyyətə inteqrasiyasında misilsiz töhfələr verdiyini vurğulayıb: “Xalq o zaman güclü olur ki, onun mövcudluğu dövründə əldə etdiyi bütün nailiyyətləri ümumi bir dəyərlər sisteminə çevirərək öz şəxsiyyətində daşımağı bacaran şəxsiyyətləri çox olur. Azərbaycanın belə insanları çoxdur. Bu xalqa xidmətin ən böyük örnəyidir”.
Çıxışının sonunda “Gənc qızların təhsilinə dəstək” təqaüd proqramı haqqında məlumat verən sədr, proqram çərçivəsində reallaşdırılan “Zərif Mühəndislər” layihəsindən danışıb.