“Uşaqların rəqəmsal bacarıqlarının artırılması” mövzusunda maarifləndirici təlim keçirilib

2 oktyabr 2024 09:41

Paylaş:

2 oktyabr 2024-cü il tarixində Zəngilan rayonunun Ağalı kənd orta məktəbinin yuxarı sinif şagirdləri üçün “Uşaqların rəqəmsal bacarıqlarının artırılması” mövzusunda maarifləndirici təlim keçirilib.

Məktəbin direktoru Azər Niftəliyev salamlama nitqi ilə çıxış edərək, Komitənin gənclər, xüsusilə də uşaqlar üçün təşkil etdiyi təlimləri yüksək qiymətləndirib və informasiya təhlükəsizliyinin təmin edilməsində seminar və təlimlərin mühüm rol oynadığını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun müdiri Zəminə Səfərova müasir informasiya texnologiyaları dövründə qadın və uşaqların rəqəmsal bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb. Artıq ikinci ildir ki, Ağalıda müvafiq mövzuda keçirilən təlimlərin işğaldan azad edilən digər torpaqlarda da davamlı olacağını qeyd edib.

Daha sonra təlimçi qismində çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı, ekspert Aygün Əhmədova ağıllı şəhər və kənd konsepsiyaları, fərdi inkişaf üçün rəqəmsal bacarıqların əhəmiyyəti, elektron təlim platformaları, texniki vasitələrdən düzgün və təhlükəsiz istifadə, elektron mühitdə təhlükəsiz işləmək bacarığı, eyni zamanda informasiya ilə işləmək bacarığı, virtual mühitdə mədəni və hüquqi davranışlar, sosial şəbəkələrdə diqqət edilməli məqamlar kimi mövzular barədə məktəbliləri məlumatlandırıb. 

Təlim müddətində texnoloji ixtisaslar, xüsusilə proqramlaşma, kibertəhlükəsizlik və qrafik dizayn kimi hazırda gənclərin marağını cəlb edən sahələr üzrə nəzəri və praktiki biliklər verən resurslar təqdim olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.