Uşaq Hüquqları Aylığı çərçivəsində 4 mindən çox uşağı əhatə edən genişmiqyaslı tədbirlər keçirilib

28 noyabr 2025 10:01

Paylaş:

Uşaq hüquqlarının qorunması, rifahının yaxşılaşdırılması və bu sahədə ictimai məlumatlılığın artırılması məqsədilə ölkədə hər il qeyd olunan Uşaq Hüquqları Aylığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Keçirilən 117 tədbir, 11 təlim, 5 intellektual yarış, 3 konfransda ümumilikdə 6791 nəfər iştirak edib (onlardan 4262-si uşaq olmaqla).

Aylıq çərçivəsində “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” və “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar”  mövzularında iki konfrans, eləcə də “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” mövzusunda mətbuat konfransı, həmçinin “Hüquqlarınla parla!” layihəsi üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə fəal uşaqların görüşü təşkil edilib. 3 konfransa 180 nəfər, görüşə isə 36 nəfər (ümumilikdə 216 nəfər) cəlb olunub (76 kişi, 103 qadın və 37 uşaq) qatılıb.

20 oktyabr – 20 noyabr tarixlərində Komitənin tabeliyində fəaliyyət göstərən Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqlar və valideynlərin iştirakı ilə müxtəlif mövzularda 67 tədbir (2.929 nəfər) və 5 təlim (70 nəfər) keçirilib. Beləliklə, Mərkəzlərin fəaliyyətinə ümumilikdə 2.999 nəfər (558 kişi, 1.423 qadın, 1.018 uşaq) cəlb olunub.

Erkən Uşaqlıq Dövrünün İnkişafı (EUDİ)  platforması tərəfindən ictimai maarifləndirmə məqsədilə uşaqların hüquqlarının qorunması mövzusunda sosial çarx hazırlanmışdır.

Dövlət Komitəsi layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi də aylıqda xüsusi fəallıq nümayiş etdirib. Bakı, Sumqayıt, Şəki, Şirvan və rayonlarda (Abşeron, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad,Daşkəsən,  Füzuli,  Gədəbəy,  Xaçmaz, Xızı, İmişli, İsmayıllı,Qax, Qəbələ, Qusar, Lerik, Neftçala, Sabirabad, Salyan, Samux, Şabran, Şəmkir, Ucar və Zaqatala) uşaq hüquqlarının təbliği məqsədilə Məclis (USM) tərəfindən 45 tədbir (1.977 nəfər: onlardan 32 kişi, 128 qadın və 1.817 uşaq), 6 təlim (195 nəfər: onlardan 3 kişi, 13 qadın və 179 uşaq) və 5 intellektual yarış (129 nəfər: onlardan 1 kişi, 8 qadın və 120 uşaq) təşkil olunub. Ümumilikdə tədbir, təlim və intellektual yarışlarda 2.301 nəfər iştirak edib (onlardan 36 kişi, 149 qadın və 2.116 uşaq).

Eyni zamanda Dövlət Komitəsi tərəfindən uşaqlarla bağlı mövzuların mediada işıqlandırılması, uşaqlarla işləyən mütəxəssis və psixoloqların peşəkarlığının artırılması, eləcə də digər mövzularda daha 6 tədbir (856 nəfər: onlardan 4 kişi, 15 qadın və 837 uşaq və tələbə) və 5 təlim (419 nəfər: onlardan 6 kişi, 159 qadın və 254 uşaq və tələbə) təşkil olunub. Ümumilikdə bu tədbir və təlimlərdə 1.275 nəfər iştirak edib (onlardan 10 kişi, 174 qadın və 1.091 uşaq).

Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən bu çoxşaxəli tədbirlər uşaq hüquqları ilə bağlı ictimai məlumatlılığın artırılmasına, uşaqların öz hüquqlarını daha yaxşı tanımasına, valideyn və mütəxəssislərin biliklərinin genişlənməsinə və uşaqlara yönəlik xidmətlərin əlçatanlığının gücləndirilməsinə mühüm töhfə verib.