İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi çərçivəsində keçirilən təlimlər Füzuli rayonunda yekunlaşıb

26 sentyabr 2024 11:27

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi çərçivəsində keçirilən təlim-görüşlər Füzuli rayonunda yekunlaşıb.

Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə müəllim-şagird-valideyn kollektivinin iştirakı ilə keçirilən yekun təlim və görüşdə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Əmirxan Səfərov iştirakçılara layihənin məqsədi barədə məlumat verib, bu ərazilərdə əhali ilə aparılacaq psixososial işin əhəmiyyətini vurğulayıb.

Layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimdə iştirakçılar interaktiv şəkildə müxtəlif psixoloji tapşırıqlar yerinə yetirib, valideynlərə uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb, şagirdlərə məktəb çantası, dərs ləvazimatları və bədii kitablar hədiyyə olunub.