“Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda növbəti təlim keçirilib

20 sentyabr 2024 15:43

Paylaş:

Respublikanın işğaldan azad olunmuş ərazilərinə geri qayıdan əhaliyə dəstək göstərilməsi, onların adaptasiyasının daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının iştirakı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qaynar xəttin əsas iş prinsipləri” mövzusunda növbəti təlim keçirilib.

17-19 sentyabr 2024-cü il tarixində keçirilən təlimdə Komitənin Ailə məsələləri şöbəsi  Mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib, həmin əraziyə qayıdan  əhalinin uyğunlaşmasına peşəkar və həssas yanaşmanın vacibliyini vurğulayıb,  bu sahədə dövlət qurumlarının üzərinə düşən məsuliyyətin əhəmiyyətini qeyd edib.    

Üç gün davam edən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Məşğulluq Agentliyi,  Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Füzuli, Zəngilan, Cəbrayıl rayon və Şuşa şəhər İcra Hakimiyyətləri, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin  tabeliyindəki tibb  müəssisələrinin əməkdaşları olmaqla 22 nəfər cəlb olunub.

Təlimçilər “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin (İB) sədri Kəmalə Aşumova, İB-in Sosial xidmət mərkəzinin psixoloqu, təlimçi  Fidan Əkbərli və Yuvenal Ədliyyə Mərkəzinin əməkdaşı, klinik psixoloq Gülşən Axundova tərəfindən geri qayıdan əhalinin psixologiyası, yeni şəraitə adaptasiyası, əhaliyə dəstək məqsədilə kadrların peşəkar bacarıqlarının artırılması, psixoloji stressin idarə olunması, effektiv ünsiyyət texnikaları, işgüzar mühitdə etik normalar, komanda quruculuğu və fərdi yanaşma, qaynar xəttin iş prinsipləri, beynəlxalq təcrübə və digər mövzularda ətraflı məlumatlar verilib. Təlim zamanı aparılan qrup işləri və rollu oyunlar iştirakçıların mövzuya dair biliklərinin artırılmasına və bu biliklərin əyani situasiyalarda peşəkar tətbiqinə imkan  yaradıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.