“Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlim keçirilib
Paylaş:
Respublikanın işğaldan azad olunmuş ərazilərinə geri qayıdan əhaliyə dəstək göstərilməsi, onların adaptasiyasının daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşları üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda təlim keçirilib.
11-13 iyun 2024-cü il tarixində keçirilən təlimdə təlimdə Komitənin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyevə və Mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat veriblər. Qeyd edilib ki, həmin ərazidə yaşayan əhalinin adaptasiyasına peşəkar və həssas yanaşma önəmlidir və bu sahədə dövlət qurumlarında çalışan əməkdaşların üzərinə böyük məsuliyyət düşür.
Üç gün davam edən təlimə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Füzuli, Laçın, Zəngilan, Xocalı, Cəbrayıl rayon və Şuşa şəhər icra hakimiyyətləri, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları cəlb olunub.
Təlimçilər “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin (İB) sədri Kəmalə Aşumova, İB-in Sosial xidmət mərkəzinin psixoloqu, təlimçi Fidan Əkbərli və Yuvenal Ədliyyə Mərkəzinin əməkdaşı, klinik psixoloq Gülşən Axundova tərəfindən geri qayıdan əhalinin psixologiyası, yeni şəraitə adaptasiyası, əhaliyə dəstək məqsədilə kadrların peşəkar bacarıqlarının artırılması, psixoloji stressin idarə olunması, effektiv ünsiyyət texnikaları, işgüzar mühitdə etik normalar, komanda quruculuğu və fərdi yanaşma, qaynar xəttin iş prinsipləri, beynəlxalq təcrübə və digər mövzularda ətraflı məlumatlar verilib. Təlim zamanı aparılan qrup işləri və rollu oyunlar iştirakçıların mövzuya dair əldə etdikləri məlumatları praktik situasiyalarda tətbiq etmək imkanı yaradıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə qayıdan əhaliyə səmərəli dəstək göstərmək məqsədilə dövlət qurumlarının əməkdaşlarının peşəkar bacarıqlarının artırılması istiqamətində təlimlər Komitə tərəfindən davam etdiriləcəkdir.