“Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib
Paylaş:
25 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub.
Konfrans açılış nitqləri ilə başlayıb.
Dövlət Komitəsinin sədri Bahar Muradova, konfransın məqsədinin qadınlara qarşı zorakılığa sıfır tolerantlıq mesajını bir daha cəmiyyətə çatdırmaq və hər bir zorakılıq halına biganə qalmamağın vacibliyinə diqqət çəkmək olduğunu vurğulayıb. O, gender əsaslı zorakılığın bu gün təkcə fiziki və psixoloji deyil, həm də rəqəmsal mühitdə yeni formalar aldığını qeyd edib. Əlavə edib ki, bütövlükdə cəmiyyətin inkişafına, sosial rifaha və təhlükəsizliyə təsir edən sistem xarakterli bu məsələnin qarşısının alınması üçün dövlət, hüquq-mühafizə, sosial xidmət orqanları və vətəndaş cəmiyyətinin, o cümlədən medianın birgə səyləri mühüm əhəmiyyət daşıyır.
Qadın və uşaq hüquqları, gender bərabərliyi və insan kapitalının inkişafının ölkənin prioritet istiqamətlərini təşkil etdiyini diqqətə çatdıran B. Muradova, bu sahədə mövcud qanunvericilik bazasından söz açıb, həmçinin edilən son dəyişikliklərə toxunub. Gender əsaslı zorakılığa qarşı effektiv mübarizənin yalnız çoxsektorlu və koordinasiyalı əməkdaşlıqla mümkün olduğunu deyib. BMT və digər tərəfdaşlarla əməkdaşlığın gender bərabərliyinin təşviqi, zorakılığa qarşı dayanıqlı həllərin hazırlanması və zərərçəkmişlər üçün təhlükəsiz xidmətlərin genişləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayaraq, tədbirin bu istiqamətdə yeni fikir və təşəbbüslərə təkan verəcəyinə inamını ifadə edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycanın 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən 143 BMT üzvündən biri olduğunu və yaxın müddətdə Kibercinayətkarlığa qarşı BMT Konvensiyasını imzaladığını deyib. Əlavə edib ki, bu ölkənin kibertəhlükəsizlik sahəsində məsuliyyətli mövqeyini nümayiş etdirir. O, Azərbaycanın 2023–2027-ci illər üçün ilk kompleks kibertəhlükəsizlik yol xəritəsini qəbul etdiyini vurğulayıb və bu strategiyanın rəqəmsal müdafiə imkanlarının gücləndirilməsi, kritik infrastrukturun qorunması, eləcə də qadın və uşaqlar daxil olmaqla fərdlərin onlayn təhlükəsizliyinin artırılmasına xidmət etdiyini, rəqəmsal zorakılığa qarşı mübarizədə mühüm baza rolunu oynadığını qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında parlamentdə məişət zorakılığı ilə mübarizə və gender bərabərliyinin təmin olunması sahəsində mövcud qanunvericiliyə mühüm dəyişikliklərin edildiyini, lakin rəqəmsal dünyanın yaratdığı yeni təhdidlər fonunda əlavə tədbirlərin zəruri olduğunu bildirib. Əli Hüseynli ölkənin gender bərabərliyi və zorakılığın qarşısının alınması üzrə milli və beynəlxalq öhdəliklərinə sadiq qaldığını, məqsədin isə zorakılığın sosial norma kimi qəbul edilmədiyi, təhlükəsizlik və bərabərliyə əsaslanan cəmiyyət qurmaq olduğunu qeyd edib. Komitə sədri həmçinin Azərbaycanda zorakılıqla mübarizə sahəsində mühüm nəticələrin əldə edildiyini və bu məsələdə cəmiyyətin birliyinin müşahidə olunduğunu vurğulayıb.
Daha sonra konfrans panel müzakirələrlə davam etdirilib.
Sessiyaya BMT Qadınlar Azərbaycan ofisinin proqram mütəxəssisi Pərvanə Bayramova moderatorluq edib.
İlk panelçi - Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva sosial media və rəqəmsal mühitdə gender əsaslı zorakılığın artan təhdidlərindən danışıb və məsələyə proaktiv yanaşmanın vacibliyini vurğulayıb. Bu sahədə effektiv kommunikasiyanın əhəmiyyətinə toxunub, statistik göstəriciləri diqqətə çatdırıb.
Növbəti panelçi - “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Komitə yanında yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun (MƏQ) üzvü Mehriban Zeynalova müvafiq sahədə dəstək xidmətlərinin rolundan danışıb. O, məişət zorarkılığı ilə mübarizə sahəsində fəaliyyət göstərən dəstək mərkəzlərinin effektiv fəaliyyəti üçün beynəlxalq təcrübə ilə yanaşı, milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyinə diqqət çəkib.
Sonuncu panelçi - Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi, Komitə yanında yaradılmış MƏQ-in katibi Rahil Süleymanzadə məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qanunvericiliyin tətbiqi mövzusunda çıxış edib. Azərbaycan qanunvericiliyində həyata keçirilən islahatlar barədə məlumat verib, son dəyişiklikləri diqqətə çatdırıb. Qeyd edib ki, monitorinq qruplarının yaradılması koordinasiyalı fəaliyyətin gücləndirilməsinə səbəb olub.
MƏQ-in rəhbəri kimi panel çıxışlara münasibətini bildirən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında yerli icra hakimiyyətləri və monitorinq qruplarının fəaliyyətinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müzakirələrin davamında mövzular ekspertlər tərəfindən daha dərindən təhlil olunub, suallar cavablandırılıb. Konfransın yekununda təklif və tövsiyələr dinlənilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi