“Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində gənclərlə maarifləndirici görüş keçirildi

24 iyun 2024 14:39

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində gənclərlə maarifləndirici görüş keçirilib.
“Həyatın memarı – sən özünsən” layihəsi çərçivəsində baş tutan görüşdə Lənkəran şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini R.Nəsirov və Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
Daha sonra ekspert qismində iştirak edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Psixoaktiv maddələrdən asılılıq” adlı təqdimatla çıxış edərək, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçılara geniş məlumat verib.
Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Əlvida mənim dostum” və İSİM-in tərəfindən hazırlanmış “Narkotiksiz həyat seç!” sosial çarxları nümayiş olunub və mövzuya aid maarifləndirici materiallar paylanılıb.