Media
Xəbərlər

“Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçirilib
14 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığı çərçivəsində “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzusunda konfrans keçirilib. Tədbirin məqsədi açıq hökumət prinsiplərinin təşviqi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyanın qarşısının alınması, uşaqların rəqəmsal xidmətlərdə iştirak imkanlarının genişləndirilməsi, bu sahədə mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi olub. Konfransda açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin, bərabər imkanlarının və inklüziv iştirakının təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O, uşaqların rəqəmsal xidmətlərdə bərabər və təhlükəsiz iştirakının təmin edilməsinin, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Kibertəhlükəsizlik haqqında” qanunların bu sahədə hüquqi bazanı möhkəmləndirdiyini bildirib. Qeyd edib ki, uşaqların hüquqlarının təminatı yalnız qanunvericilik səviyyəsində deyil, eyni zamanda rəqəmsal innovasiyalar, ictimai hesabatlılıq və açıq idarəetmə prinsipləri vasitəsilə həyata keçirilməlidir. Aynur Sofiyeva həmçinin Komitə tərəfindən həyata keçirilən rəqəmsal layihələr, maarifləndirici proqramlar və uşaq hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüslər barədə məlumat verib. O, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nın yaradılmasının uşaqlarla bağlı məlumatların daha operativ və şəffaf idarə olunmasına, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə xidmət etdiyini bildirib. A.Sofiyeva Komitə tərəfindən uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif layihlərin, o cümlədən “İTi Zəka” hakatonunun keçirildiyini vurğulayıb. Həmçinin uşaq iştirakçılığının artırılması istiqamətində Uşaq Səfirlər Məclisinin yaradıldığı və bu təşəbbüslərin uşaqların hüquqlarının təmin olunmasına xidmət etdiyi diqqətə çatdırılıb. Aynur Sofiyeva uşaqların rəqəmsal iştirak platformasının yaradılması, əlilliyi olan uşaqlar üçün əlçatan rəqəmsal interfeyslərin hazırlanması və valideynlər üçün maarifləndirmə proqramlarının tətbiqinin vacibliyini qeyd edib. Sonda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin və iştirakının artırılmasının, dövlət xidmətlərində şəffaflığın gücləndirilməsinin uşaqlar üçün daha ədalətli gələcəyin qurulmasına mühüm töhfə olacağını deyib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı çıxışı zamanı 2022-2025-ci illər ərzində uşaq hüquqları ilə bağlı 65 layihənin icra olunduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın demək olar ki, bütün regionlarında həyata keçirilən layihələr uşaq hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, təhsil imkanlarının yaxşılaşdırılması, təhsildən yayınmanın qarşısının alınması, sosial reabilitasiya və inteqrasiya mövzularını əhatə edib. Daha sonra məruzəçilər müvafiq mövzular üzrə təqdimatla çıxış ediblər. Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icra olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Uşaq hüquqlarının müdafiəsi istiqamətində süni intellekt texnologiyalarının tətbiqi və elektron xidmətlərin mahiyyəti haqqında məlumat verib. Uşaq hüquqları sahəsində rəqəmsal şəffaflığın, kibertəhlükəsizliyin təmin olunması ilə bağlı təklifləri səsləndirib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Vəfa Yaqublu Nazirlik tərəfindən uşaqların internetdən təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O, yaradılan rəqəmsal platformaların təhsil prosesinə gətirdiyi üstünlükləri diqqətə çatdıraraq bildirib ki, bu alətlər həm valideynlər, həm də şagirdlər üçün məlumatların daha operativ, şəffaf və əlçatan şəkildə təqdim olunmasına xidmət edir. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hikmət Verdiyev, uşaq hüquqlarının təmin olunması sahəsində rəqəmsal islahatlardan danışarkən, “Elektron Prokurorluq İnformasiya Sistemi” barədə məlumat verib. Bu sistemin vətəndaşların, o cümlədən uşaqların müraciətlərinin daha çevik qeydiyyata alınmasının əhəmiyyətini qeyd edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Aydan Hüseynli isə uşaqların rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri və rəqəmsal savadlılığın təşviqi üzrə görülən işlər barədə məlumat verib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Elmir Ağasoy öz təqdimatında rəqəmsal hökumətdə şəffaflığın artırılması, uşaqlar üçün inklüziv iştirak imkanlarının genişləndirilməsi və təhlükəsiz rəqəmsal mühitin qurulması üzrə aparılan işləri diqqətə çatdırıb. Məruzədə həmçinin açıq məlumatların əlçatanlığı, uşaq dostu rəqəmsal xidmətlər və dövlət qurumları arasında data mübadiləsinin gücləndirilməsi istiqamətində planlaşdırılan addımlar vurğulanıb. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Nərmin Əliyeva təqdimatında səhiyyə xidmətlərinin elektronlaşdırılması, rəqəmsal səhiyyə platformalarının yaradılması və bu istiqamətdə görülən işlərin əhəmiyyətindən bəhs edib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə meneceri Günay Vəliyeva bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, uşaq hüquqlarının təmin edilməsi istiqamətində reallaşdırılan layihələr barədə ətraflı məlumat verib. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun üzvü , “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli uşaq hüquqlarının təmin edilməsi istiqamətində ictimai təşkilatların fəaliyyəti barədə danışıb. Çıxışlarda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların açıq hökumət və elektron xidmət platformalarına çıxış imkanlarının artırılması və bu prosesdə dövlət qurumları ilə QHT-lərin birgə əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb. Tədbirin sonunda keçirilən müzakirələr zamanı iştirakçılar uşaqların rəqəmsal maarifləndirilməsinin gücləndirilməsi, onların rəqəmsal xidmətlərdə iştirak səviyyəsinin artırılması, kibertəhlükəsizlik bacarıqlarının inkişafı və açıq hökumət təşəbbüslərində iştirakının stimullaşdırılması, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün rəqəmsal inklüzivlik platformalarının yaradılması ilə bağlı təkliflərini bölüşüblər. Tədbirdə 44 qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib. Konfransda çıxış edən məruzəçilərin təqdimatları ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (təqdimat) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (təqdimat) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (təqdimat) Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi(təqdimat)

Bahar Muradova Naftalan şəhərində vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naftalan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib. 14 noyabr 2025-ci il tarixində keçirilən qəbul zamanı Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında hüquqi yardım, övladının müalicəsinə köməklik göstərilməsi, sosial dəstək, atalığın müəyyən edilməsi və digər məsələlər yer alıb. Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

“Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusunda növbəti görüş keçirilib
14 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə və gənclər üçün keçirilən maarifləndirici tədbirlərin davamı olaraq “Erkən evlilik və qohum evliliyin mənfi nəticələri” mövzusundaAzərbaycan Dövlət Pedaqoji Kollecindənövbəti tədbir keçirilib. Kollecin direktoru Amalya Sezgin açılış nitqi ilə tədbir iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını qeyd edib. Daha sonra Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdirinin müavini Kamila Əliyeva çıxış edib və iştirakçılara Dövlət Komitəsi tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verib. Erkən evlilik və qohum evliliyin törətdiyi mənfi nəticələri barədə danışan K.Əliyeva stereotiplər əsasında yaranan erkən və qohum evliliklərlə mübarizədəbütün cəmiyyət üzvlərinin fəal olmalarının vacibliyini vurğulayıb. Tədbir iştirakçılarına erkən və qohum evliliyi ilə bağlı sosial çarx nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yerləşən məktəblərin psixoloqları üçün “Məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib. 14 noyabr 2025-ci il tarixində keçirilən seminarın məqsədi məktəb psixoloqlarının məişət zorakılığından zərər çəkmiş uşaqların vaxtında müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması sahəsində maarifləndirilməsidir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov tədbir iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını qeyd edib. Seminarda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova çıxış edərək, məişət zorakılığı hallarının aşkar olunması və dərhal müdaxilə edilməsi sahəsində məktəb psixoloqlarına tövsiyələrini verib. Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin əməkdaşı İradə Məmmədova təqdimatla çıxış edərək “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, həmin qanuna edilmiş dəyişikliklər, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları barədə məlumat verib, həmçinin məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi, onların müdafiəsi üçün ilkin müraciət olunmalı qurumlar və qurumlararası əlaqələndirmə mexanizmləri haqqında danışıb. Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov ”Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası” mövzusunda təqdimatla çıxış edərək, zorakılığın uşaq psixikasında yaratdığı dəyişikliklərin erkən müəyyənləşdirilməsi, risk indikatorlarının düzgün təhlili barədə danışıb, psixoloqun müdaxilə strategiyalarının elmi əsaslarla qurulmasının vacibliyini vurğulayıb. Sonda Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Abbasova “Uşaqlara qarşı zorakılığın diaqnostikası və fəsadları” mövzusunda təqdimatla çıxış edib. Seminar sual-cavab sessiyası ilə davam edib.
Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb
13 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova müxtəlif formatlarda birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramların uğurlu nəticələrindən məmnunluğunu ifadə edib. O, Azərbaycanda iqlim dəyişiklikləri və iqtisadi inkişaf sahəsində davamlı fəaliyyətə, eləcə də bu proseslərdə qadınların fəal iştirakına xüsusi önəm verildiyini vurğulayıb. Dünyada baş verən mürəkkəb proseslər və təhlükəsizlik problemlərinə baxmayaraq, Azərbaycandakı sabitliyin və sosial rifahın qorunmasının mühüm amil olduğunu diqqətə çatdırıb. Komitə sədri, həmçinin işğaldan azad olunmuş ərazilərdə yaradılan şərait və görülən bərpa işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bahar Muradova qadınların iqtisadi səlahiyyətləndirilməsi sahəsində BMT-nin aidiyyəti qurumları ilə həyata keçirilən birgə layihələrin nəticələrindən bəhs edərək, bu təşəbbüslərin qadınların inkişafına, prioritetlərin dəqiqləşdirilməsinə və yeni imkanların müəyyənləşdirilməsinə töhfə verdiyini bildirib. O, həmçinin qadın sahibkarlar təşkilatları ilə əməkdaşlığın hazırda genişləndirildiyini, bu təşkilatların ölkə daxilində, eləcə də türk və islam ölkələri çərçivəsində şəbəkələrinin formalaşmasının əhəmiyyətini vurğulayıb. Komitə sədri qeyd edib ki, qarşıdakı dövrdə 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərdə BMT qurumları ilə birgə fəaliyyətin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreeva Dövlət Komitəsinin BMT ilə fəal əməkdaşlığından məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası Hökuməti və BMT arasında imzalanan 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə diqqət çəkən BMT rəsmisi sənədin qarşıdakı beş il üçün Azərbaycan və BMT arasında tərəfdaşlığın strateji istiqamətlərini müəyyən etdiyini qeyd edib. O, Çərçivə Sənədinin icrası çərçivəsində ailə, qadın və uşaq hüquqları sahəsində Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb. “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində görüləcək işlərdən bəhs edən V. Andreeva bu istiqamətdə Dövlət Komitəsi ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, birgə fəaliyyətin məişət zorakılığı ilə mübarizə sahəsinə töhfə verəcəyini bildirib. Görüş zamanı tərəflər Çərçivə Sənədindən irəli gələn prioritetlər, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu barədə danışıblar. Görüş ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdakı dövr üçün mühüm istiqamətlər haqqında faydalı fikir mübadiləsi ilə davam edib.

Bakı Neft və Energetika Kollecində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
13 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin nəzdində olan Bakı Neft və Energetika Kollecinin birgə əməkdaşlığı ilə uşaq hüquqları mövzusunda görüş keçirilib. Görüşdə Bakı Neft və Energetika Kollecinin Tərbiyə işləri üzrə direktor müavini Muxtar Həsənov iştirakçılara görüşün məqsədi barədə məlumat verib, uşaq hüquqları, zərərli vərdişlərdən qorunmağın yollarından bəhs edib. Daha sonra Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev uşaqların hüquqlarının qorunması sahəsində qəbul olunan qanunlar və hüquqların pozulduğu zaman atılmalı olan zəruri addımlardan danışıb. Tədbirdə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Fatimə Sultanlı və İsa Rəhimli Məclis barədə məlumat verib. Sonda mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb, Uşaq Səfirlər Məclisində könüllü fəaliyyət göstərmək istəyən uşaqlar qeydiyyata alınıb.

Qida Sənayesi Kollecinin tələbələrinə “Uşaqların zərərli informasiyadan qorunması” adlı təlim keçirildi
13 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qida Sənayesi Kollecinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunması” adlı təlim keçirilib. Tələbələrin iştirakı ilə baş tutan təlimdə Komitənin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun əməkdaşı Sevil Rəsulzadə təqdimatla çıxış edərək, ölkədə uşaq hüquqlarının təmin olunması, eləcə də uşaqların internet mühitində üzləşə biləcəyi risklər barədə məlumat verib. S. Rəsulzadə qeyd edib ki, müasir texnologiyaların sürətli inkişafı uşaqların informasiyaya çıxış imkanlarını genişləndirsə də, bu, eyni zamanda onların kibertəhlükələrə məruz qalma ehtimalını artırır. Bu səbəbdən valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Tədbirdə həmçinin sosial şəbəkələrdən təhlükəsiz istifadə, şəxsi məlumatların qorunması, kiberzorakılıq hallarının qarşısının alınması yolları haqqında ətraflı məlumat verilib. Təlim interaktiv sual-cavab sessiyası ilə davam edib və iştirakçılara mövzu ilə bağlı praktiki tövsiyələr təqdim olunub.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə tədbirlər keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində müvafiq qurumlarda keçirilən interaktiv təlimlər və maarifləndirici görüşlərdə mərkəzlərin əməkdaşları, məktəblilər, müəllimlər,tələbələr, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri ilə yanaşı icma sakinləri də iştirak ediblər. Tədbirlərdə çıxış edənlər Konstitusiyanın hazırlanmasının demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olduğunu qeyd edərək, bu sənədin ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində əsas rol oynadığını vurğulayıblar. Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə bağlı Bəyanat
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə bağlı Bəyanatı 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü ilə bağlı Bəyanat
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi