Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, İsmayıllı, Qəbələ və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 2024-cü ilin sentyabr ayında mərkəzlərdə və məktəbəqədər təhsil müəssisələrində valideynlərin və körpələr evi-uşaq bağçalarının əməkdaşlarının iştirakı ilə uşaqlarla düzgün ünsiyyət və davranış qaydaları mövzularında maarifləndirici görüşlər təşkil edilib, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə Denver II qiymətləndirmə testi, psixoloji və inkişafetdirici oyunlar keçirilib.
Mərkəzlərin əməkdaşları “Yadda saxla, balaca!” adlı təqdimat əsasında uşaqların yaşına uyğun olaraq öz sağlamlıqlarını qorumaq üçün qabaqlayıcı tədbirlər, eləcə də bəzi təhlükəsizlik qaydaları barədə onlara məlumat veriblər.
Valideynlərlə görüş zamanı uşaqlarla doğru şəkildə ünsiyyət qurmağın əhəmiyyəti qeyd edilib. Bildirilib ki, düzgün ünsiyyət qurmaq üçün ilk addım uşaqlarda dinləmək bacarığının inkişaf etdirilməsidir. Yaxşı dinləyici olan ata-ana dinləməklə təkcə uşağın bugünkü problemini həll etmir, duyğularını bölüşmür, eyni zamanda gələcək üçün əla dinləyici modeli rolunu oynayır. Belə münasibəti görən və yaşayan uşaq da sonrakı həyatında ünsiyyətlə bağlı problem yaşamayacaqdır.
Görüşlərdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.