Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
“Arzumuz var!” təqaüd proqramının iştirakçıları ilə görüş keçirilib

Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bank arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə çatıb. Layihə çərçivəsində paytaxt Bakı, Qusar, Göyçay, Ağcabədi, İsmayıllı, Qax, Xocalı, Qəbələ, və Lənkəranda  yaşayan, aztəminatlı ailələrdən olan qızların universitetə hazırlıq xərcləri üçün təqaüd verilib. Bu il məktəbi təqaüdçülərdən 5 nəfəri ali məktəbə daxil olub. Onlardan Zeynəb Əliyeva ADPU-nun ibtidai sinif müəllimliyi, Xəyalə Mürsəlova BSU-nun tərcüməçilik, Əminə Abdullayeva AZMİU-nun dizayn, Aysel Cavadova BDU-nun ekologiya mühəndisliyi, Həmidə Əhmədzadə isə ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olub. Ötən gün layihənin iştirakçıları və tərəfdaş qurumların rəsmi nümayəndələrinin iştirakı ilə maraqlı bir tədbir baş tutub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək layihənin regionda yaşayan qızlarımız üçün önəmindən danışıb. “Dövlət və özəl sektorun tərəfdaşlığı xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. Biz artıq illərdir ki, regionda yaşayan qızlarımızın təhsil səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata keçiririk. “Arzumuz var!” həm qızlarımız, həm onların ailələri, həm də komandalarımız üçün maraqlı bir layihə oldu. Düşünürəm ki, tələbə adını qazanan qızlarımızın uğuru layihənin digər iştirakçıları üçün də motivasiya olacaq və biz növbəti tədris ilində daha böyük uğurun qürurunu birlikdə yaşayacağıq.” Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova layihənin nəticələrindən qürur duyduğunu bildirib. “Ötən il müxtəlif regionlardan olan qızlarımıza təqaüd imkanı yaratdığımız bu layihəyə start verəndə inanırdıq ki, nəticələri hər birimiz üçün uğurlu olacaq. Biz çox sevincliyik ki, təqaüdçülərimiz nəticələri ilə bu inamımızı doğrultdu. 5 qızımız tələbə adına layiq görüldü. Təbii ki, bütün uğurlu nəticələr əziyyət və zaman tələb edir. Biz bu müddətdə abituriyentlərimizə çox güvəndik, komandamız, mentorlarımız öz təcrübələri ilə hər an onların yanında oldu. Onlarla söhbətimizdən bir daha əmin oldum ki, layihəmizi davam etdirməli və daha çox gəncin həyatına toxunmalıyıq. Mən bankımız adından onların hər birinə yeni həyat yolunda uğurlar arzu edirəm. Biz missiyamızı bununla bitmiş hesab etmirik, hər zaman onların yanındayıq və tələbəlik illərində, daha sonrakı karyera həyatlarında dəstəyimizi yaxından hiss edəcəklər.” Layihə müddətində Kapital Bank-ın layihənin icra edildiyi bölgələrdəki filial əməkdaşları qızlara mentorluq edərək, onların ali məktəblərə hazırlığına dəstək olublar. Həmçinin bu müddətdə onlara “Daxili gücün kəşfi”, “Kibertəhlükəsizlik”, “Yumşaq bacarıqlar” kimi bir çox mövzularda bank əməkdaşları tərəfindən təlimlər keçirilib. Qeyd edək ki, layihə çərçivəsində abituriyentlərin ali məktəblərə hazırlıq xərclərinin qarşılanması nəzərdə tutulsa da, bank tərəfindən 5 nəfər tələbənin universitetlər üzrə illik təhsil haqları da qarşılanıb. Bank tələbələrin texnoloji yeniliklərə əlçatanlığını artırmaq üçün onlara kompüterlər də hədiyyə edib. Qeyd edək ki, təqaüd proqramına 7 yeni iştirakçı cəlb edilib.“Arzumuz var!” layihəsi həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaratmağa davam edir.    

Ətraflı
Xüsusi qayğıya ehtiyacı olan uşaqların ataları üçün təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Təşkil edilən tədbirlərin davamı olaraq, 4 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibində olan Mərdəkan Mədəniyyət Sarayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi, Daun Sindromlu Şəxslərin Assosiasiyasının fəaliyyətindən bəhrələnən və Sosial Xidmətlər Agentliyinin Sabunçu Sosial Xidmət Mərkəzində xidmət alan uşaqların ataları üçün “Valideyn məsuliyyəti” mövzusunda təlim təşkil edilib. Tədbirdə Əlilliyi olan şəxslərin “Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov iştirak edərək, uşaqlara qayğı və onların təlim - tərbiyəsində valideynlərin rolu ilə bağlı məqamlardan söz açıb. Təlim müzakirələrlə davam edib. Sonda atalara uşaqların istifadəsi üçün dəftərxana ləvazimatları, inkişafetdirici oyuncaqlar, idman alətləri və kiçik motorikanın inkişafı üçün oyunlar təqdim edilib.

Ətraflı
2 oktyabr Beynəlxalq qeyri-zorakılıq günüdür

2 oktyabr Beynəlxalq qeyri-zorakılıq günü kimi qeyd edilir. Günün məqsədi – sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təbliğ etməkdir.

Ətraflı
Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə çıxış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxış edib.  Bildirilib ki, qadınların liderliyini artırmaq və gender bərabərsizliyini aradan qaldırmaq üçün gələcəkdə də bir sıra addımlar atılmalıdır. İlk növbədə, qadınların iqlim siyasəti üzrə qərar qəbuletmə səviyyəsində iştirakını gücləndirmək lazımdır. Daha sonra kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxışları yaxşılaşdırılmalıdır. Uşaqlar üçün də iqlimə dair maarifləndirmə tədbirləri gücləndirilməlidir. Komitə sədri iqlim dəyişmələrindən ən çox qadınlar və uşaqlarln əziyyət çəkdiyini vurğulayaraq, qeyd edib ki, iqlim dəyişmələri səbəbindən qadın və uşaqların 80 faizi evlərini tərk edib. Lakin buna baxmayaraq, iqlim dəyişmələri ilə ən çox mübarizə aparmağa can atanlar da qadınlardır. Kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxış imkanları artırılmalıdır.  B. Muradova çıxışında qeyd edib ki, narkomaniyanın qarşısının alınmasına həsr olunmuş kampaniyanın ekoloji mövzularla birləşdirilməsi, müxtəlif regionlarda yaşıllaşdırma və yaşıllığa qulluq kampaniyalarının keçirilməsi, eləcə də “#yaşıldünyanaminə həmrəyolaq” həştəqi ilə aparılan sosial çağırışlar mühüm rol oynayıb: Bu tədbirlərin hamısı qadınların, uşaqların və ailələrin iqlim fəaliyyətinə aktiv qoşulmasını təmin etmək, ekoloji şüuru gücləndirmək və gender bərabərliyini davamlı inkişaf gündəliyinin ayrılmaz hissəsinə çevirmək məqsədinə xidmət edib” - deyə o əlavə edib.  B.Muradovanın sözlərinə görə, son beş ildə minlərlə qadın maliyyə savadlılığına və məşğulluğa cəlb olunub: “Son 5 ildə dövlət, özəl və ictimai sektor nümayəndələrinin yaratdığı sinerji nəticəsində yalnız iqtisadi sahədə 10 minlərlə qadın sahibkarlıq təşəbbüslərinə dəstək alıb, onların bir qismi yaşıl iqtisadiyyat və ekoloji layihələrdə fəaliyyət göstərib. Regional mərkəzlər şəbəkəsi vasitəsilə ölkənin əksər bölgələrində minlərlə qadın peşə hazırlığına, maliyyə savadlılığına və məşğulluq imkanlarına yiyələnib”.  Bahar Muradova vurğulayıb ki, gələcəkdə qadınların iqlim siyasəti üzrə qərar qəbuletmədə iştirakının artırılması, kənd yerlərində qadınların yaşıl sahibkarlıq təşəbbüslərinə çıxış imkanlarının genişləndirilməsi, uşaqlar üçün maarifləndirmə proqramlarının gücləndirilməsi və qlobal tərəfdaşlarla regional əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi prioritet olacaq. O, həmçinin uşaqların hüquqlarının müdafiəsi sahəsində Dövlət Komitəsinin digər tərəfdaşlarla birlikdə uşaq müdafiə mexanizmləri şəbəkəsini genişləndirdiyini, iqlim dəyişikliyi və ekoloji maarifləndirmə mövzularını məktəbyaşlı uşaqlar arasında təbliğ edən layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ailə institutunun gücləndirilməsi məqsədilə həyata keçirilən proqramlar minlərlə ailənin sosial rifahının yüksəldilməsinə və icmaların dayanıqlılığının artırılmasına töhfə verib. B. Muradova sonda bildirib ki, Azərbaycanın COVID-19 və iqlim dəyişikliklərinə qarşı mübarizədə əldə etdiyi uğurlar həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti arasında əməkdaşlıq imkanları yaradıb. İkinci dəfə təşkil edilən Bakı İqlim Fəaliyyət Həftəsi hökumət, özəl sektor və ictimaiyyət arasında konstruktiv dialoq platforması kimi özünü təsdiqləyib.Bütün bu tədbirlər qadınların liderliyinin artırılmasına, gender boşluqlarının aradan qaldırılmasına və davamlı, ədalətli gələcəyin qurulmasına xidmət edir.

Ətraflı
Məişət zorakılığının qarşısının alınması sahəsində yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun növbəti rüblük iclası keçirilib. Məişət zorakılığı ilə bağlı ölkədə rezonans yaradan faktlar və üç aylıq hesabat, həmçinin yerli monitorinq qruplarının məişət zorakılığının qarşısının alınması zamanı fəaliyyətlərində yaranan çətinliklər, eləcə də onların həlli yollarının müzakirəsi iclasın gündəliyində duran əsas məsələlərdən olub. İclasda monitorinq qrupunun üzvləri ilə yanaşı, Vəkillər Kollegiyasının və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Dövlət Statistika Komitəsinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri, o cümlədən Bakı Şəhərinin Sabunçu və Binəqədi rayonları, habelə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçılarının  müavinləri, yerli monitorinq və əlaqələndirmə qruplarının sədrləri qismində iştirak ediblər. Monitorinq və əlaqələndirmə qrupunun iclasında qurumlararası əlaqələndirmənin gücləndirilməsi, bütün rayon və şəhərlər üzrə münaqişəli ailələrin siyahısının müəyyən edilməsi, təhlillərin aparılması və münaqişəli ailələrlə profilaktiki işin gücləndirilməsi, habelə yerli polis bölmələrinin əməkdaşlarına məişət zorakılığının qarşısının alınması ilə bağlı təlimlərin keçirilməsi kimi bir çox məsələlər ətrafında həm qrup üzvləri, həm də qonaqlar tərəfindən ətraflı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr verilib.   

Ətraflı
Universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib

30 sentyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Sən tək deyilsən” layihəsinin istiqamətlərindən biri olan “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı çərçivəsində görüş keçirilib. Görüş iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, yaxın zamanda Zəfər gününün 5 illiyinin qeyd ediləcəyinə diqqət çəkib. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzmi nəticəsində qazanılıb. O, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminə göstərdikləri fədakarlığı xüsusi vurğulayıb. Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə sosial siyasətin mühüm tərkib hissəsi kimi şəhid ailələrinin və aztəminatlı ailələrin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi proseslərdə iştirakının təmin olunması və mövcud problemlərinin həllinə yönəlik layihələr həyata keçirilir. Sədr bildirib ki, qadınların dövlətin ictimai-siyasi həyatında iştirakı daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə fəaliyyət dövlət qurumları, özəl sektor və QHT-lərlə birgə həyata keçirilir. O, xüsusilə şəhid ailələrinin cəmiyyətə inteqrasiyasının prioritetlər sırasında olduğunu vurğulayıb. B. Muradova, 2023-cü il sentyabrın 21-də ABA ilə Komitə arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, aztəminatlı ailələrdən olan qızların təhsili, regionlarda dəstək mərkəzlərinin yaradılması və digər layihələrin icrasının nəzərdə tutulduğunu xatırladıb. B. Muradova, “Sən Tək Deyilsən” layihəsinin “Gələcəyə əmin addımlarla” proqramının şəhid xanımlarının təhsilinə dəstək göstərməklə yanaşı, onların ölkənin ictimai həyatında aktiv iştirakına şərait yaratdığını bildirib. O, layihənin artıq 4 ildir uğurla icra olunduğunu və bu müddətdə 34 şəhid xanımının təhsilinə dəstək göstərildiyini qeyd edib. Çıxışının sonunda B.Muradova əldə etdikləri nailiyyət münasibətilə şəhid həyat yoldaşlarını təbrik edib: “Biz inanırıq ki, sizin nümunəvi addımlarınızdan ruhlanan xanımlarımız da qarşılaşdıqları çətinlikləri inamla dəf edəcək, çalışacaq, təhsil alacaq və hər zaman xalqına, dövlətinə layiq şəxsiyyət kimi yaşayacaqlar”-deyə o, əlavə edib. ABA-nın prezidenti Zakir Nuriyev şəhid xanımlarının dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin vacibliyini vurğulayıb və təşəbbüsə görə Komitə sədrinə təşəkkürünü bildirib. Z.Nuriyev əldə edilən Zəfərin Ali Baş Komandanın uzun illər düşünülmüş siyasəti və ordumuzun, əsgərlərimizin canı və qanı bahasına mümkün olduğunu söyləyib. O, şəhid xanımlarının təhsil yolunda atdıqları bu addımın bütün cəmiyyət üçün böyük motivasiya olduğunu, Azərbaycan qadınının gücü, iradəsi və bacarığını nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, qadınların uğuru bütövlükdə cəmiyyətin uğuru deməkdir və bu addım təkcə şəhid xanımları üçün deyil, bütün qadınlar üçün güclü bir mesajdır: “Cəmiyyətin sabahı qadınların nailiyyətlərindən asılıdır. Onların güclü olması sabahımızı möhkəmləndirir”. Çıxışlar dinlənildikdən sonra layihə haqqında film nümayiş etdirilib. Daha sonra sertifikat və hədiyyələr təqdim olunub. Layihə iştirakçıları çıxış edərək, övladlarına həm ana, həm də ata kimi dəstək olmağa, eyni zamanda daim inkişaf edərək örnək olmağa çalışdıqlarını bildiriblər. Dövlətin daimi dəstək və qayğısının bu yolda onlara güc verdiyini qeyd edən şəhid xanımları, layihə çərçivəsində onlara göstərilən diqqətə görə minnətdarlıqlarını dilə gətiriblər. Sonda xatirə fotosu çəkilib. Qeyd edək ki, layihə çərçivəsində şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsi, onların gələcək karyera quruculuğuna və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsi nəzərdə tutulur.

Ətraflı
Dövlət Komitəsində Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədrinin müşaviri Saodat Boymirzayeva ilə görüş keçirilib

29 sentyabr 2025-ci il tarixində Dövlət Komitəsində  Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədrinin müşaviri Saodat Boymirzayeva ilə görüş keçirilib. Kommunikasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi məqsədilə Azərbaycana səfər edən qonağı salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Dövlət Komitəsinin media ilə iş mexanizmləri, eləcə də qurumun bu sahədə müəyyənləşdirilmiş strateji hədəfləri barədə ətraflı məlumat verib. Görüş zamanı, həmçinin ölkələrarası ailə institutunun möhkəmləndirilməsi, qadın siyasəti və ictimai maarifləndirmə sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.  Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Saodat Boymirzayeva qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Müvafiq şöbələrin əməkdaşlarının da iştirak etdiyi görüş gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə proqramlarının təşkili və qarşılıqlı səfərlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib. Qeyd edək ki, görüş Özbəkistan Respublikasının Prezidentinin Azərbaycan Respublikasına dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası ilə əlaqədar keçirilib.

Ətraflı
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə Bəyanatı

27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd edilir. Beş il əvvəl – 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və uzun illər işğal altında saxlanılmış torpaqlarımızı azad etmək məqsədilə başlanan Vətən müharibəsi 44 gün davam etmiş və tarixi Zəfərlə başa çatmışdır. Bu gün, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başladığı gün torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş hərbi qulluqçularımızın, həmçinin müharibə zamanı düşmən təxribatı nəticəsində həlak olmuş mülki vətəndaşlarımızın, o cümlədən qadınların və uşaqların əziz xatirəsini dərin ehtiramla yad edirik. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlarını hədəfə almış, düşmənin raket və ağır artilleriya hücumları nəticəsində yüzdən artıq azərbaycanlı mülki şəxs həyatını itirmişdir. Onların arasında qadınlar və uşaqların həlak olması, müxtəlif dərəcəli bədən xəsarətləri alması, bütöv ailələrin məhv edilməsi Ermənistanın müharibə cinayətlərinin və insanlıq əleyhinə əməllərinin ən bariz göstəriciləridir. Müharibənin bitməsindən sonra da Ermənistanın işğal dövründə ərazilərimizdə basdırdığı 1 milyondan çox mina əhalimiz üçün ciddi təhlükə olaraq qalır. 2020-ci ilin noyabrından bəri 400 nəfərdən çox mülki vətəndaş, o cümlədən qadın və uşaqlar mina partlayışlarının qurbanı olmuşlar. Mina qurbanlarının acı taleyi yalnız Azərbaycanın deyil, bütövlükdə dünyanın münaqişə bölgələrində yaşayan milyonlarla insanın faciəsini əks etdirir. Vətən müharibəsinin başa çatması, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra bölgədə tamamilə yeni bir geosiyasi reallıq yaranmışdır. Azərbaycan hazırda bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində tarixi addımlar atır. Azərbaycan dövləti tərəfindən həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur qurulur, məşğulluq imkanları yaradılır, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən mərasimdə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması barədə birgə Bəyannamənin imzalanması, Cənubi Qafqaz regionunda tarixi bir dönüş nöqtəsi olmuşdur. Bu Bəyannamə uzun illər davam edən gərginliklərə və qarşıdurmalara son qoyaraq, regionda davamlı sülhün və qarşılıqlı əməkdaşlığın bərqərar olması üçün möhkəm əsas yaratmışdır. Sənədin imzalanması təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də daha geniş regionda sabitliyin və rifahın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bəyannamə siyasi, iqtisadi, enerji, sosial, humanitar və digər sahələrdə tərəfdaşlıq üçün yeni imkanlar yaradacaqdır.  Statement of the State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan on the occasion of the 5th Anniversary of September 27 – Memorial Day  

Ətraflı
Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər. Ziyarət zamanı Vətən uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan Vətən Müharibəsi Memorial Kompleksinin önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.  

Ətraflı