Media
Xəbərlər

"Güclü Zəriflər" adlı sosial təbliğat məqsədli teatr tamaşası nümayiş olunub
10 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Üçüncü Bahar ”Yaşlılara Dəstək İctimai Birliyinin əməkdaşlığı ilə birgə həyata keçirilən “Selektiv abortlarla mübarizə” Kampaniyası çərçivəsində "Güclü Zəriflər" adlı sosial təbliğat məqsədli teatr tamaşası nümayiş olunub. Müəllifi İlqar Fəhmi, rejissoru Respublikanın əməkdar artisti Nicat Kazımov olan bu tamaşa bir neçə özəlliyi ilə seçilir. Tamaşa dövrümüzün həssas problemlərindən olan cinsi ayrı-seçkilik, selektiv abortlarla mübarizə, qız uşaqlarının hüquqlarının pozulması, erkən nikah və qohum evliliklərinə qarşı çağırışı özündə ehtiva edir. Tamaşadan sonra çıxışlar dinlənilib. Qonaqları salamlayan Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün nümayiş olunan ailə dramına həyatda çoxlarının şahid olduğunu, səhnədə səslənən fikirlərin çoxlarının eşitdiyini bildirib. Azərbaycanın mövcud olduğu tarix boyu böyük inkişaf yolu keçdiyini, xalqımızın tarixi və mədəniyyətinə, milli adət-ənənələrinə daim hörmət göstərib, onu qiymətləndirdiyini vurğulayıb. Müsbət adətlərlə yanaşı, bəzən streotiplərin də önə keçdiyini qeyd edən sədr bildirib ki, onlarla mübarizədə xalqın düşünən beyinləri olan dəyərli sənətkarların, eləcə də möhtəşəm Hüseyn Cavidin fikirləri xalqın önündə bir mayak olmuşdur. O əlavə edib ki, aydınlarımız xalqın inkişafını və onun gələcəyini düşünərkən qadınların da kişilərlə bərabər inkişafa layiq olduğunu vurğulamış, dövrünün mənfi stereotiplərinə qarşı ən müxtəlif vasitələrlə çıxmışlar. Bu gün də prosesin davam etdiyini qeyd edən B. Muradova, günümüz yazarlarının qələmindən çıxmış bir əsər əsasında hazırlanmış tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Çıxışının sonunda Komitənin müvafiq sahədə uzun illərdir gördüyü işlərdən danışan Komitə sədri, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na da diqqət çəkib. O, bu istiqamətdə qanunvericilik sahəsində də mühüm dəyişiklərin olacağına inamını ifadə edib. B.Muradova belə aktual və vacib əhəmiyyətli layihələri dəstəkləməyə daim hazır olduqlarını bildirib. “Üçüncü Bahar” İctimai Birliyinin sədri Nərmin Qəniyeva çıxışında təşkilatın 8 il ərzində keçdiyi yola nəzər salıb, ötən dövr ərzində yaşlıların cəmiyyətə inteqrasiyası məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, Üçüncü Bahar” layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. N.Qəniyeva sonda Dövlət Komitəsinə əməkdaşlığa görə təşəkkürünü bildirib və belə layihələrin davamlı olmasını arzulayıb. Daha sonra tamaşanın rejissoru, Respublikanın əməkdar artisti Nicat Kazımov və birliyin üzvü Pəri Tağıyevanın çıxışları dinlənilib. Qeyd edilib ki, son dövrlərdə selektiv abortlar ictimaiyyəti narahat edən ciddi bir müzakirə obyektinə çevrilib. Məhz bu halın qarşısının alınması sahəsində görülən işlərin davamı olaraq keçirilən tamaşanın cəmiyyət üçün də töhfə olacağını qeyd ediblər. Çıxışlardan sonra tamaşa iştirakçılarına təşəkkürnamələr təqdim olunub. Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi adından qurama tablosu hədiyyə edilib.

Regionlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri, o cümlədən “Ailədə uşaqların cinsinə görə ayrı-seçkilik yolverilməzdir” mövzusunda dəyirmi masalar, təhsildən yayınan və risk qrupundan olan uşaqların aşkar edilməsi, problemlərinin öyrənilməsi və həlli ilə bağlı görüşlər keçirilib, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrinə monitorinqlər təşkil edilib. Tədbirlərdə və monitorinqlərdə mərkəzlərin, yerli icra hakimiyyətlərinin və Ombudsmanın Regional Mərkəzinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, təhsil, tibb və mədəniyyət işçiləri, valideynlər, tələbələr, icmadan olan sakinlər iştirak ediblər. Görüşlər və monitorinqlər zamanı təhsildən yayınan uşaqlar haqqında məlumatlar toplanılıb və nəzarətə götürülüblər. Maarifləndirmə tədbirlərində “İnsan Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi, eləcə də ölkəmizdə qüvvədə olan qanunvericilik aktları haqqında ətraflı məlumat verilib, Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, sevgi ilə böyüməsinin vacibliyi vurğulanıb, uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda müvafiq qurumlara vaxtında məlumat verilməsinin zəruriliyi qeyd edilib. Cinsi ayrı-seçkiliyin, gender stereotiplərinin aradan qaldırılması, erkən nikah, təhsildən yayınma, məişət və gender əsaslı zorakılıq halların qarşısının alınması istiqamətində aparılan işlər və dövlət proqramları barədə məlumat verilib. Ekspertlər doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərərləri barədə danışıblar. Tədbirlərdə müvafiq mövzularda sosial çarxlar nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məhkum qadınlarla görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların problemlərinin öyrənilməsi, hüquqi maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 7 may 2024-cü il tarixində Komitə əməkdaşlarının 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlarla görüşü keçirilib. Görüş zamanı 18 məhkum qadının müraciətləri dinlənilib. Müraciətlər arasında məhkumların internat və uşaq evlərində təhsil alan uşaqlarının problemləri, özlərinin və ailələrinin sosial vəziyyəti, ailələri ilə əlaqələri kəsilmiş qadınların doğmaları ilə ünsiyyət saxlamaları, vəkil ilə təmin olunma və digər məsələlər yer alıb. Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcəkdir.

Sədaqət Qəhrəmanova Düşənbədə keçirilən “Qadınlar və Su” Beynəlxalq Forumunda iştirak edib
10 iyun 2024-cü il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Üçüncü Yüksək Səviyyəli Konfrans çərçivəsində “Qadınlar və Su” Beynəlxalq Forumu keçirilib. Su resurslarının idarə olunmasında qadınların rolu, gender bərabərliyinin təmin olunması istiqamətində beynəlxalq müzakirə platformasının yaradılması məqsədilə keçirilən forumda “Qadınlar və Su” mövzusunda sərgi nümayiş etdirilib. Tədbirin açılış hissəsindən sonra “Su diplomatiyasında qadınlar sülhməramlı, ədalətli və inklüziv cəmiyyət naminə” və “İcma səviyyəsində su təminatı sahəsinin gender yönümlü gündəliyinə sərmayə qoyulması: sülhməramlı, ədalətli və inklüziv cəmiyyətlər üçün ən yaxşı təcrübələr və alətlər” mövzularında panel müzakirələri aparılıb. Forumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ekoloji tarazlığın qorunmasında su resurslarının idarə olunmasının əhəmiyyəti, ölkəmizdə su resurslarının idarə olunmasının effektivliyinin artırılması istiqamətində dövlət siyasəti, eyni zamanda yaşıl iqtisadiyyatda qadınların rolu barədə məlumat verib. Komitə sədrinin müavini çıxışında həmçinin 2024-cü ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu Sessiyasına (COP29) dair forum iştirakçılarına məlumat verərək, bu çərçivədə həyata keçirilən tədbirlərdə qadınların iştirakçılığının artırılmasının yaşıl iqlim naminə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Sonda Forumun gündəliyində qeyd olunan məsələlərə dair interaktiv müzakirələrdən sonra gələcək üçün hədəf və məqsədlər müəyyən olunub. Forumda müxtəlif dövlətlərin, beynəlxalq, regional və yerli təşkilatların, elm, təhsil və media nümayəndələri, su resurslarının idarə olunması və gender bərabərliyinin təmin olunması sahəsində ekspertlər, qadın hüquq müdafiəçiləri iştirak ediblər.

Regionlarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 3-7 iyun 2024-cü il tarixlərində mərkəzlər, təhsil müəssisələri və istirahət parklarında məktəblilər arasında ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə mərkəzlərin əməkdaşları, məktəblərin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Maarifləndirmə tədbirlərində ekspertlər tərəfindən uşaqlara ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat verilib. Müəllimlərin dəstəyi ilə uşaqlar tərəfindən quşlar üçün yuvalar düzəldilib, ağacların gövdələri əhənglə rənglənib, çiçəklər suvarılıb, şagirdlər təbiət mövzusunda rəsmlər çəkib, şeirlər, mahnılar səsləndirib, müxtəlif oyunlar oynayıblar.

“Çempion ailələr” layihəsinə Sabirabad rayonunda start verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Çempion ailələr” layihəsinin icrasına başlanılır. Layihə çərçivəsində iyunun 7-də Sabirabad rayon ərazisində yerləşən Heydər Əliyev Parkında ilk tədbir keçirilib. Tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aqil İsmayılzadə dövlət ailə siyasətinin icrası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb, bu gün icrasına başlanılan “Çempion ailələr” layihəsinin məqsəd və əhəmiyyətini diqqətə çatdırıblar. Tədbir çərçivəsində, ümumilikdə 12 ailə arasında kəndir və dama oyunu, uşaqlar arasında kisə ilə yaxın məsafəyə qaçış, sonda isə intellektual yarış keçirilib və nəticələrə əsasən 3 ailə qalib seçilib. Qalib ailələrə, eyni zamanda tədbirdə iştirak edən hər bir fəal ailəyə diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki, layihənin məqsədi bölgələrdə əhali arasında sağlam həyat tərzinin təbliği, ailələrdə sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilidir. Cari ilin iyun-iyul aylarını əhatə edəcək layihənin, ümümullikdə 10 bölgədə 120-dən çox ailənin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur.

Bahar Muradova Oğuzda vətəndaşları qəbul edib
7 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Oğuzda vətəndaşları qəbuledib. Qəbul zamanı Oğuz, Qəbələ və Şəki rayon sakinlərinin müraciətləri dinlənilib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. Dövlət Komitəsinin aparat rəhbəri və aidiyyəti struktur bölmə rəhbərinin də iştirak etdiyi qəbulda ailənin sosial müdafiəsi, uşaqla ünsiyyət, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaş müraciətlərinə baxılıb. Komitənin səlahiyyət dairəsinə aid müraciətlər dinlənilib,qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb. Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Salyan rayonunda erkən nikah və qohumlar arasında nikahlarla mübarizə mövzusunda təlim keçirilib
4 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlar və qızların təhsildən yayınmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsidir. Salyan rayonu İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov tədbir iştirakçılarını salamlayaraq, erkən nikahların qarşısının alınması sahəsində görülən işlərdən danışıb. Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova erkən nikah və təhsildən yayınmanın fəsadları və aradan qaldırılması yolları, qadınlara qarşı, o cümlədən məişət zorakılığı ilə mübarizə, bu sahədə yerli və beynəlxalq qanunvericilik, həmçinin Komitənin sözügedən istiqamətlərdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Açılışdan sonra mövzuya dair video-çarx nümayiş olunub. Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri, həkim-ginekoloq Fidan Xankişiyeva və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru, hüquqşünas Tariyel İsgəndərov təlimə başlayıblar. Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, növbəti təlimlərin Cəlilabad və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulub.

Dövlət Komitəsi tərəfindən ölkədə mətbu nəşrlərin satışını həyata keçirən bir sıra kitab mağazalarına səfərlər təşkil olunub
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarət məqsədilə təşkil edilən səfərlərdə ekspertlər tərəfindən nəşrlərin müvafiq yaş kateqoriyasına uyğun işarələnmə vəziyyəti təhlil edilib, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.