Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına həsr olunmuş təlimlər başa çatıb

24-26 sentyabr 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına həsr olunmuş təlimlər keçirilib. Təlimlər Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş ekspertlər tərəfindən aparılıb. Pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların nümayəndələri, icra strukturlarında çalışan məsul şəxslər, aidiyyəti dövlət qurumlarının əməkdaşları, eləcə də sosial xidmət sahəsində birbaşa fəaliyyət göstərən mütəxəssislər iştirak etdiyi təlim dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, mütəxəssislər arasında təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaradıb. İştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olublar. Eyni zamanda sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzular müzakirə edilib.     

Ətraflı
Göyçayda uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınmasına dair tədbir keçirilib

26 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göyçay rayon Heydər Əliyev Mərkəzində uşaqların məcburi əməyə cəlb edilməsi və insan alverinin qurbanı olmasının qarşısının alınması mövzusunda təlim təşkil olunub.  Təlimin məqsədi uşaq əməyinin istismarı və uşaqların insan alveri qurbanına çevrilməsinin qarşısının alınması istiqamətində qurumlararası əməkdaşlığın gücləndirilməsi olub. Görüşdə Mingəçevir, Yevlax şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayon icra hakimiyyətləri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları və sahə rəisləri, Sosial Xidmətlər Agentliyinin nümayəndələri, eləcə də kiçik və orta biznes sahibkarları iştirak ediblər. Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova tədbir iştirakçılarına dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat verib. Ardınca Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, həmçinin “Azərbaycan Uşaqları İctimai Birliyi”nin rəhbəri Kəmalə Ağazadə tərəfindən təlim keçirilib. Təlimin proqramına insan alveri qurbanlarının hüquqlarının müdafiəsi, uşaqlara xas aspektləri, uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması ilə bağlı mövzular daxil edilmişdir. Mütəxəssislər uşaq əməyinin formaları, istismarla mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar, qanunvericiliklə müəyyən edilmiş əmək normaları, uşaqlara verilən hüquqi imtiyazlar və onların insan alverindən müdafiəsi ilə bağlı məqamları diqqətə çatdırıblar. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

Ətraflı
Anım Gününün beşinci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər, o cümlədən mərkəzlərdə və təhsil müəssisələrində vətənpərvərlik mövzusunda görüşlər keçirilib, şəhid və müharibə iştirakçılarının ailələrinə səfərlər, Şəhidlər xiyabanlarına ziyarətlər təşkil edilib. Mərkəzlər, Rayon İcra Hakimiyyətləri, təhsil müəssisələrinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tarixi Zəfərimizə, igid hərbçilərimizə və qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirlərdə çıxış edənlər tarixi qələbəmizdən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində hərbçilərimizin misilsiz şücaətlərindən, işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin doğma yurdlarına qayıtmasından bəhs edib, şəhidlərimizin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar. Tədbirlərdə şagirdlər tərəfindən Anım Gününə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.      

Ətraflı
“Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib

25 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan təlimin əsas məqsədi gender bərabərliyi və ayrı-seçkilik mövzularında media əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətin bu sahədə maarifləndirilməsi işində medianın rolunun gücləndirilməsidir. Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçıları salamlayaraq, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edib. Sədr müavini Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr barədə iştirakçılara ətraflı məlumat verib.  Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət çəkən S. Qəhrəmanova vurğulayıb ki, xüsusilə media nümayəndələrinin gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə formalaşan təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin gender bərabərliyi və ayrı-seçkilik kimi mövzularda daha məlumatlı və həssas yanaşma sərgiləmələri mühüm əhəmiyyət daşıyır. Daha sonra təlimçi, gender eksperti Məryəm Məcidova iştirakçılara gender bərabərliyinin əsas anlayışları, gender əsaslı zorakılıq, Azərbaycanda gender-əsaslı cins seçiminin səbəbləri və fəsadları mövzularında geniş təqdimatlarla çıxış edib. O, həmçinin gender bərabərliyinin təşviqində medianın rolu və genderə həssas jurnalistikanın üstünlükləri barədə danışıb. İnteraktiv müzakirələrlə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin Ailə naziri Sana Suhail ilə görüşüb

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın 24 sentyabr 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Ailə naziri Sana Suhail ilə görüşü keçirilib.  Bahar Muradova Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dost ölkələrlə əlaqələrini möhkəmləndirdiyini və bu münasibətlərin gələcəkdə daha geniş əməkdaşlığa yol açdığını bildirib. O həmçinin qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr gələcək əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək. Komitə sədri çıxışı zamanı Azərbaycan-Ermənistan münaqişəsinin sülh sazişi ilə başa çatdırılmasını diqqətə çatdıraraq, bu hadisəni yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Sülhün əldə olunmasının ölkəmizin daha geniş miqyaslı hədəflərə doğru irəliləməsinə imkan yaradacağını qeyd edib. Bahar Muradova Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də məlumat verib. O, qohum və erkən nikahlarla bağlı mənfi stereotiplərin aradan qaldırılması üçün hüquqi mexanizmlərin tətbiq edildiyini qeyd edib. Valideyn-övlad münasibətlərinin gücləndirilməsi, uşaqların təşəbbüslərinə dəstək göstərilməsi, qızların təhsili və qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə danışıb: “Əgər biz sağlam ailə və sağlam gələcəkdən danışırıqsa, qohum nikahlarına ciddi diqqət yetirməliyik. Bu istiqamətdə qanun qəbul edilib və artıq qüvvəyə minib. Həm valideynlərin, həm nikaha girənlərin, həm də bu prosesi təşviq edən qurumların məsuliyyəti qanunla müəyyən edilib.” - deyə o əlavə edib.  Bahar Muradova, həmçinin regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri haqqında məlumat verib. O bildirib ki, bu mərkəzlər icma əsaslı fəaliyyət göstərərək əhalinin bütün təbəqələrinə, xüsusilə də həssas qruplara – qadınlara və uşaqlara hüquqi maarifləndirmə xidməti göstərir, ailələrin sosial problemlərinin həllinə dəstək olur. BƏƏ Ailə naziri Sana Suhail isə bildirib ki, hər iki dövlət ortaq dəyərlərə və mədəniyyətə malikdir. Biz Azərbaycanı təbii tərəfdaş ölkə olaraq görürük və təcrübəsini öyrənməkdə maraqlıyıq: “Prioritetlərimiz arasında qadınların parlamentdə, sahibkarlıqda və təhsil sahəsində fəallığının artırılması, həmçinin ailə institutunda mövqeyinin gücləndirilməsi yer alır. Azərbaycanda bu sahədə həyata keçirilən qanunvericilik islahatları, xüsusilə də qohum nikahlarının qadağan edilməsi istiqamətində atılan addımlar diqqətimizi cəlb edir.” - deyə nazir bildirib. Nazir həmçinin Azərbaycanda Ailə və Uşaq Dəstək Mərkəzlərinin fəaliyyəti ilə maraqlandığını qeyd edib və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüş ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrlə davam edib.

Ətraflı
Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

24 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılması” təlimi ilə bağlı Azərbaycana səfər edən Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin şöbə müdiri Ömer Çokgörenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Aynur Sofiyeva Dövlət Komitəsinin təşkilatçılığı ilə növbəti 3 gün ərzində keçiriləcək təlimin əhəmiyyətindən danışıb. O, çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasının, eyni zamanda bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.Ömer Çokgören Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, təlimin uğurla başa çatacağına inandığını qeyd edib.Görüşdə Dövlət Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nümayəndələri də iştirak edib.

Ətraflı
Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılması məqsədilə təlimə start verilib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunan üçgünlük təlimin ilk günü başa çatıb. Təlimin əsas məqsədi çətin həyat şəraitində yaşayan uşaqlar və onların ailələri ilə işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda tədbir dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, sahə üzrə təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına şərait yaradır. Proqram çərçivəsində iştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olacaqlar. Onlar sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzuları da müzakirə edəcəklər. Təlim Türkiyədən dəvət olunmuş üç ekspert tərəfindən aparılır. Ümumilikdə müxtəlif peşə sahələrini təmsil edən 105 nəfər iştirakçı 3 qrup üzrə prosesə cəlb olunub. Onların sırasında pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların üzvləri, icra strukturlarının nümayəndələri, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri və sosial xidmət sahəsində birbaşa çalışan mütəxəssislər yer alır. Təlim “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”na, həmçinin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.1-ci bəndinə uyğun olaraq keçirilir və 25–26 sentyabr tarixlərində davam etdiriləcək.

Ətraflı
Bakı şəhərində və regionlarda növbəti “Açıq qapı” günü keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə 23 sentyabr 2025-ci il tarixində növbəti “Açıq qapı” günü keçirilib.Tədbirdə psixoloq və sosial işçilər də iştirak ediblər. Səyyar formada təşkil olunan “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Buzovna, Goranboy rayonunun Nərimanlı, Hacıqabul rayonunun Padar, Qəbələ rayonunun Məmmədağalı, Saatlı rayonunun Seyidlər, Sabirabad rayonunun Axıska, Zaqatala rayonunun Çobankol, Zərdab rayonunun Gəlmə, Göygöl rayonunun Yeni Qızılca və İsmayıllı rayonunun Qurbanəfəndi kənd və qəsəbələrini əhatə edib. Tədbir çərçivəsində vətəndaşların UADM-lərin xidmətlərindən istifadə imkanları, mərkəzlərlə əməkdaşlıq,psixoloji konsultasiya,aliment məsələləri,müalicə və sosial müavinətlər,işlə təminat və özünüməşğulluq proqramları,təhsil imkanları,evdə (səyyar) sosial xidmətlərin təşkili mövzuları üzrə müraciətləri dinlənilib. Bundan əlavə, uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub. “Açıq qapı” günü çərçivəsində ümumilikdə 90 nəfər vətəndaşın müraciəti dinlənilib və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.

Ətraflı
Bahar Muradova BMT-də Serbiya naziri Tatyana Makura ilə görüşüb

Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın Gender Bərabərliyi, Qadınlara qarşı Zorakılığın Qarşısının Alınması və Qadınların Gücləndirilməsi naziri Tatyana Makura ilə görüşüb. Bahar Muradova  BMT-də gedən müzakirələrə toxunaraq onların qadınların və qızların gücləndirilməsi istiqamətində müxtəlif mövqe və baxışların ortaya qoyulması baxımından olduqca vacib olduğunu deyib. O bütün ölkələri birləşdirən dəyərin insanların həyatının yaxşılaşdırılması və xüsusilə sosial ölçüdə siyasət və təcrübələrin bölüşülməsi baxımından əhəmiyyətli olduğunu  qeyd edib.Həmçinin Azərbaycanla Serbiya aradında bu sahədə əməkdaşlığın günün tələbləri səviyyəsinə qaldırılmasına ehtiyac olduğunu vurğulayıb. Daha sonra çıxış edən serbiyalı nazir bu il paytaxt Belqradda qadınlar forumu keçirdiklərini deyərək gələn il tədbirin daha geniş miqyasda təşkil olunacağını vurğulayıb və Bahar Muradovanı tədbirə dəvət edib. Tatyana Makura həmçinin qadınların iqtisadi gücləndirilməsinin  ölkəsinin prioritet istilamətlərindən olduğunu deyərək bu sahədə Azərbaycanın uğuru təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını dilə gətirib, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bahar Muradova qadınların iqtisadi və siyasi cəhətdən gücləndirilməsi yolu ilə həyatlarının və rifahlarının yaxşılaşdırılması ilə bağılı Serbiya tərəfinin fikirlərini yüksək dəyərləndirib və bu istiqamətdə birgə fəaliyyətin məqsədlərinin üst-üstə düşdüyünü vurgulayıb.

Ətraflı