“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Əzizovlar ailəsidir

20 avqust 2024 09:47

Paylaş:

Sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaq məqsədi daşıyan “Ailələrimizi tanıyaq” layihəsi uğurla davam edir.  

Layihənin növbəti qonağı İsmayıllı rayonunda yaşayan, uzun illər həkim kimi insanların sağlamlığının keşiyində duran Əzizovlar ailəsidir.

Əzizovlar Tibb Universitetini bitirdikdən sonra təyinatla uzun müddət Şirvan şəhərində işləyib, sonra İsmayıllıya qayıdaraq buradakı xəstəxanada fəaliyyətlərini davam etdiriblər. 50 ildən çox müddətdə Əziz Əzizov cərrah və həyat yoldaşı Xeyriyyə Abdullayeva onunla birgə anestezioloq kimi çalışıb. 4 övlad (2 oğlan, 2 qız), 7 nəvə sahibidirlər. 

Bu gözəl və zəhmətkeş ailə ilə müsahibəmizi Sizə təqdim edirik.

Hörmətli Əziz müəllim və Xeyriyyə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 50 ilə yaxındır davam edən, xoşbəxt evliliyinizin sirrini bizimlə bölüşəsiniz. Bilirik ki, həkimlərin iş saatı olmur. 45-50 il həkimlik fəaliyyəti, 4 uşaq və onlara ali təhsil vermək, evləndirmək. Bunlar əlbəttə ki, böyük əzm və zəhmət tələb edir. Eyni zamanda bu böyük bir xoşbəxtlikdir. Buna necə nail olmusunuz?

-       Bunun gizli bir sirri yoxdur. Bunların hamısını əldə etmək üçün böyük əziyyət çəkmişik. Məsələn, əvvəl işlədiyimiz Şirvan şəhərində bir də görürdün ki, əməliyyat vaxtından çox çəkirdi, uşaqlar bağçadaqalırdı. Və ya gecəyarı təcili əməliyyata ehtiyac olurdu, balaca uşaqları evdə tək qoyub getməli olurduq. Belə çətinliklərimiz olub. Bunların hamsını planlaşdırmaq lazım idi. Planlaşdırdıqdan sonra görürsən ki, ailə də möhkəm olur, iş də qaydasında gedir. Əsas da budur ki, ailədə ər və arvad bir-birilərini başa düşsünlər. Əgər mən evə gec gəlirəmsə, mənim həyat yoldaşım bilib ki, mən xəstəxanadayam. O vaxtlar cib telefonları da yox idi, hər dəqiqə əlaqə saxlamaq olmurdu. Belə bir çətin şəraitdə hamımız bir-birimizi başa düşürdük. Bizim ən çox önəm verdiyimiz məsələ uşaqlarımızın, nəvələrimizin tərbiyəsi və təhsili olub.

 “Ev sözsüz olmaz” deyiblər. Bəs ailədə söz-söhbət olarkən onu necə həll etmisiniz?

-       Hər ailədə söz-söhbət olur. Amma biz heç vaxt küsülü qalmamışıq. Aramızda söz-söhbət olanda da onu öz aramızda həll etmişik, evin sözünü çölə çıxarmamışıq.

Bu gözəl ailədə gözəl övladlar da tərbiyə etmisiniz - ailəsinə, vətəninə, millətinə layiqli övladlar. Bəs buna necə nail olmusunuz?

-       İşimiz nə qədər çox olsa da, biz həmişə  uşaqlarımızla birlikdə torpaqda işləməyə vaxt tapmışıq. Torpağı sevmişik, uşaqlarımıza da sevdirmişik. Azərbaycanı başdan-başa – aranını, yaylağını qarış-qarış, sevgi ilə, məhəbbətlə gəzmişik və o sevgi balalarımızın da qanına, canına hopub. Torpaq vətəndir, anadır. Böyüklərimizdən belə görmüşük, belə bilmişik, övladlarımıza da belə ötürmüşük.

Valideyn-uşaq münasibətlərini ailədə necə tənzimləyirsiniz? Uşağa tam müstəqillik vermisiniz, yoxsa hədd olub?

-       Uşağa müstəqillik vermək olar, amma  onun da ölçüsü olmalıdır və olub.

4 uşaq böyütmüsünüz. İndi olubmu ki, geri dönüb baxanda hansısa uşağın tərbiyəsində nəyinsə peşmanlığını çəkəsiniz?

-       Tərbiyə baxımından yox. Başqa olub, çatdıra bilməmişəm, vaxt baxımından, imkan baxımından nəyisə edə bilmədiyim anlar olub, amma tərbiyədə yox.

İndi boşanmaların sayı artır, yəqin ki, siz də eşidirsiniz. 50 ilə yaxındır ki evlisiniz, ailə başçısı kimi böyük həyat təcrübəniz var. Necə edək ki, gənc ailələrin də evliliyi sizin evliliyiniz kimi  uzunömürlü olsun?

Əziz Əzizov – Sovetlər dövründə deyirdilər ki, ən az boşanma Azərbaycandadır. Çünki o zaman ailə quranların tələbləri az, dözümlülüyü çox idi. İndi isə gənclərimiz yetkinlik yaşına çatana qədər internet vasitəsi ilə yaşlarından çox informasiya ilə məlumatlanırlar. Tələblər, istəklər də bu informasiyaya uyğun olur. Və təəssüf ki, ailədə o tələblər tam ödənə bilmir. İstəyin çox, dözümün az olması ailədə münaqişələrə və boşanmalara gətirib çıxarır.

Xeyriyyə Abdullayeva –Xoşbəxt ailə qurmaq, xoşbəxt ailənin təməlini qoymaq üçün hərtərəfli fikirləşib, hərtərəfli düşünüb addım atmaq lazımdır. Bunun çox böyük əhəmiyyəti var. Bizim Azərbaycanın özünəməxsus, dünyaya nümunə göstərilən ailə dəyərlərimiz var, o dəyərlərə uyğun hərəkət etmək lazımdır. Belə olarsa, ailələrimiz möhkəm olar.

 

Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Əzizovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm can sağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.