"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib

Paylaş:
Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın rəsmi açılış mərasimində çıxış edib.
Tədbirin əhəmiyyətini vurğulayan B.Muradova, konfrans çərçivəsində baş tutacaq müzakirələrin ölkəmizdə əmək münasibətlərinin daha da inkişaf etdirilməsi, sosial ədalətin təmin olunması və ailələrin rifahı baxımından mühüm nəticələrə gətirib çıxaran istiqamətləri müəyyən edəcəyini qeyd edib.
Layiqli əmək, təhlükəsiz iş yerləri, əmək mədəniyyəti və işçilərin uzunömürlü əmək qabiliyyətinin dəstəklənməsinin məşğulluq sahəsində ən vacib dəyərlər olduğunu bildirən Komitə sədri, səmərəli hüquqi çərçivələr və onların implementasiyası üzrə mövcud mexanizmlərin, sosial partnyorluq və ictimai nəzarətin isə bu dəyərlərin həyata keçirilməsinin effektiv vasitələri olduğunu diqqətə çatdırıb: “Bu bir həqiqətdir ki, insanların hüquq və ləyaqətini qorumağa yönələn hər bir addım həm də ailələrin həssas təbəqələrdən olan insanların rifahına, ümumən cəmiyyətin dayanıqlı inkişafına təsir göstərir”.
Təhlükəsiz və layiqli əməyin, həm də insan hüquqlarının qorunması kontekstində mühüm məsələ olduğunu qeyd edən B.Muradova, bu əlamətdar günün dünyada qeyd olunmasının bütövlükdə cəmiyyətin diqqətini bu istiqamətə yönəltməyə və mövcud imkanları bir daha nəzərdən keçirməyə imkan yaratdığını bildirib.
Bu gün dünyada dövlətlərin fəaliyyət gündəliyinin əsas prioritetlərindən birinin əməkçi insanların, o cümlədən ailələrin sosial rifahını möhkəmləndirmək, qadınların və uşaqların hüquqlarını qorumaq, yeni reallıqlar və yeni risklər fonunda hər kəs üçün bərabər imkanlar yaratmaq olduğunu deyən sədr əlavə edib ki, bu baxımdan hər bir işəgötürən iş yerinin təhlükəsizliyinin və işçilərin dayanıqlı əmək şəraitinin təmin edilməsində maraqlı olmalıdır.
B. Muradova qeyd edib ki, rəqəmsallaşma və süni intellektin tətbiqinin iş yerlərinə təsirinin artdığı, bu sahədə yeni məşğulluq formalarının sürətlə yayıldığı bir dövrdə işçi hüquqlarının gələcəyin çağırışlarına uyğun olaraq daha da möhkəmləndirməliyik.
Qarabağa qayıdan ailələrin məşğulluğunun təmin edilməsinin, layiqli və təhlükəsiz iş şəraiti ilə təmin olunmasının vacib məsələ kimi diqqətdə saxlanıldığını bildirən sədr, xüsusilə Böyük Qayıdış prosesi çərçivəsində ailələrimizi yeni yaranmış smart kənd və şəhərdə yaşamaq imkanlarına və bacarıqlarına sahib olması üçün lazım olan bütün addımları atılmalı olduğunu diqqətə çatdırıb.
Komitə sədri çıxışının sonunda əlaqələndirilmiş birgə fəaliyyətin daha ədalətli, işçi haqlarını qoruyan və daha çox insan mərkəzli bir cəmiyyət qurmağa kömək edəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə baş tutub.