“ITi Zəka-2” hakatonunun təlim mərhələsinə start verilib
Paylaş:
24 iyun 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən “İti Zəka-2” hakatonunun mərhələsini uğurla keçərək finala vəsiqə qazanan 23 komanda hazırlıq təlimlərinə cəlb olunublar.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov təlim iştirakçılarını salamlayıb və ümumrespublika hakatonunun əhəmiyyətinə diqqət çəkib. Ölkəmizdə kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldığını qeyd edən Komitə rəsmisi, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na da diqqət çəkib.
E.Səfərov qeyd edib ki, bu qəbildən olan müsabiqələrdə iştirak etmək uşaqların inkişafı və innovativlik baxımından olduqca mühümdür və belə tədbirlər həm də uşaqlara komanda şəklində çalışmağı öyrədir. Yeniliyin və innovasiyanın dövrümüz üçün vacibliyini vurğulayan şöbə müdiri, Komitənin hər zaman uşaqların maraqlı təkliflərini dinləməyə hazır olduğunu bildirib.
Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi adından çıxış edən Müslüm Məmmədov hakaton iştirakçılarına uğurlar arzulayıb. AUİP-nin dövlət uşaq siyasətindən ilhamlandığını və bu sahədə görüləcək işlərə töhfə verəcəyini bildirib.
Günün birinci yarısını əhatə edən təlimlərdə “İnnoland” İnkubasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov “İntellektual inkişaf”, KarnegiKlub Treninq Mərkəzinin rəhbəri, NLP-Master Nəcəf Allahverdiyev “Təqdimetmə bacarıqları”,“EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin ekoloji proqramlar üzrə koordinatoru Pərvin Əzizli “Ekologiya və uşaqlar” mövzuları üzrə çıxış ediblər.
Təlim günü PROSOL şirkətinin İnformasiya Təhlükəsizliyi üzrə Baş direktoru Alıxəyyam Quluzadə “İnformasiya təhlükəsizliyi”, Dördüncü Sənaye İnqilabının təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva “Süni intellekt və uşaqlar”, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumovanın “Uşaq hüquqları” mövzuları üzrə təqdimatları ilə davam edəcək.
Qeyd edək ki, iyunun 27-də türkiyəli mütəxəssis tərəfindən uşaqların asudə vaxtının səmərəli təşkili, 2 iyulda isə mobil tətbiq və layihələrin ilkin prototipinin hazırlanması ilə bağlı intensiv təlimlər keçiriləcək.