Media
Xəbərlər

Ağstafada “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir keçirilib
25 iyul 2025-ci il tarixində “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb: "Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ölkədə uşaq və gənclərə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən danışıb. Bildirib ki, müstəqil respublikamızda cəmiyyətin böyük bir hissəsini təşkil edən uşaqların yaşamaq, təhsil, sağlamlıq və başqa hüquqlarının təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Tədbirin sonunda mədəniyyət və incəsənət nümayəndələrinin, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Qusarda vətəndaşların qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 avqust 2025-ci il tarixində, saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı
24 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdən öncə final mərhələsinə keçən 11 iştirakçı öz layihələrini təqdim edib və münsiflər tərəfindən qiymətləndirilib. Mükafatlandırma mərasimində açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. Qadınların informasiya və kommunikasiya texnologiyalarına çıxışının və bu sahədə fəal iştirakının cəmiyyətin davamlı inkişafı üçün mühüm vasitə olduğunu qeyd edən B.Muradova əlavə edib ki, bu, ilk növbədə sosial ədalətin bərpası, eyni zamanda bu sahədə olan imkanlardan istifadə edərək iqtisadi və sosial ehtiyacların ödənilməsi üçün olduqca vacibdir: “Düşünürəm ki, biz texnologiyanın sürətlə inkişaf edərək həyatımıza nüfuz etdiyi, süni intellektin yarandığı dövrdə bütün vətəndaşlarımızı bu prosesin bərabərhüquqlu iştirakçısına çevirməklə, imkanlara əlçatanlığını təmin etməliyik”. B.Muradova bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirsək görərik ki, bu sahədə qadınlar zaman keçdikcə daha inkişaf edirlər. Rəqəmsal bacarıqların qazanılması, qadınların əmək bazarında daha geniş imkanlar əldə etməsi, rəqabətliliyin artırılması onların iqtisadi müstəqilliyinin formalaşması və cəmiyyətə daha çox töhfə verməsi işinə şərait yaratdığı üçün bu məsələlər həm də beynəlxalq və ölkədaxili təhlillərin obyekti kimi çıxış edir. Qlobal səviyyədə bu sahədə iştirak bərabərliyinin hələ də təmin olunmadığını vurğulayan Komitə sədri əlavə edib ki, BMT-nin məlumatlarına görə qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28%, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə 22%-ni təşkil edir. Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30%-inin qadınlar olduğunu qeyd edən Komitə sədri, qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu əlavə edib. B.Muradova vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya Hamı üçun" (IFAP) proqramı çərçivəsində reallaşdırılır. Komitə sədri çıxışının sonunda müsabiqənin nəticələrinin uzunmüddətli təsirə malik olacağını, rəqəmsal sahibkarlığın daha geniş yayılmasına və qadınların bu sahədə rolunun güclənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, qalibləri təbrik edib, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov müsabiqəni qadınların texnologiya sahəsinə inteqrasiyasının, rəqəmsal bacarıqlarının artırılmasının və cəmiyyətin dayanıqlı inkişafında oynadıqları mühüm rolun bariz göstəricisi olduğunu qeyd edib. O qeyd edib ki, İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir: “Son illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb”. Nazir müavini bildirib ki, istər sosial, istərsə də iqtisadi aspektdən baxdıqda, xanımlarımızın informasiya-kommunikasiya texnologiyaları sektorunda fəal iştirakı ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir. Sosial baxımdan bu iştirakın önəminin təkcə cəmiyyətin gender bərabərliyi ilə bağlı deyil, eyni zamanda gələcəyin cəmiyyətini formalaşdıracaq texnoloji mədəniyyətin əsaslarını qoymaq baxımından həyati əhəmiyyət daşıdığını qeyd edən S.Məmmədov əlavə edib ki, texnologiyanı, innovasiyanı, rəqəmsal alətləri anlayan bir valideyn – xüsusilə bir ana – gələcəyin insanını, yəni övladını da bu istiqamətdə yetişdirə bilir. Beləliklə, bizim texnoloji gələcəyimiz ailədən başlayır və texnoloji savadlı cəmiyyətə doğru uzanır. Müsabiqənin Münsiflər heyətinin üzvü, Femmes Digitales "Texnologiyalar Sahəsində Qadınlara Dəstək" İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova təşəbbüsə ev sahibliyi etdiyinə görə Dövlət Komitəsinə, eləcə də tərəfdaş qurumlara təşəkkürünü bildirib. Son 7 il ərzində həm məktəblilərlə, həm texnologiya sahəsində çalışan qadınlarla sıx təmasda olduğunu bildirən S.Hüseynova, bu müddət ərzində onların istedadını, iradəsi və inkişaf arzusunu bu sahədə gender bərabərliyini gücləndirmək üçün dəyərli bir baza adlandırıb. S.Hüseynova qeyd edib ki, təqdim olunan 44 layihə arasında cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, aktual mövzulara toxunan təşəbbüslər yer alıb. Təqdim olunan layihələr sırasında qadınlar üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil və məşğulluq proqramları, kənd təsərrüfatında qadın fermerlərə dəstək, gənc anaların inkişafına yönəlmiş təşəbbüslər, media sahəsində fəaliyyət göstərən qadınların layihələri, rəqəmsal dərzilik və süni intellekt texnologiyaları vasitəsilə biznes proseslərinin optimallaşdırılması kimi innovativ həllər yer aldığını qeyd edən münsif, layihələrin sosial problemlərə kompleks yanaşmalar təqdim etməklə yanaşı, yeni imkanlar və dayanıqlı inkişaf üçün alternativ yollar ortaya qoyduğunu əlavə edib. Daha sonra Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun əməkdaşı Sevil Rəsulzadə müsabiqənin əsas mərhələləri, məqsədləri və iştirakçılar barədə ümumi məlumatı əks etdirən təqdimatla çıxış edib. Müsabiqədə üçüncü yeri "Carelink" layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri "AqrofemTech" layihəsi ilə Sürəyya Əliyeva, birinci yeri isə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşımova tutub. Sonda Münsiflər heyətinin üzvlərinə təşəkkürnamələr, finalçılara sertifikatlar, qaliblərə isə diplom və mükafatlar təqdim edilib.

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsinin yekun mərhələsi keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə keçirilən “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal sahibkarlıq” müsabiqəsinin yekun mərhələsi keçirilir. Hazırda müsabiqənin 11 finalçısı layihələri münsiflər qarşısında təqdim edirlər. Qeyd edək ki, müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir. Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində bu təşəbbüs yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxarmağı hədəfləyir.

Bahar Muradovanın “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” adlı müsahibəsi dərc olunub
“Milli Məclis” analitik informasiya jurnalının son nömrəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir” adlı müsahibəsi dərc olunub. Müsahibədə ölkəmizdə uşaq və qadın hüquqlarının qorunması istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verilib. Bahar Muradova vurğulayıb ki, dövlət uşaq siyasətinin əsas məqsədi uşaqların keyfiyyətli təhsil alması, onların hərtərəfli qayğı ilə əhatə olunması və layiqli vətəndaş kimi formalaşmasıdır. Komitənin prioritetləri çətin həyat şəraitində və sosial risk qrupu sayılan uşaqların aşkarlanması və cəmiyyətə reinteqrasiyasıdır. Bu istiqamətdə multidisiplinar yanaşma əsasında yerli icra hakimiyyətləri və müvafiq qurumlarla sıx əməkdaşlıq aparılır. Həmçinin, uşaqların hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir, yeni qanun layihələri hazırlanır və bu sahədə beynəlxalq standartlara uyğun tənzimləmələr tətbiq edilir. Qadın hüquqlarının müdafiəsi və onların qərarqəbuletmədə iştirakının, sosial-iqtisadi fəallığının artırılması məsələsi də müsahibənin əsas mövzularından olub. 2024-cü ildə bu sahədə bir çox yeni qanunların qəbulu, beynəlxalq öhdəlikləri müəyyən edən sənədlərin icrası, eləcə də qadın sahibkarların dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib, güzəştli kreditlər verilib və müxtəlif təlim proqramları təşkil olunub. Ötən ildə gender bərabərliyinin təmin edilməsinə mənfi təsir göstərən halların (erkən nikah, məişət zorakılığı, doğulanlar arasında cins seçimi) xeyli azaldığı, kənd təsərrüfatında qadınların rolunun artırıldığı qeyd edilib. Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin olunması ilə bağlı artıq 5-ci dəfə Milli Məclisə təqdim etdiyi hesabata əsasən 2024-cü ildə ölkəmizdə bu sahədə müsbət tendensiyaların müşahidə olunduğunu deyib. Bildirib ki, ictimai həyatın müxtəlif sahələrində, o cümlədən qərarların qəbulunda və dövlət idarəçiliyində qadınların təmsilçiliyi artmaqdadır. Erkən nikah, məişət zorakılığı və doğulanlar arasında cins seçimi kimi neqativ halların sayı xeyli azalıb. Gender bərabərliyinin təmin olunması üçün hüquqi müstəvidə əldə olunan nailiyyətlər, mövcud problemlər və qarşıda duran hədəflər əks olunub. Bu sahədə dövlətin müxtəlif səviyyələrdə həyata keçirdiyi tədbirlər qadınların sosial və iqtisadi fəallığının artırılmasına, eləcə də məişət zorakılığı və ayrı-seçkiliklə mübarizəyə yönəlib. Ümumilikdə, məlumatda göstərilir ki, gender bərabərliyinin gücləndirilməsi Azərbaycanın dövlət siyasətində prioritet mövqe tutur və bu istiqamətdə görülən işlər davam etdirilir. Müsahibədə, eyni zamanda, məişət zorakılığı ilə mübarizə sahəsində son illərdə aparılan islahatlar qeyd olunub. 2024-cü ildə qanunvericilikdə mühüm dəyişikliklər edilərək zərər çəkmiş şəxslərə hüquqi yardımın təmin olunması və qoruyucu tədbirlərin tətbiqi gücləndirilib. Monitorinq və əlaqələndirmə mexanizmləri yaradılaraq, məişət zorakılığı hallarının qarşısının alınması üçün regional səviyyədə işlərin effektivliyi artırılıb. Bahar Muradova beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ISESCO və Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın qadın və uşaq hüquqları sahəsində müsbət nəticələr verdiyini vurğulayıb. Bilirib ki, bu əməkdaşlıq ölkəmizin sosial proqramlarının təkmilləşdirilməsinə və milli strategiyaların formalaşmasına böyük töhfə verir. Müsahibədə ailə dəyərlərinin qorunması və milli kimliyin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığı, rəqəmsal transformasiyalar və qeyri-ənənəvi meyillərin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlərin davam etdirildiyi diqqətə çatdırılıb. Ümumilikdə, müsahibə Azərbaycanda qadınların və uşaqların hüquqlarının müdafiəsinin dövlət siyasətində prioritet mövqe tutduğunu, bu istiqamətdə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini və gələcəkdə də davam etdiriləcəyini ətraflı şəkildə nümayiş etdirir. Aşağıdakı linkdə müsahibənin tam mətni ilə tanış ola bilərsiniz: “Qadınların və uşaqların hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir”

Dövlət Komitəsində milli mətbuatın 150 illiyi qeyd olunub
22 iyul 2025-ci il tarixində Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova kollektivlə görüş keçirib. Tədbirdə çıxış edən Bahar Muradova, 150 il əvvəl Azərbaycanda ilk mətbu orqanın yaradılması ilə böyük bir missiyanın başlanmasının, onun bu gün haqqında qürurla bəhs etdiyimiz mediamızın bünövrəsini təşkil etdiyini deyib. Komitə sədri Azərbaycanın tarixin müxtəlif mərhələlərindən keçərək möhkəm təməllər üzərində formalaşan, öz bünövrəsi üzərində ucalan güclü bir dövlətə çevrildiyini qeyd edib. Əlavə edib ki, Azərbaycan dövləti müstəqil iradəyə, ziyalı fikrinə və vətəndaş mövqeyinə əsaslanaraq formalaşıb və bu gün də xalqın mənafeyini ən yüksək səviyyədə qorumaqdadır. B.Muradova, bu nailiyyətlərin əsasında ardıcıl, məqsədyönlü dövlət siyasət ilə yanaşı, xalqın köklərinə bağlılığı, müasirliyə və yeniliyə açıq olmasının dayandığını bildirib. O, həmçinin qlobal sarsıntılar fonunda Azərbaycanın daxili sabitliyinin qoruması, beynəlxalq nüfuz qazanması və digər ölkələrin nümunə götürmək istədiyi bir dövlətə çevrilməsinin ölkədə azad sözün, sərbəst düşüncənin qorunması ilə birbaşa bağlılığını diqqətə çatdırıb. Komitə sədri əlavə edib ki, Prezidentin media nümayəndələrinin təltif olunması ilə bağlı imzaladığı son Sərəncam da dövlətin mətbuat sahəsinə göstərdiyi yüksək diqqət və dəyərin bariz nümunəsidir. Çıxış zamanı Dövlət Komitəsinin media ilə əlaqələrinə diqqət çəkilib, bu sahədə qurulan əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşıdakı dönəmdə istər ənənəvi, istərsə də rəqəmsal mediada qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün təklif və tövsiyələr səsləndirilib. Bahar Muradova müasir dövrdə Azərbaycan mətbuatının dövlətin milli maraqları və strateji məqsədləri naminə çalışdığını deyib və jurnalistləri xalqla dövlət arasında körpü rolunu oynayan önəmli təbəqə kimi dəyərləndirib. Bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Görüş zamanı Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistikanı ictimai məsuliyyət tələb edən bir sahə adlandırıb və vacib məlumatların cəmiyyətə çatdırılmasında mühüm rolunu qeyd edib. Eləcə də digər Komitə nümayəndələri çıxış edərək, mətbuatla əlaqələrin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, qurumun Kommunikasiya strategiyası ilə bağlı görüləcək işlərdən danışıblar.

Regionlarda məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Göygöl, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Zaqatala, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14-18 iyul 2025-ci il tarixlərində kənd və qəsəbələrdə Mərkəzlər, yerli icra hakimiyyəti orqanları, Rayon Polis Şöbələri, rayon Heydər Əliyev Mərkəzi, Gənclər Evinin əməkdaşları, kitabxana işçiləri və icma sakinlərinin iştirakı ilə əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ekspertlər tərəfindən iştirakçılara məişət zorakılığının növləri, yardım mərkəzləri, mühafizə orderi barədə ətraflı məlumat verilib, ölkəmizdə məişət zorakılığının qarşısının alınması - məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli bukletlər paylanılıb.
“Erkən nikahlarla mübarizə və ailə dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda ictimai müzakirə keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Erkən nikahlarla mübarizə və ailə dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda ictimai müzakirədə iştirak edib. 22 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Nazirlik yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Nazirlik yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə erkən nikahların qarşısının alınmasında maarifləndirmənin vacibliyinə və bu prosesdə medianın potensial roluna diqqət çəkib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək, erkən nikah hallarının qarşısının alınması, sağlam ailə modelinin təşviqi və ailə institutunun gücləndirilməsi istiqamətində medianın rolundan danışıb. O, erkən nikahların ailə institutuna mənfi təsirləri və gənclərlə birbaşa işləyən təşkilatların üzərinə düşən vəzifələr barədə ətraflı fikirlər səsləndirib. S.Qəhrəmanova Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib və bu sahədə qanunvericilikdə edilən son dəyişikliklər barədə iştirakçıları məlumatlandırıb. Ailə dəyərlərinin qorunması və gənclərin düzgün istiqamətləndirilməsi məqsədilə bu kimi müzakirələrin xüsusi əhəmiyyət daşıdığını bildirən sədr müavini, yeni təşəbbüslərin və birgə səylərin önəmini qeyd edib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova və sədr müavini Venera Əsgərova da çıxış edərək, ailə dəyərlərinin müasir çağırışlar fonunda qorunması, ictimai şüurun formalaşmasında medianın məsuliyyətli mövqeyi, o cümlədən gənclər təşkilatlarının preventiv təşəbbüslərinin stimullaşdırılması ilə bağlı fikirlər səsləndiriblər. İctimai Şura üzvləri və gənclər təşkilatlarının rəhbər və nümayəndələri erkən nikahların qarşısının alınması və ailə dəyərlərinin qorunması sahəsində öz fikir və təşəbbüslərini səsləndirərək, erkən nikah probleminə qarşı həyata keçirilə biləcək sosial layihələr, maarifləndirici kampaniyalar və medianın bu proseslərdə dəstək mexanizmləri barədə təkliflərlə çıxış edib. İctimai müzakirə fikir mübadilələləri ilə yekunlaşıb.

“Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Bərdə rayonuna növbəti səfər təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 16-18 iyul 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Bərdə rayonuna növbəti səfər təşkil olunub. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Otuzikilər, Muğanlı, Kələntərli, Alpout və Gülgəzli kəndlərində, 125 uşağın iştirakı ilə “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib. Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli, mütəxəssis Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlat verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb, həmçinin Uşaq səfirlər Məclisinin fəaliyyəti barədə uşaqlar məlumatlandırılıb. Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi