Dövlət Komitəsinin sədri UNİCEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Paylaş:
3 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahla görüşüb.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova UNİCEF-lə birgə fəaliyyətin hər zaman konstruktiv əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb, təşkilatın uşaq hüquqlarının qorunması istiqamətində işə töhfə verdiyini bildirib. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın qəbulundan sonra uşaq hüquqları sahəsində ciddi irəlililəyişlərin olduğunu söyləyən sədr, erkən nikah və qohum evliliyi ilə bağlı qanunvericiliyə edilən son dəyişiklərin müsbət təsirlərindən söz açıb.
Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfərdən sonra yeni – transformasiya mərhələsinə qədəm qoyulduğunu vurğulayan B.Muradova, hazırda ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi əhəmiyyətli bir tədbirin keçirilməsi ərəfəsində olduğunu deyib. O, müharibə dalğalarının günbəgün genişləndiyi və uşaqların gələcəyinin təhlükədə olduğu bir dönəmdə, COP29 çərçivəsində uşaq hüquqlarının da diqqətdə saxlanılmasının, eləcə də yaranan imkanlardan istifadənin önəminə diqqət çəkib.
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, “Azərbaycan üzrə 2026-2030-cu illər üçün yeni Ölkə Proqramı”nın hazırlanması prosesində Komitəni əsas tərəfdaş adlandırıb və bu istiqamətdə əsas prioritetlərin müəyyən edilməsində görüşün əhəmiyyətli rol oynayacağını bildirib. Uşaq hüquqlarının qorunması sahəsində Azərbaycanın müsbət nümunə olduğunu söyləyən UNİCEF rəsmisi, erkən nikah və qohum evliliyi ilə bağlı qanunvericiliyə edilən son dəyişiklikləri mühüm nailiyyət kimi qiymətləndirib. O, gələcək birgə fəaliyyətdə erkən uşaqlıq dövründə inkişafın prioritet istiqamət olduğunu vurğulayıb, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və deinstitutlaşdırma sahəsində əməkdaşlıq məsələlərinə toxunub.
Görüş Dövlət Komitəsi ilə UNİCEF-in gələcək əməkdaşlığı çərçivəsində həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi ilə davam edib.