Dövlət Komitəsində Xocalı soyqırımının günahsız qurbanları anılıb
Paylaş:
26 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Çıxış edən Bahar Muradova Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib və bütün mənəvi çərçivələri aşmış bu faciəni insanlıq tarixinin qanlı səhifələrindən biri adlandırıb.
Bu hadisənin tarix və reallıq olduğunu vurğulayan sədr, soyqrımın elmi-tədqiqat əsərlərində geniş şəkildə araşdırılmalı olduğunu qeyd edib. O, faciənin gələcək nəsillərə çatdırılması, insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirilməsi və günahkarların ədalət mühakiməsi qarşısında cavab verməsinin zəruri olduğunu bildirib.
B.Muradova qeyd edib ki, Azərbaycan xalqı öz xarakterindən irəli gələn qətiyyətlə Ulu öndər Heydər Əliyevin siyasətinə, müstəqil Azərbaycan dövlətçiliyinin ideologiyasına sadiq qalaraq ölkəmizə qarşı törədilmiş bu cinayətə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində qarşıya qoyulan vəzifələri yerinə yetirib. Vurğulayıb ki, bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirdiyi hərbi-siyasi kurs və əldə olunan nəticələrlə sübut edib ki, mürəkkəb beynəlxalq şəraitdə belə dövlət iradəsi və qətiyyəti ilə ədaləti təmin edə bilər.
Çıxışının sonunda Azərbaycanın öz gücü və qüdrəti naminə ərazi bütövlüyünün və suverenliyinin bərpa etdiyini xüsusi vurğulayan Komitə sədri, bu yolda canından keçən bütün şəhidlərin xatirəsini ehtiramla yad edib.
Daha sonra Xocalı sakini, şəhid övladı, DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının şöbə rəisi, polkovnik-leytenantı Almaz Həsənova çıxış edərək faciə ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Xocalı soyqırımı təkcə bir şəhərə qarşı törədilmiş cinayət deyil, bütöv bir millətin başına gətirilmiş müsibət, xalqın genofonduna, milli kimliyinə və mənəvi dəyərlərinə qarşı yönəlmiş siyasətdir.
Almaz Həsənova vurğulayıb ki, Xocalı Azərbaycan xalqının sağalmayan yarasıdır və bu ağrı illər keçsə də unudulmur. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan bir daha sübut etdi ki, vicdanını, namusunu və milli ləyaqətini qorumağı bacaran güclü və iradəli bir millətdir. Bu gün Azərbaycanın üçrəngli bayrağının azad torpaqlarımızda dalğalanması şəhidlərimizin qanının yerdə qalmadığının göstəricisidir. A. Həsənova vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev üzərinə götürdüyü böyük missiyanı layiqincə yerinə yetirərək xalqın tarixi ədalətə qovuşması yolunda mühüm nailiyyətlər əldə edib.
Tədbir zamanı Dövlət Komitəsinin əməkdaşları çıxış edərək, soyqırımının günahsız qurbanlarını, müstəqillik və azadlığımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Qeyd olunub ki, xalqımız şəhidlərimizin qisasını almağa qadir olduğunu əməli fəaliyyəti ilə sübut edib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi