Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Uşaq Hüquqları Aylığı çərçivəsində 4 mindən çox uşağı əhatə edən genişmiqyaslı tədbirlər keçirilib

Uşaq hüquqlarının qorunması, rifahının yaxşılaşdırılması və bu sahədə ictimai məlumatlılığın artırılması məqsədilə ölkədə hər il qeyd olunan Uşaq Hüquqları Aylığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Keçirilən 117 tədbir, 11 təlim, 5 intellektual yarış, 3 konfransda ümumilikdə 6791 nəfər iştirak edib (onlardan 4262-si uşaq olmaqla). Aylıq çərçivəsində “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” və “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar”  mövzularında iki konfrans, eləcə də “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” mövzusunda mətbuat konfransı, həmçinin “Hüquqlarınla parla!” layihəsi üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə fəal uşaqların görüşü təşkil edilib. 3 konfransa 180 nəfər, görüşə isə 36 nəfər (ümumilikdə 216 nəfər) cəlb olunub (76 kişi, 103 qadın və 37 uşaq) qatılıb. 20 oktyabr – 20 noyabr tarixlərində Komitənin tabeliyində fəaliyyət göstərən Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqlar və valideynlərin iştirakı ilə müxtəlif mövzularda 67 tədbir (2.929 nəfər) və 5 təlim (70 nəfər) keçirilib. Beləliklə, Mərkəzlərin fəaliyyətinə ümumilikdə 2.999 nəfər (558 kişi, 1.423 qadın, 1.018 uşaq) cəlb olunub. Erkən Uşaqlıq Dövrünün İnkişafı (EUDİ)  platforması tərəfindən ictimai maarifləndirmə məqsədilə uşaqların hüquqlarının qorunması mövzusunda sosial çarx hazırlanmışdır. Dövlət Komitəsi layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi də aylıqda xüsusi fəallıq nümayiş etdirib. Bakı, Sumqayıt, Şəki, Şirvan və rayonlarda (Abşeron, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad,Daşkəsən,  Füzuli,  Gədəbəy,  Xaçmaz, Xızı, İmişli, İsmayıllı,Qax, Qəbələ, Qusar, Lerik, Neftçala, Sabirabad, Salyan, Samux, Şabran, Şəmkir, Ucar və Zaqatala) uşaq hüquqlarının təbliği məqsədilə Məclis (USM) tərəfindən 45 tədbir (1.977 nəfər: onlardan 32 kişi, 128 qadın və 1.817 uşaq), 6 təlim (195 nəfər: onlardan 3 kişi, 13 qadın və 179 uşaq) və 5 intellektual yarış (129 nəfər: onlardan 1 kişi, 8 qadın və 120 uşaq) təşkil olunub. Ümumilikdə tədbir, təlim və intellektual yarışlarda 2.301 nəfər iştirak edib (onlardan 36 kişi, 149 qadın və 2.116 uşaq). Eyni zamanda Dövlət Komitəsi tərəfindən uşaqlarla bağlı mövzuların mediada işıqlandırılması, uşaqlarla işləyən mütəxəssis və psixoloqların peşəkarlığının artırılması, eləcə də digər mövzularda daha 6 tədbir (856 nəfər: onlardan 4 kişi, 15 qadın və 837 uşaq və tələbə) və 5 təlim (419 nəfər: onlardan 6 kişi, 159 qadın və 254 uşaq və tələbə) təşkil olunub. Ümumilikdə bu tədbir və təlimlərdə 1.275 nəfər iştirak edib (onlardan 10 kişi, 174 qadın və 1.091 uşaq). Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən bu çoxşaxəli tədbirlər uşaq hüquqları ilə bağlı ictimai məlumatlılığın artırılmasına, uşaqların öz hüquqlarını daha yaxşı tanımasına, valideyn və mütəxəssislərin biliklərinin genişlənməsinə və uşaqlara yönəlik xidmətlərin əlçatanlığının gücləndirilməsinə mühüm töhfə verib.  

Ətraflı
Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib

27 noyabr 2025-ci il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Zeynal Cabbarov tərəfindən etik dilemmaların qanunvericilik çərçivəsində həlli yolları, korrupsiya ilə mübarizə sahəsində əsas anlayışlar, hüquqi çərçivə və dövlət qulluqçularının davranış standartları barədə ətraflı məlumat verilib. Təlim interaktiv müzakirələrlə davam edib.Sonda iştirakçıların sualları cavablandırılıb və real iş prosesində rast gəlinə biləcək kazus tipli nümunələr təqdim olunub.

Ətraflı
Türkiyənin yeni Ailə İnstitutu nümayəndə heyətinə təqdim olunub

Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi görüş zamanı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi yanında 2024-cü ildə yaradılmış Ailə İnstitutu barədə ətraflı məlumat təqdim olunub, İnstitutun yaradılma məqsədi, əsas funksiyaları, araşdırma istiqamətləri və ailə siyasətinin təkmilləşdirilməsində oynadığı rol barədə ətraflı məlumat verilib.  Bununla yanaşı, Türkiyədə mövcud demoqrafik vəziyyət və demoqrafik problemlərin həlli istiqamətində həyata keçirilən dövlət siyasəti barədə geniş təqdimat keçirilib. Görüş qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, yeni birgə təşəbbüslərin reallaşdırılması və institusional əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirilib.

Ətraflı
Ankara şəhərində “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun növbəti Fəaliyyət Planı müzakirə edilib

Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi iclas zamanı Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 4 noyabr 2022-ci il tarixində imzalanmış “Ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu”nun növbəti Fəaliyyət Planının hazırlanması və icrası ilə bağlı məsələlər müzakirə olunub. Hər iki ölkənin müvafiq qurumu tərəfindən Fəaliyyət Planına daxil ediləcək istiqamətlərlə bağlı təkliflər səsləndirilib. İclasda bildirilib ki, irəli sürülən bütün təkliflər ümumiləşdirilərək qarşılıqlı şəkildə mübadilə olunacaq və yekun razılaşdırılmış müddəalar hazırlanacaq növbəti Fəaliyyət Planında öz əksini tapacaq. İclas ikitərəfli əməkdaşlığın perspektivləri, qarşıdakı dövr üçün prioritet istiqamətlər, həmçinin dövlət qulluğu sahəsində təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələrlə davam edib.

Ətraflı
Cəlilabadda vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 dekabr 2025-ci il tarixində, saat 11:00-da Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Cəlilabad, Cəbrayıl və Biləsuvar rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Ətraflı
Dövlət Komitəsinin nümayəndələri Çubuk Ailə Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olublar

Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Çubuk Ailə Dəstək Mərkəzini ziyarət ediblər. Nümayəndələr Mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və həyata keçirilən sosial dəstək proqramları barədə ətraflı məlumat əldə ediblər. Mərkəz əməkdaşları 2019-cu ildən fəaliyyət göstərən Çubuk Ailə Dəstək Mərkəzinin azgəlirli və sosial həssas kateqoriyaya aid qadınların inkişafına yönəlmiş geniş proqramlar həyata keçirdiyini qeyd ediblər. Həmçinin həssas kateqoriyadan olan qadınların burada müxtəlif sənətkarlıq və əl işləri üzrə peşə hazırlığı kurslarında iştirak etdiyi, sosial maarifləndirmə məqsədilə təşkil olunan ödənişsiz təlimlərə cəlb olunduqları bildirilib.  

Ətraflı
Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi üzrə keçirilən silsilə seminarlara yekun vurulub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən tədbirlər zamanı iştirakçılara bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqinə dair maarifləndirici məlumatlar verilib. Oktyabrın 24-dən noyabrın 25-dək ekspert Abil Bayramov tərəfindən Oğuz, Daşkəsən,Ağsu, Ucar və Kürdəmir rayonlarında keçirilən seminarlarda ümumilikdə175 nəfər bələdiyyə sədrləri və üzvləri iştirak edib.

Ətraflı
“Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib

25 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub. Konfrans açılış nitqləri ilə başlayıb. Dövlət Komitəsinin sədri Bahar Muradova, konfransın məqsədinin qadınlara qarşı zorakılığa sıfır tolerantlıq mesajını bir daha cəmiyyətə çatdırmaq və hər bir zorakılıq halına biganə qalmamağın vacibliyinə diqqət çəkmək olduğunu vurğulayıb. O, gender əsaslı zorakılığın bu gün təkcə fiziki və psixoloji deyil, həm də rəqəmsal mühitdə yeni formalar aldığını qeyd edib. Əlavə edib ki, bütövlükdə cəmiyyətin inkişafına, sosial rifaha və təhlükəsizliyə təsir edən sistem xarakterli bu məsələnin qarşısının alınması üçün dövlət, hüquq-mühafizə, sosial xidmət orqanları və vətəndaş cəmiyyətinin, o cümlədən medianın birgə səyləri mühüm əhəmiyyət daşıyır. Qadın və uşaq hüquqları, gender bərabərliyi və insan kapitalının inkişafının ölkənin prioritet istiqamətlərini təşkil etdiyini diqqətə çatdıran B. Muradova, bu sahədə mövcud qanunvericilik bazasından söz açıb, həmçinin edilən son dəyişikliklərə toxunub. Gender əsaslı zorakılığa qarşı effektiv mübarizənin yalnız çoxsektorlu və koordinasiyalı əməkdaşlıqla mümkün olduğunu deyib. BMT və digər tərəfdaşlarla əməkdaşlığın gender bərabərliyinin təşviqi, zorakılığa qarşı dayanıqlı həllərin hazırlanması və zərərçəkmişlər üçün təhlükəsiz xidmətlərin genişləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayaraq, tədbirin bu istiqamətdə yeni fikir və təşəbbüslərə təkan verəcəyinə inamını ifadə edib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycanın 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən 143 BMT üzvündən biri olduğunu və yaxın müddətdə Kibercinayətkarlığa qarşı BMT Konvensiyasını imzaladığını deyib. Əlavə edib ki, bu ölkənin kibertəhlükəsizlik sahəsində məsuliyyətli mövqeyini nümayiş etdirir. O, Azərbaycanın 2023–2027-ci illər üçün ilk kompleks kibertəhlükəsizlik yol xəritəsini qəbul etdiyini vurğulayıb və bu strategiyanın rəqəmsal müdafiə imkanlarının gücləndirilməsi, kritik infrastrukturun qorunması, eləcə də qadın və uşaqlar daxil olmaqla fərdlərin onlayn təhlükəsizliyinin artırılmasına xidmət etdiyini, rəqəmsal zorakılığa qarşı mübarizədə mühüm baza rolunu oynadığını qeyd edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında parlamentdə məişət zorakılığı ilə mübarizə və gender bərabərliyinin təmin olunması sahəsində mövcud qanunvericiliyə mühüm dəyişikliklərin edildiyini, lakin rəqəmsal dünyanın yaratdığı yeni təhdidlər fonunda əlavə tədbirlərin zəruri olduğunu bildirib. Əli Hüseynli ölkənin gender bərabərliyi və zorakılığın qarşısının alınması üzrə milli və beynəlxalq öhdəliklərinə sadiq qaldığını, məqsədin isə zorakılığın sosial norma kimi qəbul edilmədiyi, təhlükəsizlik və bərabərliyə əsaslanan cəmiyyət qurmaq olduğunu qeyd edib. Komitə sədri həmçinin Azərbaycanda zorakılıqla mübarizə sahəsində mühüm nəticələrin əldə edildiyini və bu məsələdə cəmiyyətin birliyinin müşahidə olunduğunu vurğulayıb. Daha sonra konfrans panel müzakirələrlə davam etdirilib. Sessiyaya BMT Qadınlar Azərbaycan ofisinin proqram mütəxəssisi Pərvanə Bayramova moderatorluq edib. İlk panelçi - Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva sosial media və rəqəmsal mühitdə gender əsaslı zorakılığın artan təhdidlərindən danışıb və məsələyə proaktiv yanaşmanın vacibliyini vurğulayıb. Bu sahədə effektiv kommunikasiyanın əhəmiyyətinə toxunub, statistik göstəriciləri diqqətə çatdırıb. Növbəti panelçi - “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Komitə yanında yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun (MƏQ) üzvü Mehriban Zeynalova müvafiq sahədə dəstək xidmətlərinin rolundan danışıb. O, məişət zorarkılığı ilə mübarizə sahəsində fəaliyyət göstərən dəstək mərkəzlərinin effektiv fəaliyyəti üçün beynəlxalq təcrübə ilə yanaşı, milli xüsusiyyətlərin nəzərə alınmasının vacibliyinə diqqət çəkib. Sonuncu panelçi - Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi, Komitə yanında yaradılmış MƏQ-in katibi Rahil Süleymanzadə məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qanunvericiliyin tətbiqi mövzusunda çıxış edib. Azərbaycan qanunvericiliyində həyata keçirilən islahatlar barədə məlumat verib, son dəyişiklikləri diqqətə çatdırıb. Qeyd edib ki, monitorinq qruplarının yaradılması koordinasiyalı fəaliyyətin gücləndirilməsinə səbəb olub. MƏQ-in rəhbəri kimi panel çıxışlara münasibətini bildirən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında yerli icra hakimiyyətləri və monitorinq qruplarının fəaliyyətinin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.  Müzakirələrin davamında mövzular ekspertlər tərəfindən daha dərindən təhlil olunub, suallar cavablandırılıb. Konfransın yekununda təklif və tövsiyələr dinlənilib.  

Ətraflı
Komitə əməkdaşları Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar

Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri 25 noyabr 2025-ci il tarixində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Saray Əngəlsiz Yaşam Baxım və Reabilitasiya Mərkəzində olublar. Səfər çərçivəsində nümayəndə heyətinə mərkəzin fəaliyyəti, xidmət istiqamətləri və burada yaradılmış şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu müəssisə Ankarada yerləşən ən böyük baxım və reabilitasiya mərkəzlərindən biridir və uzun illərdir ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına mühüm töhfə verir. Mərkəz fiziki və əqli qüsurlu şəxslər üçün rahat yaşayış şəraiti, gündəlik qayğı, tibbi dəstək və reabilitasiya xidmətləri təşkil edilir. Hazırda mərkəzdə ümumilikdə 824 nəfər xüsusi qayğıya ehtiyacı olan vətəndaşın yaşayışı və müalicəsi təmin olunur. Ziyarət zamanı nümayəndə heyəti mərkəzdə göstərilən xidmətlərin yüksək səviyyəsini və əlilliyi olan şəxslərin sosial rifahının təmin olunmasına yönəlmiş genişmiqyaslı işləri yüksək qiymətləndirib.

Ətraflı