Media
Xəbərlər
“Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində gənclərlə maarifləndirici görüş keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində gənclərlə maarifləndirici görüş keçirilib. “Həyatın memarı – sən özünsən” layihəsi çərçivəsində baş tutan görüşdə Lənkəran şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini R.Nəsirov və Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Daha sonra ekspert qismində iştirak edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Psixoaktiv maddələrdən asılılıq” adlı təqdimatla çıxış edərək, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçılara geniş məlumat verib. Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Əlvida mənim dostum” və İSİM-in tərəfindən hazırlanmış “Narkotiksiz həyat seç!” sosial çarxları nümayiş olunub və mövzuya aid maarifləndirici materiallar paylanılıb.

Qohumlar arasında nikahların fəsadları ilə bağlı növbəti ictimai müzakirə Naxçıvan Muxtar Respublikasında keçirilib
21 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən müzakirədə Ali Məclisin deputatları, dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, sahə üzrə mütəxəssislər iştirak ediblər. Tədbiri giriş sözü ilə Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq mövzu ilə bağlı Muxtar Respublikada Komitə tərəfindən həyata keçirilən layihələr və tədbirlər barədə məlumat verib. Daha sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva qohum nikahlarının fəsadları, bu cür nikahlarla bağlı qanunvericiliyə nəzərdə tutulan qadağa və dəyişikliklər, mövzu ilə bağlı son illərin statistik göstəriciləri, dövlətin və cəmiyyətin üzərinə düşən öhdəliklər barədə müzakirədə çıxış edib. Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva Dövlət Komitəsinin sifarişi ilə 2022-ci ildə hazırlanmış “Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair analitik hesabat” barədə müzakirə iştirakçılarına məlumat verib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Tibbi genetika üzrə mütəxəssisi Ağarza Ağayev çıxışı zamanı son 5 il ərzində aparılmış tədqiqatlar nəticəsində ölkəmizdə 60 növdən çox nadir xəstəliyin tapıldığını və bu xəstəliklərin 80%-nin qohum nikahları nəticəsində yarandığını bildirərək, qeyd olunan istiqamətdə qadağaların qoyulmasının olduqca vacib olduğunu vurğulayıb. Müzakirələr zamanı Muxtar Respublikada həkim, tibb elmləri doktoru Gültəkin Əliyeva, Ali Məclisin deputatı Aidə Allahverdiyeva, Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, Ədliyyə Nazirliyinin nümayəndəsi və digər tədbir iştirakçıları mövzu barədə öz fikirlərini bildiriblər. Müzakirələr zamanı cəmiyyətin gələcək rifahı və sağlam ailələrin davamlılığı üçün bu cür nikahlara qadağa qoyulmasının əhəmiyyəti vurğulanıb, maarifləndirmənin davamlı olaraq bütün cəmiyyət üzvləri arasında aparılmasından, ictimai qınağın önəmindən söhbət açılıb.

“ITi Zəka-2” hakatonunun təlim mərhələsinə start verilib
24 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən “İti Zəka-2” hakatonunun mərhələsini uğurla keçərək finala vəsiqə qazanan 23 komanda hazırlıq təlimlərinə cəlb olunublar. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov təlim iştirakçılarını salamlayıb və ümumrespublika hakatonunun əhəmiyyətinə diqqət çəkib. Ölkəmizdə kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldığını qeyd edən Komitə rəsmisi, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na da diqqət çəkib. E.Səfərov qeyd edib ki, bu qəbildən olan müsabiqələrdə iştirak etmək uşaqların inkişafı və innovativlik baxımından olduqca mühümdür və belə tədbirlər həm də uşaqlara komanda şəklində çalışmağı öyrədir. Yeniliyin və innovasiyanın dövrümüz üçün vacibliyini vurğulayan şöbə müdiri, Komitənin hər zaman uşaqların maraqlı təkliflərini dinləməyə hazır olduğunu bildirib. Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi adından çıxış edən Müslüm Məmmədov hakaton iştirakçılarına uğurlar arzulayıb. AUİP-nin dövlət uşaq siyasətindən ilhamlandığını və bu sahədə görüləcək işlərə töhfə verəcəyini bildirib. Günün birinci yarısını əhatə edən təlimlərdə “İnnoland” İnkubasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov “İntellektual inkişaf”, KarnegiKlub Treninq Mərkəzinin rəhbəri, NLP-Master Nəcəf Allahverdiyev “Təqdimetmə bacarıqları”,“EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin ekoloji proqramlar üzrə koordinatoru Pərvin Əzizli “Ekologiya və uşaqlar” mövzuları üzrə çıxış ediblər. Təlim günü PROSOL şirkətinin İnformasiya Təhlükəsizliyi üzrə Baş direktoru Alıxəyyam Quluzadə “İnformasiya təhlükəsizliyi”, Dördüncü Sənaye İnqilabının təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva “Süni intellekt və uşaqlar”, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumovanın “Uşaq hüquqları” mövzuları üzrə təqdimatları ilə davam edəcək. Qeyd edək ki, iyunun 27-də türkiyəli mütəxəssis tərəfindən uşaqların asudə vaxtının səmərəli təşkili, 2 iyulda isə mobil tətbiq və layihələrin ilkin prototipinin hazırlanması ilə bağlı intensiv təlimlər keçiriləcək.

Regionlarda növbəti “Açıq qapı” günü keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur. “Açıq qapı” günü 27 iyun 2024-cü il tarixində, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq və sosial işçiləriniştirakı ilə keçiriləcəkdir. Ünvan və telefonlar

Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi və erkən evliliklərdə bu halların qarşısının alınması istiqamətində maarifləndirici görüşlər keçirilib. Kənd və qəsəbələrdə keçirilən maarifləndirmə tədbirlərində mərkəzlərin, rayon idarə, müəssisə və təşkilatların, kənd icra nümayəndəliyinin və bələdiyyələrin əməkdaşları, tibb işçiləri, ziyalılar, din xadimləri, mərkəzlərin ekspertləri və icmalardan olan sakinlər, o cümlədən ağsaqqal və ağbirçəklər iştirak ediblər. Ekspertlər tərəfindən uşaq evliliklərinin qarşısının alınması üçün mövcud vəziyyət təhlil edilib, tibb müəssisələrindən kənarda baş verən doğuşların fəsadlarından və erkən nikah hallarının, qızların təhsildən yayındırılmasının qarşısının alınması istiqamətində valideynlərlə mütəmadi olaraq maarifləndirici işlərin aparılması ilə bağlı təkliflər dinlənilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regionlarda “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində uşaqlarla görüşlər davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və öz maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə həyata keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Daşkəsən rayonuna təşkil olunub. 11-13 iyun 2024-cü il tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bayan, Quşçu, Xoşbulaq, Qabaqtəpə kəndlərində və Daşkəsən qəsəbəsində ümumilikdə 125 uşağın iştirakı ilə “Uşaq hüquqları”, eyni zamanda “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib. Dövlət Komitəsinin əməkdaşı və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Təlimlərin sonunda uşaqlara “Uşaq hüquqları”,“İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı maarifləndirici çap materialları və yapışqanlı stikerlər paylanılıb, həmçinin bədii kitablar hədiyyə edilib.

Dövlət Komitəsi vakansiya elan edir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Qəbələ, Goranboy, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir. 1) Baş mühasib-Qəbələ UADM 2) Psixoloq-Goranboy UADM 3) Fiziki tərbiyə rəhbəri (təlimatçı)-İsmayıllı UADM Vəzifələr barədə ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz. Vəzifə təlimatları Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 20 iyun – 19 iyul 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) region@family.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək. Qeyd: Baş mühasib vəzifəsinə namizədlər müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdır. Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru şəh. (+99412) 493-79-62 mob. (+99451) 230-54-87
“Ailə terapiyası” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, həmçinin Mingəçevir şəhər ümumtəhsil müəssisələrinin psixoloqları üçün “Ailə terapiyası” mövzusunda təlim keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Komitə əməkdaşı Zülfiyyə Sadıq iştirakçılara kadr potesialının artırılması yönümündə görülən işlər haqqında məlumat verərək, bu təlimin ailə ilə işləyən psixoloqların peşəkarlığının artırılmasına mühüm töhfə verəcəyini bildirib. Daha sonra təlimçi ekspert Aynur Bünyatova ailə sisteminin əsas qanunları, ailə münasibətlərinin qiymətləndirilməsi, texnika və strategiyalar, ailə sistemi dinamikasının dəyişmək üçün tətbiq olunan üsul və metodlar, ailə terapiyasında etik prinsiplər və peşəkar standartlar barədə geniş məlumat verib. Təlim zamanı iştirakçılarla rollu oyunlar vasitəsilə psixoloqun ailə fərdləri ilə apardığı konsultasiyanın strukturunu və məzmunu simulyasiya edilib, konsultasiya zamanı edilən səhvlərlə bağlı ekspertin tövsiyələri dinlənilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

“Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlim keçirilib
Respublikanın işğaldan azad olunmuş ərazilərinə geri qayıdan əhaliyə dəstək göstərilməsi, onların adaptasiyasının daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşları üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlim keçirilib. 11-13 iyun 2024-cü il tarixində keçirilən təlimdə təlimdə Komitənin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyevə və Mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat veriblər. Qeyd edilib ki, həmin ərazidə yaşayan əhalinin adaptasiyasına peşəkar və həssas yanaşma önəmlidir və bu sahədə dövlət qurumlarında çalışan əməkdaşların üzərinə böyük məsuliyyət düşür. Üç gün davam edən təlimə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Füzuli, Laçın, Zəngilan, Xocalı, Cəbrayıl rayon və Şuşa şəhər icra hakimiyyətləri, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları cəlb olunub. Təlimçilər “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin (İB) sədri Kəmalə Aşumova, İB-in Sosial xidmət mərkəzinin psixoloqu, təlimçi Fidan Əkbərli və Yuvenal Ədliyyə Mərkəzinin əməkdaşı, klinik psixoloq Gülşən Axundova tərəfindən geri qayıdan əhalinin psixologiyası, yeni şəraitə adaptasiyası, əhaliyə dəstək məqsədilə kadrların peşəkar bacarıqlarının artırılması, psixoloji stressin idarə olunması, effektiv ünsiyyət texnikaları, işgüzar mühitdə etik normalar, komanda quruculuğu və fərdi yanaşma, qaynar xəttin iş prinsipləri, beynəlxalq təcrübə və digər mövzularda ətraflı məlumatlar verilib. Təlim zamanı aparılan qrup işləri və rollu oyunlar iştirakçıların mövzuya dair əldə etdikləri məlumatları praktik situasiyalarda tətbiq etmək imkanı yaradıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə qayıdan əhaliyə səmərəli dəstək göstərmək məqsədilə dövlət qurumlarının əməkdaşlarının peşəkar bacarıqlarının artırılması istiqamətində təlimlər Komitə tərəfindən davam etdiriləcəkdir.