Media
Xəbərlər

Şamaxıda vətəndaşların qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 12 sentyabr 2025-ci il tarixində, saat 11:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbulda Şamaxı və Qobustan rayon sakinlərinin müraciətlərinə baxılacaq.

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Aliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır. Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb. Mərkəzdə uşaqların ilkin psixososial vəziyyətinin qiymətləndirilməsi, təcili müdaxilə, müvəqqəti yerləşdirmə, tibbi yardım və sosial reabilitasiya xidmətləri həyata keçiriləcək. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyası və gələcək həyatlarının təminatı üçün fərdi inkişaf planları hazırlanacaq. Həmçinin qeyd edilib ki, uşaqların təhlükəsizliyi və rahatlığı üçün müasir standartlara uyğun, geniş və işıqlı otaqlar, istirahət və müxtəlif məşğələ guşələri yaradılıb. Geniş həyətyanı sahədə müxtəlif oyun meydançaları və yaşıllıq zonaları salınıb. Bütün görülmüş işlərlə yaxından tanış olan, eyni zamanda, öz tövsiyə və məsləhətlərini də verən Leyla Əliyeva Mərkəzin ailə əsaslı alternativ qayğı prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün tələb olunan yüksəkixtisaslı və peşəkar gənc kadrlardan formalaşmış əmək kollektivi ilə də görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

“Hüquqlarınla parla!” adlı maarifləndirmə layihəsi uğurla yekunlaşdı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumların tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə layihə çərçivəsində 11 avqust 2025-ci il tarixində başlayan təlimlər 11-17 yaşarası məktəblilərin hüquqi biliklərinin artırılması və maarifləndirilməsi məqsədini daşıyır. Dövlət Komitəsi ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Ombudsman Aparatı, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Sosial Xidmətlər Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən dəstək olunan layihədə, ümumilikdə 300-ə yaxın uşaq iştirak edib. Bu günə qədər təlimlər Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan şəhəri, Masallı, Goranboy, Yevlax, Salyan, Saatlı, Sabirabad, İsmayıllı, Şamaxı rayonunda yaşayan uşaqları əhatə edib. Uşaq hüquqları, uşaqların zərərli informasiyadan qorunması, onlara qarşı zorakılığın mənfi nəticələri, erkən evliliyin fəsadları, fiziki inkişafın təbliği, zərərli vərdişlərdən müdafiə və digər aktual sahələri əhatə edən təlimlərdə Daxili İşlər, Səhiyyə nazirlikləri, Ombudsman Aparatı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təlimçiləri iştirak edib.
Dövlət Komitəsində ABŞ-ın Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişaf Proqramının nümayəndələri ilə görüş keçirilib
28 avqust 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ABŞ-ın Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişaf Proqramının (CLDP) hüquq müşaviri Jokelin A.Steiner, beynəlxalq proqram üzrə mütəxəssis Anastasiya Futrell və Aleksa Blak ilə görüşüb. Görüşdə qadın sahibkarlığının inkişafı, qadınların iqtisadi bacarıqlarının artırılması və onların biznes mühitində daha geniş iştirakının təmin olunması istiqamətində ikitərəfli müzakirələr aparılıb. Qonaqları salamlayan S. Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadınların hüquqlarının qorunması, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Milli Məclisdə hər il gender bərabərliyi ilə bağlı qanunvericiliyin icrasına dair hesabat təqdim olunur, geniş müzakirələr keçirilir və aidiyyəti qurumlara tövsiyələr verilir. Bu tövsiyələr növbəti illərdə mövcud boşluqların aradan qaldırılmasına və daha səmərəli nəticələrin əldə edilməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, mövcud qanunvericilik qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində iştirakına əlverişli imkanlar yaradır, bu istiqamətdə müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Layihələrin əsas məqsədi qadınların biznes bacarıqlarının inkişafı, sahibkarlığa fəal şəkildə cəlb edilməsi, startap təşəbbüslərinin dəstəklənməsi və regionlarda qadınların iqtisadi fəallığının artırılmasıdır. CLDP-nin nümayəndəsi Jokelin A. Steiner isə ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin qadın sahibkarlığı üçün yeni imkanlar yaradacağını qeyd edib. O, sərmayə və əməkdaşlıq proqramlarının artırılması, uyğun biznes sahələrinə investisiyaların yönəldilməsi, təchizat zənciri və logistika kimi korporativ biznes sahələrində qadınların təmsilçiliyinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət çəkib. Jokelin A. Steiner gələcək layihələrdə qadın sahibkarların potensialının daha geniş qiymətləndirilməsi, innovativ biznes ideyalarının dəstəklənməsi, eləcə də təhsil, texnologiya və maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün birgə proqramların həyata keçiriləcəyini vurğulayıb.

Regionlarda 4 gün davam edən maarifləndirici tədbirlərə 100-ə yaxın sakin cəlb edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Goranboy, Qəbələ, İsmayıllı, Zaqatala, Saatlı və Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşəbbüsü ilə bölgələrdə maarifləndirici görüş və seminarlar təşkil olunub. Bələdiyyə və rayon icra nümayəndələri, eləcə də gənc ailələrin iştirakı ilə keçirilən görüşlər zamanı ekspertlər reproduktiv sağlamlığın qorunması, ailə planlaşdırılmasının əhəmiyyəti və ailədaxili münasibətlərin düzgün qurulması barədə ətraflı məlumat veriblər. Həmçinin qohum və erkən evliliklərin, eləcə də genderəsaslı cins seçiminin (selektiv abortların) mənfi nəticələri müzakirə olunub, gender bərabərliyinin təşviqinin vacibliyi xüsusi vurğulanıb.

"Ailələrimizi tanıyaq" layihəsinin növbəti qonağı Əhmədovlar ailəsidir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünki qonağı Zaqatala rayonundan olan, ziyalı və nümunəvi həyat tərzi ilə seçilən Əhmədovlar ailəsidir. Təhsil sahəsindəki zəngin fəaliyyəti, ailə dəyərlərinə sadiqliyi və övladlarının uğurlu gələcəyi naminə göstərdikləri səyləri ilə nümunəvi ailələr sırasında xüsusi yer tutan Əhmədovlar ailəsi, illərdir birlikdə qurduqları sağlam və möhkəm, inkişafa və təhsilə daim önəm verən ailə modeli ilə gənc nəsillərə örnəkdir. 42 ildir birgə ömür sürən Cərullah Əhmədov və Fatma Əhmədovanın nikahlarından 4 övladı və 9 nəvəsi var. Təxminən 40 illik pedaqoji fəaliyyəti olan Cərullah Əhmədov 24 il müəllim, 15 il isə məktəb direktoru kimi çalışıb. Fatma Əhmədova isə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərib. Övladlarının savadlı, məsuliyyətli və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına xüsusi diqqət yetirən Əhmədovlar ailəsinin övladları bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir və qazandıqları bilik və təcrübə ilə cəmiyyətin inkişafına töhfə verirlər. Ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Əhmədovlar ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün həyat dərsi, örnək və ilham mənbəyidir. Cərullah Əhmədov: “Gənclərə məsləhətimiz budur ki, ailə həyatını sevgi, anlayış və qarşılıqlı hörmət üzərində qursunlar. Çətinliklər qarşısında bir-birilərinə dəstək olsunlar və problemləri sakit, anlaşma yolu ilə həll etməyə çalışsınlar. Ehtiyac olduqda isə böyüklərin və mütəxəssislərin məsləhətlərindən faydalanmaqdan çəkinməsinlər.” Fatma Əhmədova: “Vətənə və dövlətə sevgi ilk növbədə ailədən başlayır. Əgər insan ailəsində hörmət və dəyər görürsə, o, öz vətəninə və dövlətinə də sevgi ilə yanaşacaq.”

“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Şəmkir rayonuna təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 13-15 avqust 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Şəmkir rayonuna növbəti səfər təşkil olunub. Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Çinarlı, Kür qəsəbələri, Yeni həyat, Şiştəpə və Düyərli kəndlərində, 165 uşağın iştirakı ilə “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib. Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli, təlimçi Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlar verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb, həmçinin Uşaq səfirlər Məclisinin fəaliyyəti barədə uşaqlar məlumatlandırılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, eləcə də “Uşaqları zərərli informasiyadan qoruyaq! adlı məlumat kitabçası, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurmuşdur. Xüsusilə, azyaşlı qız uşaqlarının böyüklər üçün nəzərdə tutulmuş davranış və rəqs hərəkətlərini nümayiş etdirməsi, həm etik və mənəvi dəyərlər baxımından, həm də hüquqi çərçivədə qəbuledilməzdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bildiririk ki, bu kimi halların yaranması, ilk növbədə, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi, uşaqların rəqəmsal platformalarda nəzarətsiz qalması və onların bu sahədə düzgün maarifləndirilməməsi ilə bağlıdır. Valideynlərin, qəyyumların və ailə üzvlərinin əsas vəzifələrindən biri uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Uşaqların davranışları, maraqları və sosial bacarıqları formalaşma dövründə daha çox vizual və emosional təsirlərlə inkişaf edir. Bu səbəbdən, sosial media platformalarında yayılan qeyri-etik məzmunlar, "trendlər" və vizual təsirlər uşaqlar üçün ciddi risk faktoru yaradır. Qeyd etmək istərdik ki: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşaqların hüquqlarının pozulması, onların mənəvi və psixoloji inkişafına zərər vuran istənilən fəaliyyət yolverilməzdir. 1992-ci ildən Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır. Bu kontekstdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə, ictimaiyyətə və media nümayəndələrinə aşağıdakı çağırışı edir: Uşaqların sosial şəbəkələrdə foto və videolarının paylaşılmasına ciddi yanaşın; Uşaqların izlədikləri rəqəmsal məzmunlara daimi nəzarət edin; Etik, mənəvi və hüquqi dəyərlərə zidd olan hər hansı hal müşahidə etdikdə müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına məlumat verin; Uşaqların iştirakı ilə çəkilən videoları paylaşmazdan əvvəl onların psixoloji, mənəvi və hüquqi təhlükəsizliyini ön planda tutun; Uşaqlara erkən yaşlardan etibarən sosial mediadan düzgün istifadə qaydalarını öyrədin və şəxsi sərhədlərə hörmət etməyi aşılayın. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, təhlükəsiz və ləyaqətli bir mühitdə böyüməsi yalnız dövlətin deyil, bütöv cəmiyyətin məsuliyyətidir. Gəlin, uşaqların hüquqlarını birlikdə qoruyaq!

“Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi” elan olunur
Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə kitab oxumaq və mütaliə mədəniyyətini formalaşdırmaq məqsədilə “Kitab və Mütaliə ilə bağlı Layihə Müsabiqəsi” elan olunur. Ətraflı məlumat: https://drive.google.com/file/d/13iezKh8JAIT6eapkHhk0KsUYuDo9SYrY/view?fbclid=IwY2xjawMP64VleHRuA2FlbQIxMABicmlkETFXRElrdDc3RW5tMjJXSDc2AR7jgcn9O93QPj7IUVRXC7uEjA8DrpSvvQ5M1M64I9X_t7EhyNPlfrIKZ9cYuA_aem_cAqy8y_jFKlz6CgLJbGH8A
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi