Bakı şəhəri və regionlarda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

26 fevral 2026 12:13

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 23-26 fevral 2026-cı il tarixlərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Təhsil müəssisələri və rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə yerli idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, tarix müəllimləri, şagirdlər, rayon ictimaiyyətinin nümayəndələri və Xocalıdan olan sakinlər iştirak ediblər.

Tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın, şəhidlərimizin əziz xatirəsi yad edilib. İştirakçılara bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin mahiyyəti barədə ətraflı məlumat verilib,  haqq səsimizin dünyaya çatdırılması və soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq qələbəsi ilə düşməndən bütün şəhidlərimizin həmçinin, Xocalı soyqırımı qurbanlarının da qisasının alındığı vurğulanaraq, işğaldan azad olunmuş torpaqlarımızda yenidən həyatın canlandığı qeyd edilib.

Tədbirlərdə Xocalı sakinlərinin xatirələri dinlənilib,məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.