İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla növbəti təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə keçirilən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi çərçivəsində 25 sentyabr 2024-cü il tarixində Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində müəllim-şagird-valideyn kollektivinin iştirakı ilə növbəti təlim və görüş keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Əmirxan Səfərov iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, bu ərazilərdə əhali ilə aparılacaq psixososial işin əhəmiyyətini vurğulayıb.
Sonra layihənin eksperti, psixologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Bünyatova tərəfindən keçirilən təlimdə iştirakçılar interaktiv şəkildə müxtəlif psixoloji tapşırıqlar yerinə yetiriblər. Psixoloq yeniyetmələrlə stressin və emosiyaların ifadə və idarəolunması yollarından bəhs edib. Valideynlərlə keçirilən maarifləndirici seminarda uşaqların yaş və inkişaf xüsusiyyətləri barədə məlumat verilib, uşaqlarla münasibətdə yaranan problemlər, yeni şəraitə uyğunlaşmada rastlaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, bukletlər paylanılıb, şagirdlərə məktəb çantası, dərs ləvazimatları və bədii kitablar hədiyyə olunub.
Qeyd edək ki, layihə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.