Regionlarda qanunvericiliyə edilən son dəyişikliklərlə bağlı maarifləndirmə işləri davam etdirilir

23 avqust 2024 17:33

Paylaş:

19-22 avqust 2024-cü il tarixlərində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsinin regionlarda təbliği məqsədilə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə mərkəzlərin, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin, yerli icra hakimiyyətlərinin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, din xadimləri, təhsil və səhiyyə işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Maarifləndirmə tədbirlərində çıxış edən ekspertlər yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə qanunvericilikdə edilmiş dəyişikliklər barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, erkən evlilik uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur.

Çıxış edənlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, nikaha və erkən evliliyə məcbur edilmə, 16 yaşa çatmayan şəxsin erkən evliliyinin təşkili, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə görə məsuliyyətin müəyyən edilməsi nəzərdə tutulduğunu qeyd ediblər. Bildirilib ki, Ailə Məcəlləsində edilən dəyişikliklərə görə, üzürlü səbəblərdən nikaha daxil olma yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməsi ləğv edilib. Həmçinin nikahın bağlanmasına mane olan hallar siyahısına olunan əlavəyə görə, ümumi bioloji baba və (və ya) nənəsi olan şəxslər, eləcə də bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyəcək. İştirakçıların nəzərinə çatdırılıb ki, qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir və qanun pozuntusuna görə cərimələr, azadlığın məhdudlaşdırılması və inzibati həbs cəzaları nəzərdə tutulub.

Tədbirlərdə aparılan müzakirələrdə ictimaiyyət nümayəndələri fəal iştirak edib, onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.