Media
Xəbərlər

Dövlət Komitəsinin yaranmasının ildönümü münasibətilə Fəxri xiyaban ziyarət edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib. Eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Ailə, qadın və uşaq siyasəti: Bərabər və dayanıqlı inkişaf naminə
Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yarandığı gündür. Fəaliyyət göstərdiyi dövr ərzində Dövlət Komitəsi ailə institutunun möhkəmləndirilməsi, qadınların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi, eyni zamanda uşaq hüquqlarının qorunması istiqamətində dövlət siyasətinin ardıcıl icrasını həyata keçirib. Bu dövrdə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və dövlət proqramlarının həyata keçirilməsi əsas fəaliyyət istiqamətlərindən olub. Eləcə də Azərbaycanın müvafiq sahədə müsbət təcrübəsi BMT-yə təqdim edilən hesabatlar, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə imzalanmış memorandumlar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Komitə tərəfindən məişət zorakılığına qarşı mübarizə, qadınların ictimai və sosial fəallığının gücləndirilməsi, erkən evliliyin qarşısının alınması, uşaqların müdafiəsi və iştirakçılığının artırılması, həmçinin icmalarla iş sahəsində çoxsaylı layihələr və maarifləndirici tədbirlər reallaşdırılıb. Dövlət Komitəsi ailə, qadın və uşaq siyasətinin inkişafı, müasir çağırışlara uyğun yeni mexanizmlərin tətbiqi və insan hüquqlarına əsaslanan yanaşmanın gücləndirilməsi istiqamətində fəaliyyəti məqsədyönlü şəkildə davam etdirir. Ölkəmizdə həyata keçirilən insan mərkəzli siyasəti əsas götürərək, cəmiyyətin dayanıqlı inkişafına xidmət edən təşəbbüslərlə gələcəyə inamla addımlamaq əsas hədəf olaraq qalır.
Gəncə şəhərində maarifləndirici tədbir keçirilib.
5 fevral 2026-cı il tarixində Gəncə şəhər 2 saylı “ASAN xidmət” mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndinə əsasən yuxarı sinif şagirdləri üçün uşaqlara qarşı zorakılıq və erkən evlilik mövzusunda maarifləndirici tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Gəncə şəhər 2 saylı “ASAN xidmət” mərkəzinin Vətəndaşların hüquqlarının təminatı sektorunun müdiri Səyyarə Hüseynzadətədbirin məqsədi, gənclərin hüquqi baxımdan maarifləndirilməsinin əhəmiyyəti və bu sahədə vətəndaş məsuliyyəti barədə danışıb. Daha sonra Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, zorakılığın növləri, uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti, mövcud qanunvericilik aktları və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova uşaqlara erkən evliliyin uşaqların fiziki və psixoloji sağlamlığına, təhsilinə və gələcək həyatına mənfi təsirlərindən bəhs edib. Gəncə şəhər 1-ci Polis Şöbəsinin baş inspektoru, polis mayoru Sənan Verdiyev də öz çıxışında hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə görülən profilaktik tədbirlər, hüquqi məsuliyyət və mövcud cəza mexanizmləri barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb. Tədbir zamanı Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Gəncə şəhər nümayəndələri də bu sahədə öz fəaliyyətlərindən danışıblar. Tədbir interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb. Sonda mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Bərdə rayonunda “Narkomaniyanın reallığı” mövzusunda maarifləndirici seminar keçirilib
4 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Bərdə regional “ASAN xidmət” mərkəzinin və Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Narkomaniyanın reallığı” mövzusunda seminar keçirilib. “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair Dövlət Proqramı”nın müvafiq bəndinə əsasən keçirilən tədbirdə valideynlər,təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və psixoloqlar iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Bərdə regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Saray Quliyeva dövlət proqramları haqqında danışıb və mövzunun aktuallığına diqqət çəkib. Seminar zamanı Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev narkotik vasitələrin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə çıxış edib. O, bu vasitələrin insanların sağlamlığına vurduğu zərərdən bəhs edib, sağlam mühitdə yaşamağın vacibliyini qeyd edib. Daha sonra Bərdə Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Arzu Rəşidzadə çıxış edərək hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən profilaktik tədbirlər, hüquqi məsuliyyət və erkən müdaxilənin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb. Seminar zamanı Komitənin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin nümayəndələri uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı fikirlərini səsləndiriblər. Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb, videoçarxlar nümayiş etdirilib, maarifləndirici materiallar paylanılıb.

“Gender bərabərliyinin təmin edilməsi və iş mühitində gender yanaşmasının təşviqi” mövzusunda təlim keçirilib
3 fevral 2026-ci il tarixində gender bərabərliyi sahəsində məlumatlılığın artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqar qızı tərəfindən Nazirliyin və tabeliyində olan qurumlarının 55 nəfər əməkdaşına “Gender bərabərliyinin təmin edilməsi və iş mühitində gender yanaşmasının təşviqi” mövzusunda təlim keçirilib. Təlim zamanı gender bərabərliyi, iş mühitində gender yanaşması, seksual qısnama, qanunvericiliyə edilən son dəyişikliklər, iqlim dəyişikliyinin qadınlara təsiri haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“İctimai iştirakçılıqda gənclərin rolu və onlar üçün yaradılan yeni imkanlar” mövzusunda görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə 2–8 fevral – Gənclər Həftəsi çərçivəsində “İctimai iştirakçılıqda gənclərin rolu və onlar üçün yaradılan yeni imkanlar” mövzusunda görüş keçirilib. Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, gənclərin ölkənin ictimai-siyasi həyatında artan rolundan danışaraq, dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə etməyin vacibliyini vurğulayıb. O, gənclərin təşəbbüskarlığının dəstəklənməsinin və onların ictimai fəallığının artırılmasının davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Uşaq Səfirlər Məclisinin üzvləri və “Ailəm” könüllülərinin də iştirak etdiyi görüşdə gənclərin ictimai proseslərdə fəal iştirakı, qərarvermə mexanizmlərinə cəlb olunması, dövlət tərəfindən yaradılan yeni imkan və platformalar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Qeyd edək ki, görüşün keçirilməsində məqsəd uşaqların və gənclərin sosial-siyasi aktivliyinin təşviqi, onların potensialının üzə çıxarılmasına dəstək göstərilməsi, milli-mənəvi dəyərlər əsasında maarifləndirilməsi və vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir.

“Ailəm könüllüləri” proqramı çərçivəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərlə görüş keçirildi
3 fevral 2026-cı il tarixində keçirilən görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib. O, gənclərin dövlət siyasətinin həyata keçirilməsində və insan kapitalının formalaşmasında əsas dayaq qüvvələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənclərin inkişafı, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli proqramlar icra olunur. Aynur Sofiyeva eyni zamanda könüllülük fəaliyyətinin gənclərdə sosial məsuliyyət hissinin artırılması, qərarvermə mədəniyyətinin formalaşması və praktik təcrübənin qazanılması baxımından mühüm rol oynadığını vurğulayıb. Aynur Sofiyeva, könüllülərin təcrübə proqramını uğurla başa vurduğunu vurğulayaraq, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Məzun könüllülərin bundan sonra da Komitənin fəaliyyətində aktiv iştirak edəcəyinə inamını ifadə edib. Müzakirələrlə davam edən görüşdə təəssüratlarını bölüşən könüllülər, nəzəri biliklərin təkmilləşdirilməsində, eləcə də təcrübi bacarıqların əldə olunmasında Dövlət Komitəsindəki könüllülük fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yaradılan şəraitə və dəstəyə görə təşəkkürlərini bildiriblər. Yekunda könüllülük fəaliyyətini uğurla başa vuran gənclər sertifikatla təltif olunub.

Azərbaycan və İƏT qadın hüquqları sahəsində birgə fəaliyyət perspektivlərini müzakirə edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Əməkdaşlıq Təşkilatının Qadın İnkişafı Təşkilatının icraçı direktoru Afnan əl-Şueybi ilə görüş keçirib. Qahirədə “Dini və media diskursunun İƏT-ə üzv ölkələrdə qadın hüquqlarının müdafiəsi və təşviqinə təsiri” mövzusunda təşkil olunan beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə Azərbaycan ilə Qadın İnkişafı Təşkilatı arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. 2021-ci ildən fəaliyyət göstərən Qadın İnkişafı Təşkilatı haqqında məlumat verən Afnan əl-Şueybi bu platforma çərçivəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O qeyd edib ki, mərkəzi qərargahı Qahirədə yerləşən təşkilat üzvlük coğrafiyasını genişləndirir və beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Afnan əl-Şueybi Azərbaycanda qadın hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirləri və əldə olunan nəticələri müsbət dəyərləndirib. Dövlət Komitəsinin fəaliyyəti, reallaşdırılan layihələr və prioritet istiqamətlər barədə məlumat verən Bahar Muradova qadın hüquqlarının qorunması, gender bərabərliyinin təşviqi və qadınların ictimai-iqtisadi fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Dövlət Komitəsinin dəstəyi ilə qadınların sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra işlər görülür. Bu kontekstdə Sahibkar Qadınlar Assosiasiyası uğurla fəaliyyət göstərir. B.Muradova, həmçinin Azərbaycanın İƏT-lə müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini və təşkilatın fəaliyyətinə fəal töhfə verən üzv ölkələrdən biri olduğunu vurğulayıb. Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən keçirilən tədbirlərin məqsədi gənclər arasında ailə dəyərlərinin qorunması və təbliğidir. Maarifləndirici görüşlər, psixoloji treninqlər formatında keçirilən tədbirlərdə gənc ailələr, gənclərlə işləyən yerli idarə və müəssiələrin əməkdaşları, Mərkəzlərin ekspert qrupunun üzvləri, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri və tələbələr iştirak edib. Tədbirlərdə çıxış edənlər Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə gənclərlə iş sahəsində, milli-mənəvi dəyərlərin təbliği, gənclərin ailə həyatına hazırlanması və reproduktiv sağlamlıq istiqamətində görülən işlərdən danışıblar. Keçirilən psixoloji treninqlər interaktiv şəkildə təşkil olunub, müzakirə, situasiya tapşırıqları və sual-cavab vasitəsilə gənclərin mövzu üzrə bilik və bacarıqları artırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi