İnternet təhlükəsizliyi mövzusunda görüş keçirilib

Paylaş:
22 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbdə “İnternet təhlükəsizliyi” mövzusunda görüş keçirilib.
Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov uşaqların onlayn mühitdə qarşılaşa biləcəyi risklər, təhlükəli məzmunlardan qorunma yolları və internetdən istifadə edən zamanı valideyn nəzarətinin əhəmiyyəti barədə danışıb.
Daha sonra "Ailəm könüllüləri" proqramının iştirakçısı Gülgün Şəfiyeva “İnternet təhlükəsizliyi” mövzusunda təqdimatla çıxış edərək, şagirdlərə şifrə təhlükəsizliyi, şəxsi məlumatların qorunması, onlayn zorakılıq və kibertəhlükələrə qarşı müdafiə üsulları barədə ətraflı məlumat verib.
Sonda uşaqların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb, eləcə də internet təhlükəsizliyi ilə bağlı sosial çarx nümayiş olunub.