Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb

1 avqust 2024 16:59

Paylaş:

İştirakçıları salamlayan Dövlət Komitəsinin sədri B. Muradova, Uşaq Səfirlər Məclisinin könüllü fəaliyyət platforması kimi Komitənin uğurlu və perspektivli layihəsi olduğunu bildirib. B. Muradova cəmiyyətdə bu layihəyə böyük maraq olduğunu, Səfirlər Məclisinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanındığını söyləyib.  

Gənclərin müxtəlif sahələrdə qazandıqları uğurlara diqqət çəkən Komitə sədri, bunu həm ölkə səviyyəsində, həm də ondan kənarda Azərbaycan gəncliyinin yüksək səviyyədə təmsil olunması və ölkəmizin uğuru adlandırıb. 

Əldə edilən nailiyyətlərin ölkə Prezidenti cənab İlham Əliyevin gənclər, xüsusilə uşaqların və yeniyetmələrin sağlam, təhlükəsiz, azad, sərbəst, özünə inamlı şəkildə böyüdülməsinə yönəlmiş siyasətinin nəticəsi olduğunu qeyd edən B.Muradova bildirib ki, Dövlət Komitəsi də öz fəaliyyəti ilə bu siyasətə töhfə verir. 

Səfir uşaqların istedadı və bacarığı haqqında müşahidələrini və fikirlərini bölüşən sədr, gələcəkdə onlara burda qazandıqları təcrübə və biliklərin faydalı olacağını bildirib. O, Komitənin uşaqların inkişafı ilə bağlı uğurla reallaşdırdığı bu layihəni gələcək üçün faydasını verən sərmayə adlandırıb, səfirlərin daha sonra layihənin dayanıqlılığının təmin edilməsi missiyasını öz üzərinə götürən Azərbaycan Uşaqlarının İnkişaf Platformasında təmsil olunaraq, fəaliyyətlərini davam edəcəklərini qeyd edib. B. Muradova cəmiyyətdə baş verənlərə gənclərin öz münasibət və yanaşmasının əhəmiyyətini qeyd edərək, özündən əvvəlki nəsillərin fikirlərinə hörmət və ehtiram göstərmələrini tövsiyə edib.

Gənclərin həyatlarının növbəti mərhələsinə qədəm qoyduqlarını vurğulayan sədr, bu yolda onlara uğurlu fəaliyyət arzulayıb, Azərbaycan naminə çalışmağı qarşıya hədəf qoyacaqlarına ümidini ifadə edib.

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki,  bu gün Uşaq Səfirlər Məclisinin sıralarında olmağa, bu prosesdə iştirak etməyə uşaqlar tərəfindən xüsusi maraq var. O, Məclisin 4 il ərzində  fəaliyyətini yüksək qiymətləndirərək vurğulayıb ki, Məclis öz işini səmərəli aparmaqla günbəgün inkişaf etdi, peşəkarlığı artdı və öz əhatə dairəsini genişləndirdi. Qazandıqları uğurlara görə səfirləri təbrik edən A. Sofiyeva, onlara müvəffəqiyyətlər arzu edib. 

Çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova Məclisin regional və məktəb nümayəndəlikləri ilə işinin əhəmiyyətini vurğulayıb. O uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verərək, qeyd edib ki, müsabiqəyə 4 yer uğrunda müstəqil özünü ifadə etmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə malik 13-16 yaş qruplarından olan 120 uşağın müraciəti qeydə alınıb.   

Ali məktəbə qəbul olmaqları ilə bağlı  məclisdə fəaliyyəti başa çatmış səfirlər çıxış edərək qeyd edib ki, ötən dövr ərzində uşaq hüquqları istiqamətində maarifləndirilmə işinin aparılması, uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılması istiqamətində həyata keçirilmiş layihələrdə böyük səylə iştirak etmələri onların inkişafına töhfə verib. Onlar burada qazandıqları bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına əminliyini ifadə ediblər.

Daha sonra Məclisin sıralarına yeni qatılan uşaqlar özləri haqqında məlumat verərək, uşaq səfirləri olaraq bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildiriblər. Uşaq Səfirlər Məclisinin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edən uşaqlar, Məclisdə uşaqların səsi olaraq onları layiqincə təmsil edəcəklərini bildiriblər.

Yekunda Komitə sədri yeni seçilmiş üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, həmçinin   onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. Eyni zamanda, Məclisdə fəaliyyətini başa vuran uşaqlara gələcək işlərində uğurlar arzu edib.

Sonda Məclisdə fəaliyyəti başa çatmış səfirlərə  uğurlu fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkilib.