Media
Xəbərlər

60-cı ildönümünü qeyd edən Pənahovlar ailəsini tanıyaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. Layihənin bugünkü qonağı İsmayıllı rayonunun tanınan ailələrindən olan və bu gün 60-cı ildönümünü qeyd edən Pənahovlar ailəsidir. Əsədulla Pənahov 1937-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) coğrafiya-biologiya fakültəsində ali təhsil alıb. Diyallı kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 44 il bu məktəbdə müəllim və direktor müavini işləyib. Təkcə işlədiyi məktəbdə, rayonda deyil, bütün respublikada işini kamil bilən, daim öz üzərində çalışan və nümunə göstəriləcək müəllim kimi tanınıb, “Metodist müəllim” adına, “Maarif əlaçısı” döş nişanına layiq görülüb. Əsədulla müəllim 60 il əvvəl, 1 avqust 1965-ci ildə Zenfira xanımla ailə həyatı qurub. ZenfiraPənahova 1948-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində müəllim ailəsində anadan olub. Orta təhsillidir. 30 ildən çox Diyallı kəndində S.Vurğun adına kolxozda işləyib. Ailənin 5 övladı – 3 oğul, 2 qız övladı, 15 nəvəsi, 9 nəticəsi var. Pənahovların övladları, həmçinin 15 nəvəsindən 11-i ali təhsillidir. Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik. - Xoşbəxt evliliyin sirri nədədir? Əsədulla müəllim: -Xoşbəxt evliliyin sirri bir-birini başa düşməkdədir. Zenfira xanım: - Gərək bir-birini başa düşəsən, danışmasa belə baxışından onu anlayasan. - Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz? Əsədulla müəllim: -Səbrlə, təmkinlə. Mən həmişə güzəştə getməyi, bağışlamağı bacarmışam, Allah bağışlayandırsa biz niyə bağışlamayaq. Ailəmizdə heç vaxt münaqişə olmayıb, kiçik anlaşılmazlıqlar olub, onu da özümüz sakitcə, uşaqlara hiss etdirmədən öz aramızda söhbətlə, müzakirə ilə aradan qaldırmışıq. Uşaqlarımız ailəni belə görüb, bu ruhda böyüyüblər. Ona görə də bu gün övladlarımızın ailəsində də mehribançılıqdır. Zenfira xanım: -Valideyn olandan sonra insanın məsuliyyəti qat-qat artır, ata-ana təkcə valideyn yox, həm də övladının örnək, nümunə götürəcəyi şəxsiyyət olur. Bu mənada təkcə yaxşı valideyn yox, nümunəvi şəxs də olmağa borclusan və deyəsən, biz bunu bacarmışıq. - Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır? Əsədulla müəllim: -Özümüz nümunə olmaqla. Əgər uşaq balaca vaxtından görsə, duysa ki, sən öz evini, kəndini sevirsən o zaman o da yurd, Vətən sevgisi ilə böyüyəcək. Mənim övladlarım ağılları söz kəsəndən görüblər ki, ataları layiqli vətəndaşlar yetişdirə bilmək üçün necə səbrlə, əzmlə çalışır, bu, ən böyük həyat, Vətən sevgisi dərsidir. - Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir? -Uşaqlarımızın körpə yaşlarından qəlbini ələ almışıq, aramızda heç zaman səhvə yol verilməsinə imkan olmayan qəlb bağlantısı olub. Və bunun sayəsində uşaqlara həm valideyn olmuşuq, həm də ən yaxın dost. - Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz. -Allaha şükür, uşaqlarımızı necə görmək istəmişiksə, necə tərbiyə vermək istəmişiksə, ona da nail olmuşuq. Ailə kimi ailə olmuşuq, uşaqlarımız da başqa bir ailəni yox, məhz içində böyüdükləri ailəni özlərinə nümunə götürüblər. - Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? -Ailə quranda tələsməsinlər – seçsinlər, bir-birlərini tanısınlar, sevsinlər. Yəni sevməyə də tələsməsinlər – sevginin gözü kor olur, deyərlər. Ən əsası öz taylarını tapsınlar, ataların bir gözəl sözü var, deyir, “taylı tayını tapmasa günü ah-vayla keçər”. Bacarıb öz taylarını tapsınlar – düşüncə, təhsil, yaşam tərzi və sair baxımından. Bu gün boşanmaların artmasının başlıca səbəbi bax elə düşüncə fərqliliyindədir. Düşüncələr ən azından oxşar olmalıdır ki, ailə də tam ola bilsin. Bizim kimi, nəvə-nəticələrin əhatəsində, ötənlərin xoş xatirələri ilə evliliklərinin hər ildönümünə, elə ömrün hər gününə ürəkdən “xoş gəldin” deyib, şükür edə bilsinlər. Hörmətli Pənahovlar ailəsinə dəyərli fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.

Bahar Muradova Qusarda vətəndaşların müraciətlərini dinləyib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 avqust 2025-ci il tarixində Qusar rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Qəbula gələn Qusar və Quba rayon sakinləri əsasən ailə məsələləri, hüquqi məsləhət, uşaqlarla bağlı sosial dəstək və digər məsələlərə dair müraciət ediblər. Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın 70 illik yubileyi qeyd olunub. Tədbirdə Lətifə Əliyevanın zəngin həyat və fəaliyyət yoluna nəzər salınıb, peşəkar rəhbər kimi səmərəli fəaliyyəti vurğulanıb. Qeyd edilib ki, on ildən artıq müddətdə Mərkəzə rəhbərlik edən L. Əliyeva ailə dəyərlərinin təbliği, qadın və uşaqların hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Yekunda Mərkəzin direktoruna faydalı və uğurlu fəaliyyətinə görə Dövlət Komitəsinin xatirə medalı təqdim olunub.
Dövlət Komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin ali məktəbə qəbul olmuş üzvləri ilə görüşüb
31 iyul 2025-ci il tarixində ali məktəblərə qəbul olunmaları ilə əlaqədar Uşaq Səfirlər Məclisindəki fəaliyyətlərini başa vuran səfirlərlə görüş zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gəncləri təbrik edərək onların həyatlarının növbəti mərhələsində – ali təhsil dövründə də uğurlar qazanacaqlarına inandığını bildirib. O, məktəb və ailə mühiti ilə kifayətlənməyən bu gənclərin daha geniş miqyasda ictimai-sosial həyata qoşularaq, həmyaşıdlarının inkişafı üçün əhəmiyyətli fəaliyyət göstərdiklərini qeyd edib. B.Muradova Uşaq Səfirlər Məclisinin üzvlərinin uşaq hüquqlarının qorunması və təminatı ilə bağlı proseslərdə fəal iştirak etdiyini, dünyanı uşaqlar üçün daha yaşanılan bir cəmiyyətə çevirmək işinə töhfə verdiklərini vurğulayıb. Komitə sədri bildirib ki, bu gün uşaqlar üçün bərabər imkanların mövcud olduğu, müstəqil və güclü Azərbaycan dövləti, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda uşaqların rifahı üçün yaxşı bir cəmiyyət formalaşdırılması nümunəsini yaradır və dünyaya sülh və ədalət çağırışları ünvanlayır. B.Muradova Uşaq Səfirlər Məclisinin uşaq iştirakçılığının genişləndirilməsi baxımından Komitə üçün mühüm layihə olduğunu və bu layihənin uğurla həyata keçirilməsində iştirak edən hər bir gəncin əməyi ilə qürur duyduğunu deyib. O, bu layihə çərçivəsində göstərilən fəaliyyəti yüksək qiymətləndirib, səfirlərin nüfuzlu ali məktəblərə, o cümlədən xarici universitetlərə qəbul olunmalarını böyük nailiyyət adlandırıb. Xüsusilə qeyd edib ki, səfirlərin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” əsasında təhsil almaq hüququ qazanmaları onların üstün bacarıqlara sahib olduqlarının göstəricisidir. Gənclərin uğurlarında valideynlərin və müəllimlərin mühüm rolunu vurğulayan Komitə sədri, onlara daim diqqət göstərməyin vacibliyini qeyd edib. Çıxışının sonunda B.Muradova, bu gənclərin gələcəkdə də uşaqların hüquqlarının müdafiəsi prosesində fəal iştirak edə biləcəklərini, yeni səfirlər üçün mentor rolunu oynamaqla bu təşəbbüsün daha geniş yayılmasına töhfə verə biləcəklərini bildirib. Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, həyata keçirilən layihə öz uğurlarını artıq nümayiş etdirir və bu uğurun əsas səbəbi məhz Uşaq Səfirlər Məclisinin üzvlərinin fəaliyyəti ilə bağlıdır. O qeyd edib ki, səfirlər öz üzərində çalışmaqla, yalnız fərdi inkişaf yox, eyni zamanda cəmiyyətə töhfə vermək bacarıqları ilə layihənin ölkədə tanınması və uğur qazanması istiqamətində mühüm iş görüblər. Aynur Sofiyeva, xarici universitetlərə qəbul olunan gənclərin orada əldə edəcəkləri bilik və bacarıqların, gələcəkdə ölkənin insan kapitalının formalaşmasında mühüm rol oynayacağına inamını ifadə edib. Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, səfirləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və nailiyyətlərinin davamlı olacağına inandığını bildirib. Vətəndaşlıq məsuliyyəti və ictimai fəallığın önəmini vurğulayan S.Qəhrəmanova Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, ölkənin əldə etdiyi nailiyyətlərin tanıdılması və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini qeyd edərək, səfirlərin bu istiqamətdə görülən işlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Ali məktəbə qəbul olmaqları ilə bağlı məclisdə fəaliyyəti başa çatmış səfirlər çıxış edərək göstərilən etimada və yaradılan imkanlara görə Dövlət Komitəsinə təşəkkür ediblər. Onlar Uşaq Səfirlər Məclisində iştirakın həyatlarında mühüm mərhələ olduğunu qeyd edərək bildiriblər ki, bu platforma təkcə bilik və bacarıqların inkişaf etdirilməsi üçün deyil, həm də şəxsiyyət kimi formalaşmaq, öz fikrini sərbəst ifadə etmək, ictimai məsələlərə münasibət bildirmək və qərar qəbuletmə proseslərində iştirak etməyi öyrənmək baxımından onlar üçün dəyərli təcrübə olub. Gənc səfirlər vurğulayıblar ki, Məclis onlara həm komandada işləməyi, həm liderlik bacarıqlarını formalaşdırmağı, həm də müxtəlif mövzular üzrə tədqiqat aparmağı və çıxış etməyi öyrədib. Onlar burada qazandıqları təcrübə və bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına inamını ifadə ediblər. Yekunda Komitə sədri ali məktəblərə qəbul münasibətiləsəfirləri bir daha ürəkdən təbrik edib, gələcəkdə də fəal vətəndaş mövqeyi sərgiləməyi və öz potensiallarını daim artırmağı tövsiyə edib. Sonda Məclisdə fəaliyyəti başa çatmış səfirlərə təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkilib.

Regionlarda növbəti “açıq qapı” günü keçirilib
29 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq və sosial işçilərin iştirakı ilə “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonunun Zirə, Ağdam rayonunun Əfətli, Goranboy rayonunun Yuxarı Ağcakənd, Hacıqabul rayonunun Navahı, Qəbələ rayonunun Laza, Saatlı rayonunun Cəfərxan, Sabirabad rayonunun Güdəcühür, Zaqatala rayonunun Fındıqlı, Zərdab rayonunun Yuxarı Seyidlər, Göygöl rayonunun Toğana, İsmayıllı rayonunun Cülyan kənd və qəsəbələrində səyyar şəkildə təşkil olunub. Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, boşanma, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil və uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə ümumilikdə 75 nəfər vətəndaşın müraciəti dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq dəstək göstərilib.

Növbəti könüllü qəbulu elan edilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir. Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir. “Ailəm könüllüləri” proqramında: − 16-29 yaşlı; − Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);− İntizamlı;− Təşkilatçılıq bacarığı olan;− Kollektivdə işləmək bacarığına sahib;− Operativ;− Kompüter və xarici dil bilikləri olan;− Təşəbbüskar gənclər iştirak edə bilər. Proqram həftədə 3 dəfə, 2 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar. Könüllülük proqramı Komitədə, eyni zamanda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində (Bakının Xəzər rayonu, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab rayonları) keçiriləcək. Müraciət üçün son tarix: 11 avqust 2025-ci il. Qeydiyyat linki Əlaqə: +99451 230 45 78 E-poçt: scfwcavolunteers@gmail.com “Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar

Regionlarda valideynlik bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 21-25 iyul 2025-ci il tarixlərində mərkəzlərdə və təhsil müəssisələrində mərkəzlərin əməkdaşları, məktəb psixoloqları və valideynlərin iştirakı ilə valideynlik bacarıqlarının artırılması məqsədilə təlimlər keçirilib. Təlimlərdə ekspertlər çıxış edərək valideynlik bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd ediblər. Təlimlərin gedişatında psixoloji tapşırıqlardan istifadə edilib, video çarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ağstafada “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir keçirilib
25 iyul 2025-ci il tarixində “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb: "Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ölkədə uşaq və gənclərə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən danışıb. Bildirib ki, müstəqil respublikamızda cəmiyyətin böyük bir hissəsini təşkil edən uşaqların yaşamaq, təhsil, sağlamlıq və başqa hüquqlarının təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Tədbirin sonunda mədəniyyət və incəsənət nümayəndələrinin, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi